Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/19/2025

Paylaşın

MEMARLIQ

Dördkünc Mərdəkan qalası – Bakı qalaları

Bakı “qalalar şəhəridir” desək, yəqin ki, yanmılmarıq. Elə Bakının simvolu olan Qız qalasından tutmuş hər kəndində əzəmətli, interyerinə görə gözəl və estetik, tarixi qədim zamanlara dayanan onlarla qala var. Onlardan biri elə əzəmətinə və şax duruşuna görə fərqlənən Dördkünc Mərdəkan qalasıdır.

Baki-baku.az Dördkünc Mərdəkan qalasından reportajı təqdim edir:

Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsri — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsidir. Bura gəlincə insan, sanki birdən-birə orta əsrlərə düşür. Ab-havası, əzəmətli duruşu, yenilməzliyi insanı vüqarlanır. Əvvəla məlumat üçün deyim ki, Qala dördkünc formada XII əsrdə III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən inşa edilib.

Qəsrin həyətində çoxsaylı quyular diqqəti cəlb edir. Bu quyular həm su, həm də qida – ərzaq saxlamaq üçün hazırlanıbmış. Təhlükə hiss olunduqda insanlar bura toplaşar, quyulara həyati vacib ərzaqlar doldurularmış. Tədqiqatlar sayəsində məlum olub ki, həmin bu quyularda yağ, qovrulmuş ət, düyü, un və s. saxlanılması nəzərdə tutulubmuş. Bu quyuların içi o qədər sərindir ki, yayın istisində belə içində olan məhsullar xarab olmurmuş. Qalanın özü isə başqa bir aləmdir. Divarlarına toxunursan və sanki oradakı enerjini hiss edirsən. Onun hər bir daşı bir yaddaşdır, bir tarixdir – Azərbaycan tarixidir. Baxışlarımızla birgə xəyali olaraq səmaya çatan qüllə bizim öz qürurumuzdur!

Qala haqqında:

Qəsrin daxili həyəti 24×20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. L.Mamikonovun fikrincə, qüllənin bu qədər hündürlüyə malik olması onun zirvəsindəki meydançadan yalnız qəsr həyətinin deyil, eyni zamanda qəsrin xarici divarlarından kənarda yerləşən ərazinin də atəşə tutulmasına imkan verir. Onun xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilib. Qüllələr arasındakı məsafə 10-11 metri keçmir ki, bu da o XIV əsrə kimi müdafiə tikililərinin inşasında ümumi qəbul edilmiş məsafədən fərqlənir. Ehtimal ki, qəsrin xarici divarlarına yaxın ərazilərin çarpaz ox atəşi ilə müdafiəsini təmin etmək niyyəti güdən memar qüllələr arasındakı məsafənin azaldılmasına qərar verib.

Mərdəkan qəsrinin xarici divarlarında qəsr donjonunda (əsas qüllə) olan kronşteynləri xatırladan kronşteyn maşikulları var. Qəsr divarlarından birinin ortasında yerləşən giriş qapısı iki tərəfdən yaxşı möhkəmləndirilmiş yarımdairəvi qüllələrlə müdafiə olunur.

Böyük Mərdəkan qəsrinin daxili həyəti elə planlaşdırılıb ki, qəsrin birinci müdafiə xəttini yarıb həyətə daxil olan düşmən, donjon və qəsr divarı arasında 5 metr enə malik dar dəhlizə daxil olur və bu zaman qüllə üzərindəki meydanda yerləşən müdafiəçilər üçün rahat hədəfə çevrilir.

Ümumilikdə Dördkünc Mərdəkan qəsrinin donjonu Dairəvi Mərdəkan qəsrinin donjonu ilə müqayisədə daha inkişaf etmiş memarlıq xüsusiyyətlərinə malikdir. Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Böyük Mərdəkan qəsrinin kvadrat formalı donjonu beş yarusa bölünür.

Donjonun yaruslarından yalnız birinci və ən sonuncu oxvari tağ-tavan formasında həll edilmiş daş örtüyə malikdir. Digər yarusların tavanları isə taxta şalbanlar əsasında hazırlanmış düz tavana malikdir.

Donjona dörd tərəfdən yarımdairəvi qüllələrin əlavə edilməsi, bir tərəfdən onun memarlıq xüsusiyyətlərinə təsir edərək daha möhkəm xarakter vermiş və beləcə tikilinin hündürlüyünün artırılmasına imkan vermiş, digər tərəfdən isə qüllə divarlarının müdafiəsinin daha səmərəli təşkilinə şərait yaradıb.

Qeyd edək ki, qəsr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilib.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, некоторые особи способны покрывать таким образом расстояния до 100 метров!