Bakı “qalalar şəhəridir” desək, yəqin ki, yanmılmarıq. Elə Bakının simvolu olan Qız qalasından tutmuş hər kəndində əzəmətli, interyerinə görə gözəl və estetik, tarixi qədim zamanlara dayanan onlarla qala var. Onlardan biri elə əzəmətinə və şax duruşuna görə fərqlənən Dördkünc Mərdəkan qalasıdır.
Baki-baku.az Dördkünc Mərdəkan qalası haqqında məlumatı təqdim edir:
Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsri — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsidir.
Qala dördkünc formada XII əsrdə III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən inşa edilib.
Qəsrin daxili həyəti 24×20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. L.Mamikonovun fikrincə, qüllənin bu qədər hündürlüyə malik olması onun zirvəsindəki meydançadan yalnız qəsr həyətinin deyil, eyni zamanda qəsrin xarici divarlarından kənarda yerləşən ərazinin də atəşə tutulmasına imkan verir. Onun xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilib. Qüllələr arasındakı məsafə 10-11 metri keçmir ki, bu da o XIV əsrə kimi müdafiə tikililərinin inşasında ümumi qəbul edilmiş məsafədən fərqlənir. Ehtimal ki, qəsrin xarici divarlarına yaxın ərazilərin çarpaz ox atəşi ilə müdafiəsini təmin etmək niyyəti güdən memar qüllələr arasındakı məsafənin azaldılmasına qərar verib.
Mərdəkan qəsrinin xarici divarlarında qəsr donjonunda olan kronşteynləri xatırladan kronşteyn maşikulları vardır. Qəsr divarlarından birinin ortasında yerləşən giriş qapısı iki tərəfdən yaxşı möhkəmləndirilmiş yarımdairəvi qüllələrlə müdafiə olunur.
Böyük mərdəkan qəsrinin daxili həyəti elə planlaşdırılıb ki, qəsrin birinci müdafiə xəttini yarıb həyətə daxil olan düşmən, donjon və qəsr divarı arasında 5 metr enə malik dar dəhlizə daxil olur və bu zaman qüllə üzərindəki meydanda yerləşən müdafiəçilər üçün rahat hədəfə çevrilir.
Ümumilikdə Dördkünc Mərdəkan qəsrinin donjonu Dairəvi Mərdəkan qəsrinin donjonu ilə müqayisədə daha inkişaf etmiş memarlıq xüsusiyyətlərinə malikdir. Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Böyük Mərdəkan qəsrinin kvadrat formalı donjonu beş yarusa bölünür.

Donjonun yaruslarından yalnız birinci və ən sonuncu oxvari tağtavan formasında həll edilmiş daş örtüyə malikdir. Digər yarusların tavanları isə taxta şalbanlar əsasında hazırlanmış düz tavana malikdir.
Donjona dörd tərəfdən yarımdairəvi qüllələrin əlavə edilməsi, bir tərəfdən onun memarlıq xüsusiyyətlərinə təsir edərək daha möhkəm xarakter vermiş və beləcə tikilinin hündürlüyünün artırılmasına imkan vermiş, digər tərəfdən isə qüllə divarlarının müdafiəsinin daha səmərəli təşkilinə şərait yaradıb.
Qedy edək ki, qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilib.
