Səhər telefonunuzu şarj edirsiniz, fişi elektrik yuvasına salırsınız, kartla çay pulu ödəyirsiniz, vaxtı soruşan dostunuza “saat 10:24” deyirsiniz. Bu sadə hərəkətlərin heç birində dünyanın o biri başındakı insanla razılaşmaq lazım gəlmir. Çünki razılaşma sizdən əvvəl edilib. Onu edənlər isə ölçü vahidindən kredit kartının qalınlığına qədər hər şeyi sözün əsl mənasında “standartlaşdıran” minlərlə mütəxəssisdir. 14 oktyabr məhz onların günüdür.
Baki-baku.az bu yazıda görmədiyimiz qaydalar və onları vahid formaya gətirən mütəcəssislərdən söz açır.

Standart nədir və niyə “görünməzdir”?
Standart – bir məhsulun, xidmətin, prosesin və ya ölçmənin necə olması barədə mütəxəssislərin konsensusla qəbul etdiyi, könüllü tətbiq olunan texniki razılaşmadır. Burada iki söz vacibdir: konsensus və könüllü. Standartı bir ölkə hökuməti dekretlə yazmır. Onu texniki komitələrdə istehsalçılar, alimlər, istehlakçı təşkilatları, tənzimləyicilər və sınaq laboratoriyaları birlikdə hazırlayır. Sonra isə bazar, qanunlar və müqavilələr onu faktiki olaraq «ə”məcburi” edir.Standartların uğuru onların görünməməyindədir. Elektrik yuvasına fiş girəndə, dəftər qabına A4 vərəq sığanda, bank kartı hər bankomatda işləyəndə heç kim standartı xatırlamır. Onu yalnız uyğun gəlməyən adapter, sığmayan qapaq, oxunmayan fayl kimi yoxluqlarda hiss edirik.

Niyə məhz 14 oktyabr?
Tarix 1946-cı ilə gedib çıxır. İkinci Dünya Müharibəsi təzəcə bitmişdi, Avropa xarabalıqdan çıxırdı, ölkələrin sənaye sistemləri bir-biri ilə “danışmırdı”. 1946-cı il oktyabrın 14-də 25 ölkənin nümayəndələri London şəhərində toplandı və standartlaşdırmaya yönəlmiş beynəlxalq təşkilat yaratmaq qərarına gəldi. Rəsmi olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) bir il sonra – 1947-ci ildə yarandı.
Maraqlısı odur ki, Dünya Standartlar Günü həmin tarixdən dərhal sonra yox, yalnız 1970-ci ildə ilk dəfə qeyd olundu. Yəni bu bayram özü də iyirmi dörd illik gecikmə ilə doğulub. Eyni il Yer Günü də ilk dəfə keçirilmişdi. Təsadüf kimi görünsə də, hər iki gün insanlığın ortaq problemlərinin ortaq qaydalarla həll olunduğu ideyasına xidmət edir.
Bir təsadüf də var. 14 oktyabr keyfiyyət idarəçiliyinin ən məşhur adlarından biri olan V. Edvards Deminqin doğum günüdür (1900). Standart və keyfiyyət dünyasının bayramının onun adı ilə üst-üstə düşməsi, elə bil, simvolikdir.

Gündəlik həyatda standartlar: bir gün ərzində neçə dəfə rastlaşırsınız?
Kağız. A4 vərəqinin ölçüsü təsadüfi deyil. A seriyasında hər vərəq bir əvvəlkinin ortadan bölünmüş formasıdır və tərəflərin nisbəti həmişə √2-dir. A0 vərəqinin sahəsi bir kvadrat metrdir; A4 onun on altıda biridir. Buna görə printerdə kiçildib-böyütmək bu qədər rahatdır.
Valyuta kodları. AZN, USD, EUR – bunlar ISO 4217 standartının məhsuludur. Dünya bankları bu üç hərfli kodlarla işləyir.
Bank kartı. Ölçüsü və maqnit zolağı yerləşməsi standartlaşdığı üçün eyni kart istənilən ölkədə istənilən bankomata sığır.
Rabitə. GSM-dən 5G-yə qədər mobil şəbəkələrin hər nəsli beynəlxalq razılaşmalarla işləyir, buna görə Bakıdan gedən zəng Tokioda cavablandırıla bilir.
Qida və dərman. Qida təhlükəsizliyi (ISO 22000), tibbi cihazların keyfiyyəti (ISO 13485), laboratoriyaların səlahiyyəti (ISO/IEC 17025) – hamısı arxa planda bizi qoruyur.
Keyfiyyət idarəçiliyi. ISO 9001 ən geniş yayılmış idarəetmə sistemi standartlarından biridir və dünyada çox sayda təşkilat onun əsasında sertifikatlaşdırılır.

