Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/06/2026

Paylaşın

ƏDƏBİYYAT

  “Dünya heç kimin” fəlsəfəsi –  Məmməd Araz poeziyası

Dünya haqqında ən böyük yanlışlıq onu “özümüzünkü” hesab etməyimizdir. Məmməd Araz bu məşhur şeirində məhz bu yanlışlığın üzərinə gedir – sakit, amma sarsıdıcı bir qətiyyətlə. Onun misralarında nə pafos var, nə də təsəlli; burada insanın özünə qurduğu illüziyanın tədricən dağıdılması var.

Şeir taleyin obrazı ilə açılır. “Bir taleyin oyununda cütlənmiş zərik” deyərkən şair insanları eyni oyunun içində olan varlıqlar kimi təqdim edir. Amma bu birlik zahiridir: “Yüz il qoşa atılsaq da qoşa düşmərik.” Eyni zaman, eyni məkan, eyni taleyi paylaşan insanlar belə, eyni nəticəyə çata bilmir. Burada həyatın ədalətsizliyi yox, onun anlaşılmaz mexanizmi önə çıxır. İnsan bu oyunda həm iştirakçıdır, həm də nəticədən xəbərsiz bir fiqur.

Sonra baxış genişlənir. “Bir zərrənin işığına milyonlar şərik” misrası insanın özünü böyük saydığı dünyanı birdən-birə kiçildir. Zərrə – ən kiçik varlıq birdən milyonların diqqət mərkəzinə çevrilir. Bu, həm kosmik miqyasın hissidir, həm də insanın öz əhəmiyyətini şişirtməsinin incə tənqididir. Və elə bu nöqtədə hökm gəlir: “Dünya sənin, dünya mənim, dünya heç kimin.” Bu təkrar sıradan, adi bir poetik vasitə deyil; bu, şeirin nəfəsidir, onun ritmik yaddaşıdır.

İkinci bənddə həyat hərəkətə gəlir. “Sevda fırfıran” obrazı dünyanı sabit yox, fırlanan, dəyişən bir sistem kimi təqdim edir. İnsan bu hərəkətin içində ya sürüklənir, ya da ona uyğunlaşmağa çalışır. “Bir ümidin ətəyindən tutub da fırlan” – bu, həm ümidsizlikdən çıxış yolu, həm də çıxılmazlığın etirafıdır. Çünki burada ümid də sabit deyil, o da hərəkətin bir hissəsidir. Yıxılan və duran səslər isə həyatın əbədi ritmini pıçıldayır.

Üçüncü bənddə dünya artıq bir bazardır. “Bu get-gəllər bazarına dəvədi dünya” misrasında iki fərqli məna üst-üstə düşür: bazar – keçiciliyin, alverin, dəyişkənliyin məkanıdır; dəvə isə yük daşıyan, bu hərəkəti davam etdirən varlıqdır. Dünya həm bu bazarın özüdür, həm də onun yükünü çəkən qüvvə. İnsan isə bu bazarda gah alıcı, gah satıcı, gah da sadəcə tamaşaçıdır. Amma heç vaxt sahib deyil.

“Əbədiyə qəh-qəh çəkər əbədi dünya” misrası xüsusi bir ironiya ilə səslənir. Dünya əbədidir, amma bu əbədilik insan üçün deyil. Sanki dünya insanın bütün iddialarına gülür. Bu gülüş təkəbbürə qarşı yönəlmiş səssiz bir etirazdır.

Dördüncü bənddə şair zamanın dərin qatlarına enir. Araz çayı və Həkəri çayı burada minilliklərin şahidi, canlı tarixdir. İnsan həyatı ötəridir, amma bu axar dəyişmir. Gündüzlər və gecələr eyni ritmlə təkrarlanır. Səhər günəş doğur, axşam qürub edir və bu hər gün eyni alqoritmlər təkrarlanır. Bu təkrar insanın faniliyini daha da kəskin göstərir: dəyişən bizik, dəyişməz sandığımız dünya deyil.

Şeirin son bəndi isə bütün bu düşüncələrin zirvəsidir. “Mən özümlə oynadığım şahmata güldüm” deyən şair artıq həqiqəti dərk etmiş insandır. O anlayır ki, həyat bir oyundur və bu oyunda insan həm oyunçu, həm də fiqurdur. Bu, faciə deyil – bu, dərk anıdır. Və bu dərk gülüşlə tamamlanır. Çünki insan yalnız həqiqəti gördükdə öz illüziyalarına gülə bilir.

Beləcə, şeir insanı sakitcə bir həqiqətlə üz-üzə qoyur: dünya nə sənin, nə mənimdir. O, sadəcə var və biz onun içindən keçirik. Ötəri varlıq, kirayənişin, qonaq kimi… Qısa bir müddət üçün ona toxunur, onu “özümüzünkü” sayır, sonra isə gedirik. Dünya isə qalır – eyni sakitliklə, eyni laqeydliklə.

Və bəlkə də bu şeirin ən böyük gücü ondadır ki, o, bu həqiqəti nə qışqırır, nə də gizlədir. Sadəcə deyir. Təkrar-təkrar, yorulmadan:

“Dünya sənin,


Dünya mənim,


Dünya heç kimin…”

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib.

Ən son

GÜNDƏM

Paytaxtda ictimai nəqliyyatla sərnişindaşımada növbəti rekord qeydə alınıb.

GÜNDƏM

Paytaxtda ictimai nəqliyyatla sərnişindaşımada növbəti rekord qeydə alınıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin