Su yaddaşdır, keçmişin enerjisini özündə daşıyır
İnsan həyatının əsasında duran dörd ünsür – hava, torpaq, od və su – əsrlərdir ki, bəşəriyyətin yaşantısına, düşüncəsinə yön verib. Ancaq onların içində su başqa bir məna daşıyır. Çünki su yalnız özünü deyil, həm də digər ünsürlərin təzahürünü təmsil edir. Buxarlandıqda buluda, havaya çevrilir, donduqda torpaq kimi üzərində gəzməyə imkan verir, qızdırıldıqda isə od qədər yandırıcı olur. Beləliklə, o, digər üç ünsürün sirli hökmdarı kimi onların hər birində öz varlığını göstərir.
Elmi araşdırmalar da sübut edir ki, insan bədəninin böyük bir hissəsi sudan ibarətdir. Deməli, insanın varlığı da suyun hökmündədir. Suyun davranışı isə yalnız fiziki xüsusiyyətlərlə məhdudlaşmır, o, həm də enerjini daşıyır, ətraf mühitin təsirini öz yaddaşında saxlayır.
Aparılan tədqiqatlar nəticəsində suyun üzərinə səsin, musiqinin, hətta sözlərin təsiri öyrənilmişdi. Məsələn, azan sədaları altında suyun molekulları qar dənəciyinə bənzər simmetrik formalar alırdı. Eyni dəyişiklik bəzi dahilərin klassik musiqilərində də müşahidə olunmuşdu. Bu isə göstərirdi ki, su enerjiyə cavab verir, harmoniyaya uyğunlaşır. Yəni su yalnız axıb gedən maye deyil, həm də ruhun təzahürü, aynası, güzgüsüdür.
Bunun əksi də doğrudur: sərt, aqressiv səslər suyun quruluşunu pozur, qeyri-sabit, dağınıq şəkillər yaradır. Necə ki, insana xoş söz deyiləndə onun ruhu açılır, pis sözlər isə əhvalı pozur. Eyni ilə suyun molekulları da həmin reaksiyanı göstərir. Bu səbəbdən insan gözəl musiqi dinləyəndə və ya zərif söz eşidəndə su ilə dolu varlığı tarazlaşır, enerjisi dəyişir.
Su dili açır, nəfəsə güc verir, sözün enerjisini daşıyır
Hətta təbiətdə də bunu müşahidə etmək mümkündür. Güllərə qayğı ilə yanaşanda, səmimi ünsiyyət quranda, onlarla mehriban davranıb-danışanda daha parlaq və təravətli açır. Əslində bunun səbəbi onların sudan qidalanmasıdır. Çünki sözün, enerjinin təsiri su vasitəsilə bitkinin hüceyrələrinə çatır.
İnsan da susuz qaldıqda danışmaqda çətinlik çəkir, lakin bircə qurtum su içdikdə sanki həyat geri dönür. Su dili açır, nəfəsə güc verir, beyinə aydınlıq gətirir. Qədim adətlərdə də suya danışmaq, dua oxunmuş su içmək, xəstəyə su üfürmək təsadüfi deyildi. İnam vardı ki, su sözün enerjisini daşıyır, insanın bədəninə daxil olaraq ruhuna təsir edir, yüngülləşdirir.
Su həm də yaddaşdır. O, yalnız torpağı bəsləmir, həm də keçmişin enerjisini özündə daşıyır. Çayların zümzüməsində, göllərin pıçıltısında, dənizlərin dalğalarında ayların, illərin, əsrlərin, min illərin nəfəsi var. İnsan onun səsini dinləyəndə hüzur bulur, rahatlaşır, çünki su öz melodiyası ilə insanın daxili ritmini tənzimləyir.
Məhz buna görə də su möcüzədir. Bədəni, ruhu dirildən, həyat verən, ünsürlərin mahiyyətini özündə ehtiva edən, birləşdirən müqəddəs varlıqdır. O, bizə yalnız susuzluğu yatırmaq üçün deyil, həm də qəlbi, ruhu sakitləşdirmək üçün gərəkdir.
Qədim miflərdə suyun sirri
Tarix boyu xalqlar suya yalnız təbiət ünsürü kimi baxmayıblar. O, həm də həyatın, ölümsüzlüyün rəmzi olub. Qədim türk dastanlarında “bengisu” – ölümsüzlük suyu haqqında rəvayətlər danışılıb. Eyni motiv yunan mifologiyasında “Lethe çayı” ilə, Mesopotamiya əfsanələrində isə “həyat suyu” ilə təkrarlanır. Şərq mədəniyyətində isə su paklıqla, ruhun saflaşması ilə əlaqələndirilirdi. Hamam adəti belə bir inancla bağlı idi – su yalnız bədəni deyil, ruhu da təmizləyirdi. “Təmizlik imandan gəlir” deyimi də burada yerinə düşür.
Hətta suyun müqəddəsliyi ilə bağlı inanclar indiyə qədər yaşamaqdadır: bir çox xalqlarda suyun üzərinə and içmək, bulaq başında niyyət tutmaq və ya arzu diləmək ənənələri bu qədim düşüncənin izləridir.
Əski türk inanclarında, Azərbaycan mifologiyasında suyun ayrıca yeri, məqamı var. “Tanrı üzü görən su” su ilə dünyaya gələn körpələrimizi durulayırıq. Dünyasını dəyişənləri suya çəkib dərgaha yollayırıq. Dörd müqəddəs çərşənbənin biri kimi adına tonqal çatırıq. Doğmaları ziyarətə gedəndə məzarlarına su səpirik, ehsan bulaqları çəkdiririk. Yola çıxanların arxasınca su atırıq. Tanıya ismarıc edirik. Dədəm Qorqudun dili ilə “Axar sularınız qurumasın!” deyirik.
Yağışın sehri
Su insan üçün həyat mənbəyi olduğu qədər, təbiətin də nəfəsidir. Bəzən yağışın uzun müddət yağmaması torpağı qurudar, ağacların nəfəsini kəsər, insanı həsrətə salar. Elə bu səbəbdəndir ki, əsrlər boyu insanlar quraqlıq zamanı yağış duasına çıxıblar, mərasimlər təşkil ediblər. Bu, yalnız bir dini ayin deyildi, həm də suya, onun gətirdiyi bərəkətə, həyat verən gücünə inamın təzahürü idi. Yağış damlaları torpağa düşəndə sanki bütün kainat təzələnir, torpaq nəfəs alır, yerin, göyün tozu alınır, dünyanın dərdi-sərini “yağış yuyur, gün qurudur”, insanın ruhu təzələnir, dincəlir.
Özündə bütöv bir kainatı yaşadan əbədi möcüzə
Dünyanın böyük hissəsinin sudan ibarət olması təsadüfi deyil. Yer üzünün dörddə üçü sularla örtülüb və o mavi səltənətin altında ayrı bir aləm gizlənir. Dənizlərin, okeanların dərinliklərində saysız-hesabsız canlılar yaşayır. Orada həyat başqa qanunlarla davam edir, insanın gözündən uzaq, lakin kainatın ayrılmaz parçası, tərkib hissəsi kimi. Balıqlar, yosunlar, dəniz ulduzları və minlərlə naməlum varlıq bu gizli aləmin sakinləridir. Suyun üzündə gördüyümüz sakitlik, altında baş verən canlılıq və hərəkətlə tamamlanır. Bu da bir daha göstərir ki, su yalnız üzdə görünən, buxara, buluda çevrilən, yağış kimi yağan maye deyil, həm də özündə bütöv bir kainatı yaşadan əbədi varlıq, ilahi möcüzədir. “Su pərisi”, dəryaların padşahı ilə bağlı əfsanələr, nağıllar da şübhəsiz ki, bu səbəbdən yaddaş yerinə dönüb.
Elvin Camalov