Sosial medianın əsirinə çevrilməyin
Darıxanda, diqqətsiz qaldıqda, ani dopamin ehtiyacı olduqda əlimiz telefona gedir. Bu, artıq zamanın reallığıdır. Sosial mediadan imtina edən tanışlarıma qibtə etsəm də, özüm bu addımı atmağı heç vaxt düşünməmişəm.
Çünki fikrimcə, bu radikal bir addımdır. İfrat dərəcədə istifadə etmək, heç istifadə etməməklə bənzərdir mənə görə. Bu səbəbdən hər şeyi qədərində saxlamaq sağlam yanaşmadır. Bu fikrin məntiqi ardıcılığndan belə bir sual meydana gəlir: “Bəs darıxanda nə ilə məşğul olum?”
Baki-baku.az üçün alternativ tətbiqlər topladım. Burada məqsəd intellektual inkişaf, beyni işə salmaq, zamanı əlverişli istifadə etmək amma həm də uzuncu və darıxdırıcı materiallarla bezməməkdir.
Yükləyib istifadəyə başlayandan çox razı qaldığım tətbiqləri və haqqında qısa məlumatı sizlə paylaşıram.
1 “Headway”
“Headway” kitabın qısa məzmunu və əsas məqamların konspekt halında təqdim edən tətbiqdir. Əlbəttə, kitabın özünü oxumaq, vaxt sərf edərək cümlələrin təsiriylə hekayəni təxayüllündə canlandırmaq bununla müqayisə olunmamalıdır. Amma tətbiqin məqsədi bizi alim etmək deyil. Bu, sadəcə “Instagram”da təsadüfi çarxdan bir az daha faydalı bir məlumatla beynimizə yeni məlumat toxumu səpir.
Beləliklə, növbəti dəfə heç bir səbəb olmadan telefonumuzun kilidini açanda xeyirli məlumat alacağımız bir alternativ yolum “Headway”ə keçid olur.
2 “Substack”
Başqa bir “Instagram”a bənzər tətbiq kimi “substack”ı qeyd etmək istərdim. Öz maraqlarıma uyğunlaşdırdığım alqoritmlə mənə bilmədiklərimi öyrədən qısa postlar yerləşdirilən tətbiqdir. Əslində, “Instagram”a bənzəsə də, orada “scrolling”dən qıcıqlandığım zamanlarda bu platformada daha keyfiyyətli məlumatla keçirdirəm zamanımı.
3 “Lumosity”
Bəzən telefon əlimdə olur, amma heç nəyə baxmağa ehtiyacım olmasa da nəyəsə baxmaq istəyirəm (dövrün reallığı). Təzə məlumat öyrənmək istədiyim, beynini kütləşdirəcək boş kontentlə beynimi çirkləndirmək istəmədiyim anlarda “Lumosity”ni açıram.
“Lumosity” yaddaşınızı, diqqətinizi, sürətinizi və problemlərin həllini yaxşılaşdırmağa yönəlmiş bir sıra qısa, fokuslanmış oyunlar təqdim edir.
Açığı, bunun, doğurdan da, işə yaradığını bilmirəm, amma “Instagram” rilslərə və ya “YouTube” şortlarına beşinci dəfə baxmaqdan daha yaxşı olduğu mütləqdir.
4 Medium
Bir az yazmaq istedadınız varsa sizə Mediumu sınamağa məsləhət görərdim. Burada istənilən mövzuda yazılar paylaşmaq mümkündür. Şəxsi bloq yazıları, esselər, təhlillər, tədris materialları və s.
Medium həm də oxucular üçün reklamdan uzaq, sadə və diqqəti yayındırmayan bir oxuma təcrübəsi təklif edir. Medium platforması texnologiya, şəxsi inkişaf, psixologiya, biznes, mədəniyyət və digər sahələrdə maraqlı və keyfiyyətli məqalələr tapmaq üçün geniş imkanlar yaradır.
Sonda bir fikir ilə yekunlaşdırmaq istəyirəm məqaləni. Çünki oxucular bu tətbiqlərə daxil olarkən cüzi ödənişi görüb qeydiyyatdan keçməyi tərəddüd edə bilərlər (mən etmişdim). Unutmayın,
“Əgər məhsula görə ödəniş etmirsənsə, demək, sən müştəri yox, məhsulun özüsən.“
Deniz Məmmədli