Kolumbiya sahillərində edilən yeni kəşf arxeologiya dünyasını heyrətə gətirib.
Baki-baku.az-ın məlumatına görə, Karib dənizinin dibindən çıxarılan qızıl sikkələr əfsanəvi ispan qaleonu “San-Xose”yə, yəni 1708-ci ildə batmış və “dəniz tapıntılarının müqəddəs kasası” adlandırılan gəminin xəzinəsinə aid olduğu rəsmi şəkildə təsdiqlənib.
İngilis gəmiləri ilə baş vermiş şiddətli döyüşdə batmış bu gəminin göyərtəsində təxminən 200 ton qızıl, gümüş və qiymətli daşlar olub. Müasir qiymətləndirməyə görə, bu xəzinənin dəyəri 17 milyard ABŞ dollarına qədər yüksəlir.
Kolumbiyalı alimlər və hərbi-dəniz tədqiqatçıları dənizin 600 metr dərinliyində yerləşən onlarca qızıl sikkəni yüksək keyfiyyətli görüntülərlə sənədləşdirmək üçün məsafədən idarə olunan aparatlara müraciət ediblər. Aparılmış təhlillər göstərib ki, sikkələrin diametri 32,5 mm, çəkisi isə təxminən 27 qramdır. Onların üzərindəki Qüds xaçı, şirlər və qalalarla bəzədilmiş dizayn, həmçinin Herakl sütunlarının dəniz dalğaları üzərində təsviri açıq şəkildə 1707-ci ildə Limada fəaliyyət göstərən zərbxanaya işarə edir.
Zərgərlik nişanələri və kolonial arxivlərlə üst-üstə düşən məlumatlar şübhəyə yer qoymur. Tapılmış artefaktlar, üç əsr boyunca sükutla dəniz dibində qalmış əfsanəvi “San-Xose” gəmisinin orijinal xəzinəsidir. Nəhayət, bu gəmi dünyaya öz hekayəsini danışmaq fürsəti əldə edib.
Əbülfəz Babazadə