Elektrikli avtomobillərinin satışı 2024-cü ildə 17 milyona çatacağı və bu satışların 62%-nin Çində baş verəcəyi gözlənilir. Bu, dünya üzrə ümumi avtomobil satışının təxminən 19%-ni təşkil edəcək. 2024-cü ilin ilk yarısında dünya üzrə 7 milyon elektrikli avtomobil satılıb və bu satışların 80%-i Çində qeydə alınıb. Çində ilin ilk yarısında 4 milyon elektrikli avtomobil satılıb. 2024-cü ildə 17 milyon elektrikli avtomobil satışının 10 milyonunun Çində reallaşacağı proqnozlaşdırılır.
Baki-baku.az xəbər verir ki, elektrikli avtomobil satışlarının sürətlə artması ilə 2030-cu ildə satılan avtomobillərin yarısının elektrikli olacağı təxmin edilir. Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozlarına görə, 2030-cu ilə qədər elektrikli avtomobil satışları ümumi avtomobil satışlarının üçdə ikisini təşkil edəcək.
Bu gün Azərbaycanda da elektromobillərə olan maraq yüksəlir. Dövlət Gömrük Komitəsinin hesabatında göstərilir ki, cari ilin dörd ayı ərzində ölkəyə 1012 ədəd elektromobil gətirilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 568 ədəd olub. Göründüyü kimi bir il ərzində elektromobillərin sayında 444 ədəd və ya 45,26 faiz artım baş verib.
Elektromobillərin sayının artması onların hərəkətini təmin edəcək şarj stansiyalarının sayının artırılmasını da tələb edir.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Prezident İlham Əliyev ölkədə elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin təklifləri əsasında hökumətə bir ay ərzində elektrik şarj stansiyalarının yerləşdirilməsi və quraşdırılması yerlərini müəyyən etmək tapşırılıb.
Bakıda daha 12 nöqtədə isə – Nərimanov rayonunda Atatürk parkı, metronun “Gənclik” stansiyası, Aşıq Molla Cümə küçəsində, 215 saylı yarımstansiyanın yaxınlığında, Səbail rayonunda Nizami küçəsində və Ağ Şəhər bulvarı dairəsində, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən 110/35 kV-luq “Sea Breeze” yarımstansiyasında və “Sea Breeze” yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə “Ağ şəhər-1” və “Ağ şəhər-2” yarımstansiyalarının ərazisində, Xəzər rayonunda Qala-Mərdəkan yolunun üzərində, “Dağlıq” yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev prospektində enerjidoldurma məntəqələri quraşdırılıb və son tamamlanma işləri həyata keçirilir.