Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/12/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Dünya vətəndaşı – bakılı Mstislav Rostropoviç

«Mən – bakılıyam. Burada anadan olmuşam. Dostlarım bu şəhərdə yaşayır. Bakı – mənim vətənim, evimdir. Harada olmağımdan asılı olmayaraq, mən həmişə Bakıya qayıdacağam»…

Bəzən şəhərlər insanları seçir – və o zaman dahi bir şəxsiyyətin bioqrafiyası həmin şəhərin yaddaşının bir hissəsinə çevrilir. Mstislav Rostropoviçin hekayəsi də məhz bu silsilədəndir: Bakı sadəcə onun doğulduğu şəhər deyil, musiqinin onun üçün ilk ünvanını və mənasını qazandığı məkandır. Maestro dəfələrlə Azərbaycanın paytaxtına konsertlər və ustad dərsləri ilə qayıdıb, şəhər isə onun bu sevgisinə cavab olaraq Rostropoviçlər ailəsinin adını daşıyan muzey, festival və məktəblə minnətdarlığını bildirib.

Gələcək dirijorun atası, violonçel ifaçısı və pedaqoq Leopold Rostropoviç, Üzeyir Hacıbəylinin dəvətini qəbul edib 1925-ci ildə əgər Orenburqdan Bakıya gəlməsəydi hadisələr tamam başqa cür baş verə bilərdi,. Hacıbəyli onu hələ 1914–1916-cı illərdəki müharibədən əvvəlki qastrollardan xatırlayırdı, ifaçı və müəllim kimi yüksək qiymətləndirirdi. Azərbaycan Dövlət Konservatoriyasında Leopold Vitoldoviç ölkədə ilk violonçel sinfini açdı, onun həyat yoldaşı Sofiya Fedotova-Rostropoviç isə fortepiano sinfində dərs deyirdi. Bakıda onun rəhbərliyi ilə ilk simli kvartet də yarandı; tələbələri arasında Azərbaycan simfonik musiqisinin və romans janrının əsasını qoyan Asəf Zeynallı da var idi.

1927-ci il martın 27-də məhz belə bir musiqili mühitdə Mstislav dünyaya gəldi. Onun körpəlik illəri və musiqiyə dair ilk dərsləri elə bir evdə keçdi ki, orada ailə “musiqi dili”ndə danışırdı. O, ilk musiqi biliklərini, təbii ki, valideynlərindən aldı. Balaca Slava özünün ilk musiqi əsəri olan və fortepiano üçün yazılmış “Polka”nı 4 yaşında ərsəyə gətirdi. 1931-ci ildə isə Rostropoviçlər ailəsi Moskvaya köçdü.

Hətta sovet dövrlərində belə kimsə hesablama aparıb belə nəticəyə gəlmişdi ki, bütün keçmiş sovet respublikaları arasında məhz Azərbaycan hər adambaşına düşən ən çox royal sayına malik ölkə idi. Azərbaycanlıların bu xüsusi musiqi istedadı, yəqin ki, zərif, yüksək təhsilli violonçelist və bəstəkar, Mstislavın atası Leopold Rostropoviçin Rusiyanın digər şəhərlərinə nisbətən Bakını seçməsinin və burada ömrünün ən yaxşı illərini keçirməsinin səbəblərindən biri oldu. Leopold və Mstislav Rostropoviçlər Bakını səmimi qəlbdən sevirdilər. Görkəmli musiqiçilərin adını daşıyan küçədə, onların ailəsinin yaşadığı evdə Leopold və Mstislav Rostropoviçlərin zəngin və unikal eksponatlarla dolu Ev-Muzeyi fəaliyyət göstərir. Bakıda hər il Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilir, Vişnevskaya-Rostropoviç xeyriyyə fondu fəaliyyət göstərir, həmçinin ata və oğlunun adını daşıyan 21 saylı musiqi məktəbi mövcuddur.

Əslində, Leopold və Mstislav Rostropoviçlər heç vaxt Azərbaycan paytaxtından ayrılmayıblar, çünki onların həyatı və yaradıcılığı şəhərimizin şanlı, unikal tarixinin bir hissəsi olub və qalmaqda davam edir. Mstislav Rostropoviçin vətənə qayıdışı isə yalnız 30 il sonra – 1969-cu ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev ölkəyə rəhbərlik etdikdən sonra gerçəkləşdi.

1971–1973-cü illərdə Mstislav Rostropoviç Bakıda, Niyazinin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış edirdi. Məlumdur ki, 1974-cü ildə Mstislav Rostropoviç təzyiqlər səbəbindən həyat yoldaşı, opera müğənnisi Qalina Vişnevskaya və iki qızı ilə birlikdə SSRİ-dən ABŞ-a mühacirət etməyə məcbur oldu. 1978-ci ildə Rostropoviç və Vişnevskayanı sovet vətəndaşlığından məhrum etdilər. Mstislav Rostropoviçin mühacirətdən sonra Bakıya ilk səfəri 1997-ci ildə, onun son gəlişindən 24 il sonra baş tutdu. Musiqiçi vətənində 70 illik yubileyini qeyd etdi. Müslüm Maqomayev “Mənim məhəbbətim melodiya” kitabında Rostropoviçin Bakıya qayıdışını belə xatırlayır: “Heydər Əliyev əsl ümumxalq bayramı təşkil etmişdi. Mstislav Leopoldoviç Qalina Pavlovna ilə harada görünsəydi, orada süfrələr açılardı.”

