Mühəndishaneyi-Bərrayi Hümayunun ustadları tərəfindən çəkilən rəsmlərlə süslənən qübbələr zahirən bir-birinə bənzəsələr də, mahiyyəti etibarı ilə fərqli xüsusiyyətlərə malikdir
İslam bir din olaraq Ərəb səhralarında meydana gəldi. Məkkənin, Mədinənin, Hirayi-Nurun, Kəbənin, Ərafatın, Səfa-Mərva gözəlliyinin əzəməti, “Qurani-Kərim”in hikməti naminə isə daha çox qılınc çalan türklər oldu. İslamın himayədarı qismində çıxış edən, müqəddəs torpaqları himayəsinə alan Osmanlı Sultanları onun hüzuru üçün təkcə fərmanlar imzalamadı, üstünə gələnlərin, Səlib yürüşünə çıxanların önündə sipərə çevrildi. Peyğəmbər əleyhissəlamın məqamını xüsusi qayğı ilə əhatə etdi.

Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, Məscidi-Nəbəvinin qiblə tərəfi sonuncu dəfə Sultan Əbdülməcidin iqtidarı zamanı – 1851-ci il ilə 1861-ci illər arasında yenilənib. Bu hissədə mövcud olan 168 qübbə həmin tarixdən nişanədir. İstanbulun Mühəndishaneyi-Bərrayi Hümayunun ustadları tərəfindən çəkilən rəsmlərlə süslənən qübbələr zahirən bir-birinə bənzəsələr də, mahiyyəti etibarı ilə fərqli xüsusiyyətlərə malikdir. Məscidinin qübbələrinin əksəriyyəti çiçək rəsmləri ilə süsləndiyi halda, sadəcə bir qübbədə çiçək rəsmlərinin yanında meyvə rəsmləri də yer alır. Alma, armud, üzüm, ananas, kivi, alça, nar, ərik, portağal meyvələri mükəmməl bir tabaq şəklində qübbəyə həkk edilmişdir. Dörd metrəyə qədər olan bu qübbənin tavanına “Celi-sülüs” qrafikası ilə “Yasin” surəsinin ilk on ayəsi təsvir olunmuşdur. “Yasin” surəsi “Qurani-Kərim”in döyünən qəlbi hesab olunduğu üçün Məscidi-Nəbəvinin tam ortasında – mərkəzində yer alan bu qübbə onunla məxsusi olaraq süslənmişdir.

Peyğəmbər əleyhissəlamın səfa, könüllərin hava, dərdlərin dava yeri olan Məscidi-Nəbəvidə türkün, Turanın, “Qurani-Kərim” sevgisini andıran, yada salan gözəlliklər çoxdur. Ən gözəli isə şübhəsiz ki, 168 qübbənin şahı sayılan “Celi-sülüs” xətti ilə “Yasin” surəsinin təsvir olunduğu, gül qoxulu, cənnət ətirli meyvələrin – nemətlərin boy verdiyi qübbədir. Məscidi-Nəbəvinin ziyarətində bulunan dünya müsəlmanları onu həm də Sultan I Əbdülməciddən nişanə kimi qəbul edir, ruhunu ehtiramla anırlar.
Şərəf Cəlilli