Beynəlxalq tədqiqatçılar qrupu İtaliyanın cənubunda “Grotta delle Mura” mağarasında təxminən 17 min il əvvəl dəfn edilmiş körpənin DNT-sini təhlil edərək heyrətamiz kəşfə imza atıblar.
Baki-baku.az bu barədə mk.ru-ya istinadən xəbər yayır.
Məlumata görə, tədqiqat 1998-ci ildə aşkar edilmiş qalıqlara əsaslanır. Arxeoloq Mauro Kalattini daş lövhələrlə örtülmüş körpə sümüklərini tapıb. Bu məzar mağarada yeganə olub.
Qalıqların sərin mağara mikroiqlimində yaxşı qorunması sayəsində alimlər qədim uşağın genomunu təxminən 75% bərpa edə və onun xarici görünüşünü yenidən qura biliblər.
Tədqiqatlar göstərib ki, ölüm anında boyu 76 sm-dən bir qədər çox olan 7-18 aylıq oğlanın əsmər dərisi, qıvrım tünd saçları və mavi gözləri olub. Əlamətlərin belə birləşməsi buz dövrü Qərbi Avropasının qədim ovçu-yığıcıları üçün xarakterikdir. Körpənin dərisinin rəngi müasir avropalıların əksəriyyətindən daha tünd, tropik bölgələrin sakinlərindən isə daha açıq olub.
Qalıqların radiokarbon analizi uşağın təxminən 17 min il əvvəl, son 100 min ildə Yer tarixinin ən soyuq dövrü olan Son Buzlaq Maksimumundan bir neçə əsr sonra yaşadığını müəyyən etməyə imkan verib. O dövrdə buzlaqlar quru ərazinin dörddə birini örtürdü və dünya okeanının səviyyəsi müasir səviyyədən 120-135 metr aşağı idi.
Körpənin genomu və dişlərinin ətraflı təhlili alimlərə təkcə onun görünüşünü yenidən qurmağa deyil, həm də uşağın həyatı və ölümü ilə bağlı vəziyyəti aydınlaşdırmağa şərait yaradıb. Məlum olub ki, o, nadir irsi ürək xəstəliyi – ailə hipertrofik kardiomiopatiyadan əziyyət çəkib ki, bu da onun belə erkən yaşda ölümünün səbəbi olub.
Dişlərin tədqiqi göstərib ki, oğlanın anası hamiləlik dövründə, çox güman ki, qida çatışmazlığı və stres yaşayıb, doğuşun özü isə ağır keçib. Bu, körpənin körpücük sümüyünün sınması ilə təsdiqlənir. Alimlərin qeyd edir, qadın kiçik, sıx ovçu-yığıcı icmasına mənsub olub və düşərgə ətrafında qida əldə edərək oturaq həyat tərzi sürüb.
İtalyan və amerikalı antropoloqların və genetiklərin kəşfi Avropa tarixinin az öyrənilmiş dövrünə işıq salır və buzlaq dövrü insanlarının həyatına baxmaq üçün nadir fürsət verir.