Konteynerin hekayəsi: standart necə ticarəti dəyişdi
Standartların gücünü göstərən ən yaxşı nümunələrdən biri yük konteynerləridir. XX əsrin ortalarına qədər yüklər gəmilərə qutu-qutu, kisə-kisə əllə yüklənirdi. Bu həm yavaş, həm bahalı idi, həm də oğurluğa açıq idi. 1950-ci illərdə amerikalı sahibkar Malkolm Maklin yükü standart qutuda daşımaq ideyasını həyata keçirdi. Lakin əsl inqilab konteynerlərin ölçülərinin, künc fitinqlərinin və bərkidilməsinin beynəlxalq səviyyədə razılaşdırılmasından sonra baş verdi. Bir ölkənin limanında yüklənən konteyner qatara, yük maşınına, gəmiyə eyni formada oturdu. Nəticədə yükləmə və boşaltma xərcləri kəskin azaldı, qlobal ticarət ucuzlaşdı və sürətləndi. Bu gün Bakı Dəniz Ticarət Limanından Orta Dəhlizə qədər bütün tranzit logistikasının əsasında məhz bu “sadə” razılaşma dayanır.

2026-cı ilin mövzusu: standartlar və təmiz enerji
Bu il Dünya Standartlar Günü BMT-nin Davamlı İnkişaf Məqsədləri (DİM/SDG) üzrə çoxillik silsilənin davamıdır. 2026-cı ilin mövzusu 7-ci məqsəd, yəni əlçatan və təmiz enerji üzərində qurulub. Təmiz və etibarlı enerji yalnız elektrik demək deyil. Günəş panelindən şəbəkəyə, külək turbinindən ev sayğacına qədər bütün zəncirin təhlükəsiz, səmərəli və rəqəmsal texnologiyalarla uyğun işləməsi lazımdır.

Azərbaycanda standartlaşdırma
Azərbaycanın milli standartlaşdırma orqanı Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2017-ci il aprelin 17-də Prezident İlham Əliyevin Fərmanı ilə standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsinə dair əlavə tədbirlər çərçivəsində yaradılıb. Onun əsas funksiyalarına bunlar dövlət standartlarının, texniki şərtlərin, sahə standartlarının və milli təsnifatların nəşri, milli və beynəlxalq standartların müəllif hüquqlarına riayət etməklə yayılması, normativ sənədlərin Dövlət Fondunun idarə olunması, illik standartlaşdırma planlarının hazırlanması və icrasına nəzarət, texniki komitələrin təşkili və fəaliyyətinin əlaqələndirilməsi, Ümumdünya Ticarət Təşkilatının Ticarətdə Texniki Maneələr üzrə sorğu məntəqəsinin idarə olunması, xarici ölkələrin və beynəlxalq təşkilatların standartlaşdırma qurumları ilə əməkdaşlıq daxildir.
Beynəlxalq arenada AZSTAND ISO-nun üzvüdür və onun texniki komitələrindən 40-da iştirakçı, 64-də müşahidəçi üzv kimi təmsil olunur. Son illərin bəzi diqqətəlayiq xəbərlərinə nəzər salsaq 2026-cı il fevralın 20-də AZSTAND Beynəlxalq Elektrotexnika Komissiyası
(IEC) standartlarını Azərbaycan ərazisində nəşr etmək üçün rəsmi hüquq əldə edib. Təşkilatın nümayəndələri ISO-nun süni intellekt üzrə TC 42 komitəsinin iclasında, 2026-cı ilin aprelində isə ISO/CASCO-nun 40-cı plenar iclasında iştirak edib. Külək enerjisi texnologiyaları, iqlim dəyişikliyinə uyğunlaşma və Şanxay Əməkdaşlıq Təşkilatı üzv dövlətləri üçün təmiz enerjinin standartlaşdırılması üzrə beynəlxalq seminarlarda təmsil olunub.
İdarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı Özbəkistanın akkreditasiya mərkəzindən akkreditasiya alıb.
2023-cü ildə AZSTAND Almaniyanın Fiziki-Texniki Federal İnstitutu ilə birgə Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş tədbir keçirib. Orada milli sistemin beynəlxalq tələblərə uyğunlaşdırılması və istehlakçı məmnuniyyətində standartların rolu müzakirə olunub.
Bu siyahıda təmiz enerji mövzusunun təkrar-təkrar çıxması təsadüfi deyil. Azərbaycan üçün enerji həm iqtisadi əsas, həm də yaşıl keçid baxımından strateji sahədir və bu sahədə ortaq dil yaratmaq standartlaşdırmanın birbaşa vəzifəsidir.

Dünya Standartlar Günü bizə sadə bir həqiqəti xatırladır. müasir dünya böyük kəşflərdən çox, kiçik razılaşmalar üzərində dayanır. Standartlar sürtünməni azaldır, etibarı artırır, təhlükəni kiçildir və fərqli ölkələrin, şirkətlərin, insanların eyni dildə danışmasına imkan verir. 2026-cı ildə bu dil təmiz və əlçatan enerji haqqında danışır. Növbəti dəfə telefonunuzu şarja qoşanda xatırlayın ki, bu sadə hərəkətin arxasında yüzlərlə ölkənin, minlərlə mütəxəssisin illərlə apardığı sakit, lakin dünyanı dəyişən iş dayanır.

Elvin Camalov