Maestro tez-tez Bakıya gələrdi ki, atasının – tanınmış musiqiçinin adını daşıyan küçədə gəzsin, indi Rostropoviçlərin Ev-Muzeyi olan doğulduğu evə baş çəksin, Azərbaycan Dövlət Konservatoriyasının tələbələrinə ustad dərsi versin və sadəcə köhnə dostları ilə, o cümlədən Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşsün.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Mstislav Rostropoviçi yüksək dövlət mükafatı olan “Şöhrət” ordeni ilə təltif etmişdi. Azərbaycan musiqisinin inkişafında xidmətlərinə və 75 illik yubileyi münasibətilə Prezident Heydər Əliyev 2002-ci ildə Mstislav Rostropoviçi Azərbaycanın ən yüksək dövlət mükafatı – “İstiqlal” ordeni ilə təltif etdi. Maestro bu ordeni müxtəlif ölkələrdə ona verilmiş 42 orden arasında ən əziz mükafatlardan biri adlandırırdı.

2004-cü ilin yanvarında Mstislav Rostropoviç həyat yoldaşı Qalina Vişnevskaya ilə birlikdə Bakıya xüsusi səfər etdi və 2003-cü il dekabrın 12-də dünyasını dəyişmiş, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert verdi.

Mstislav Rostropoviçlə Heydər Əliyev arasındakı dostluq, Azərbaycan Prezidenti İlham Əliyevlə də çox səmimi və mehriban münasibətlər üzərində davam etmişdir. Tanınmış musiqiçi və dirijor Mstislav Rostropoviç 2007-ci ildə beynəlxalq mədəni əlaqələrin və Azərbaycan musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə, həmçinin anadan olmasının 80 illiyi münasibətilə “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan xalqının Mstislav Rostropoviçə olan məhəbbətini həyat yoldaşı, məşhur opera müğənnisi, SSRİ Xalq artisti Qalina Vişnevskaya maestronun vəfatından sonra belə xatırlayırdı: «Rostropoviç Bakıda anadan olub, ona orada çox gözəl münasibət göstərirlər. O, sağlığında Azərbaycanda böyük sevgi və isti münasibət görürdü».

Olqa Rostropoviç də bu barədə belə demişdi:
«Mən atamla ömrünün son aylarını xəstəxanada keçirdim və o, tez-tez Bakıdan danışırdı, bura gəlmək, bir sıra konsertlər vermək istəyirdi. Ağır xəstəliyinə baxmayaraq, vəfatına az qalmış, hələ gerçəkləşməmiş arzuları haqqında düşünürdü. Arzulayırdı ki, özünün doğulduğu və uşaqlıq illərini keçirdiyi Bakıda dünya səviyyəli musiqi festivalı təşkil etsin. Atam bu şəhəri çox sevirdi. Bakı da atamı çox sevir. Bakı sakinləri ona milli qəhrəman kimi yanaşırdılar. Ona görə də Rostropoviç festivalı – atamın vəsiyyəti idi və mən onu məmnuniyyətlə həyata keçirirəm. Festivala ölkə hökuməti, xüsusən də Prezidentin xanımı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva böyük dəstək göstərdi».

Maestro Mstislav Rostropoviçin qızı Olqa Rostropoviç isə atasının 2007-ci il aprelin 27-də vəfatından sonra Rusiyanın gənc istedadlı musiqiçilərinə yardım Fonduna rəhbərlik etməyə başladı.

Mstislav Rostropoviç özünü «Dünyanın vətəndaşı» adlandırır, eyni zamanda Vətəni ilə qürur duyurdu.
«Mən – bakılıyam. Mən burda doğulmuşam. Burada mənim dostlarım yaşayır. Bakı – mənim Vətənim, mənim evimdir. Harada olmağımdan asılı olmayaraq, mən həmişə Bakıya qayıdacağam», – deyirdi maestro.

Dahi musiqiçinin, dünya şöhrətli bakılının – Mstislav Rostropoviçin xatirəsinin əbədiləşdirilməsində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyevanın diqqət və qayğısı böyük rol oynayıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2017-ci ilin dekabr ayında Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məktəbin rəsmi açılışını bildirən lenti kəsib və orada yaradılmış şəraitlə tanış olub.

Rostropoviçin hekayəsi həm də digər mənada Bakının hekayəsidir, çünki məhz bu şəhər onun istedadının üzə çıxarılması və parlaması üçün münbit şərait yaradıb. Dörd yaşı olanda “Polka” bəstələyən bir uşaq bu şəhərdə dünyaya gəldi, pedaqoq olan atası burada violonçel məktəbinin əsasını qoydu, bu şəhərdə muzey, festival və məktəb onun ənənəsini qoruyur və inkişaf etdirir. Bu səbəbdəndir ki, maestro “Mən ürəyimi burada qoyuram” deyəndə, bu sadəcə sentimental bir ifadə deyildi – məhz onun ürəyindəki ünvanın dilə gətirilməsi idi.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, в этот раз он решил поразить публику не шкатулкой-автоматом и не музыкальным механизмом, а чем-то

Ən son

HƏR ŞEYDƏN

Roma imperiyasının tarixində hələ də təsəvvürləri heyrətləndirən epizodlar var

HƏR ŞEYDƏN

Roma imperiyasının tarixində hələ də təsəvvürləri heyrətləndirən epizodlar var
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin