Bəşər tarixi boyu inanc insanlarla yaşayıb. Ən qədim icmalarda belə, mütləq şəkildə müqəddəs varlıq inancı mövcud olub. Düzdür, dinin inkişafının ən erkən mərhələlərini izləmək üçün əlimizdə olan arxeoloji materiallar çox azdır.
Hal-hazırda elmə 5000-ə yaxın din adı məlumdur. Bu dinlər ortaya çıxdığı, mövcud olduğu mühitə görə dəyişir.
İlk ibtidai din paleolit dövründə (qədim daş dövrü) meydana çıxıb. İnsanlar təbiət hadisələrini şərh və dərk etməkdə aciz idilər və qorxurdular. Bu qorxular inancları formalaşdırdı. Yəni, ibtidai insan qorxduğu və ona güc gəlib bilmədiyi şeyləri ilahiləşdirdi. Onun şərəfinə qurbanlar verməyə, şənliklər təşkil etməyə başladı. İbtidai dinin ilk formaları yarandı: totemizm, animizm, fetişizm, şamançılıq.
İbtidai dinlərdə hər bir qəbilənin totemi həmin icmanı qoruyan “nişan, işarə və yaxud əlamət” mənasını daşıyırdı. Bu əlamət heyvan, bitki və daş növü də ola bilərdi. Müxtəlif xalqların tarixinə nəzər yetirdikdə Afrikada şirə, Şimali Amerikada qartala, ayıya, itə; Yunanıstanda və Misirdə öküzə, pişiyə; Hindistan, Afrika və Skandinaviyada yerləşən ölkələrdə inəyə; Hindistanın cənub bölgələrində çamışa; Avstraliyada kənquruya sitayiş olunduğunu müşahidə edə bilərik.
İbtidai insanlar bəzi əşyaların uğur, digərlərinin isə bədbəxtlik gətirəcəyinə inanırdılar. Bu inanc forması “fetişizm” adlanır. Fetiş istənilən növ əşya, qəribə formalı daş, heyvan dişi, ağacdan yonulmuş fiqur və digər əşya hesab oluna bilərdi.
Şamanizm ərazi cəhətdən Sibir və Orta Asiya xalqlarına mənsub bir dindir. Eyni zamanda, Şimali və Cənubi Amerikada, Avstraliyada, İndoneziyada, Çin, Tibet və Yaponiyada da yayılıb. Şamanların dua oxuyub, rəqs etmək, özünəxas musiqi alətində ifa etmək kimi rituallar vasitəsilə ruhlarla əlaqəyə girib (ya ruh şamana daxil olaraq, ya da şamanın ruhu bədənindən çıxib ruhlar aləminə gedərək) onlardan keçmiş və gələcək barədə məlumat almaq, xəstələri müalicə və pis ruhlarla mübarizə apara bilmək kimi xüsusiyyətləri vardır.
Qədim insanın təsəvvürünə görə, hər şeydə Allah varıydı və hər şeyin öz Allahı vardı: dəniz allahı, göy allahı, günəş allahı və s. Zaman keçdikcə qədim insanın düşüncəsindəki allahların sayı azaldı. Daha zaman əvvəlki kimi allahların şərəfinə dini mərasimlər təşkil etmir, qurbanlar vermir, ondan əvvəlki kimi qorxmurdular. Qədim insanın tədricən inkişaf etməsi, öz qorxularına qalib gəlməsi onun Allaha qarşı qorxusunu azaltdı. Artıq təbiət hadisələrini dərk etməyə başlayan, daşqından, şimşək çaxmasından qorunmağın üsullarını tapmağı bacaran insan ilahiləşdiriyi qüvvələrə ehtiyac duymadı.
Zərdüştlük bəşər tarixində qurucuya sahib olan ilk din sayılır. Tədqiqatların çoxu göstərir ki, Zərdüştlüyün rəsmi din kimi qəbul olunması məhz Əhəmənilər dövrünə təsadüf edir. Ehtimal var ki, Əhəməni şahı I Dara dövründə Avesta ilk dəfə kitab formalaşdırılıb. Zərdüştlüyün çiçəklənmə dövrü Makedoniyalı İsgəndərin e.ə. 330-cu ildə Əhəmənilər dövlətinə son qoyması ilə başa çatıb. Onun əmri ilə yazılan Avesta yandırılıb, məbədləri dağıdılıb.
Hal-hazırda dünyada ən çox yayılan dinlər arasında xristianlıq, islam, buddizm və iudaizm xüsusi yer tutur.
Buddizm dünyada ən qədim dinlərdən sayılır. Buddizm dindən əlavə fəlsəfi bir sistemdir və Brahmanizminqollarından biri kimi, e.ə. VI əsrdə Hindistanda Budda tərəfindən qurulub və Kasta sisteminə qarşı yönəlib. “Budda” Siddharta Qautama Şakyamuni adlı bir insanın (e.ə. 563–483) ləqəbidir. Sanskrit dilində Budda “aydınlanmış”, “oyanmış” deməkdir. Təxmini hesablamalara görə, dünya üzrə Buddizmin 450–500 milyon mənsubu var və onlar əsasən Cənub, Cənub-Şərqi və Şərqi Asiya ölkələrində yaşayırlar.
İudaizm tarix boyu formalaşan və dünyada monoteist (təkallahlı) dinlərin ən qədimi kimi tanınan bir inanc sistemidir. Bu din min illər boyu yəhudi xalqının həyatının ayrılmaz parçası olub, onun kimliyinin, adət-ənənələrinin və dünya görüşlərinin əsasını təşkil edir. İudaizmin təməlində yalnız bir Tanrıya – Yəhvaya inam dayanır. İnanclarına görə, Allah kainatı yaradıb və onu idarə edir, hər bir insanın həyatına şəxsən nəzarət edir. Tövrat iudaizmin ən müqəddəs kitabı hesab olunur.
Dünyada ən geniş yayılmış din hesab olunan Xristianlıq Romanın əsarətində olan Fələstin torpaqlarında meydana gəlib. Müqəddəs kitabı İncildir (Bibliya). Xristianlar inanırlar ki, İsa “məsh olunmuş ilahi varlıqdır (Məsihdir). Xristianlığın üç əsas cərəyanları Katoliklik, Pravoslavlıq və Protestantlıqdır. Xristianlığın məzhəblərindən ən böyüyü Roma katolikliyidir. Roma katolik kilsəsinin başında Roma Papası durur. Katoliklər inanırlar ki, Papa İsa Məsihin kilsəsinin ilk başçısı kimi təyin etdiyi müqəddəs varisidir.
Pravoslavlıq Roma imperiyası parçalandıqdan sonra yaranıb. Şərq xristianları ortodoks və ya pravoslav adlanırdı.
Protestantlıq Avropada Reformasiya dövründə meydana gəlib. Almaniyada Martin Lüten, Niderlandda isə Jan Kalvinin kilsəyə qarşı çıxışları protestantlığın əsasını qoydu. Bununla bağlı olaraq da, protestantlığın əsas qolları Lüteranlıq və Kalvinizmdir.
Orta əsrlərdə din və dövləti bir-birindən ayrı təsəvvür etmək mümkün deyildi. Hakimiyyəti əldə saxlamaq üçün dindən istifadə olunurdu. Dinin insanlara təsiri o qədər güclü idi ki, hətta əksər hallarda krallar belə kilsədən çəkinir, kilsənin könlünü xoş tutmağa çalışırdılar. Mərkəzi hakimiyyətin saxlanması naminə saray həmişə kilsəyə güzəştə gedirdi.
İslam İbrahimi dinlərin sonuncusu sayılır. Bu din VII əsrin əvvəllərində Qərbi Ərəbistanda yaranıb. “İslam” sözü ərəb dilində “sülh” mənasını verir. Bu dinə inananlar “müsəlman” adlanır. İslamın müqəddəs kitabı Qurani-Kərimdir. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan Məhəmməd peyğəmbərdir. Müsəlmanlar şəhadət gətirməli, hər gün 5 vaxt namaz qılmalı, Ramazan ayının orucunu tutmalı, maddi və fiziki imkanı olanlar ömürlərində heç olmasa bir dəfə Həcc ziyarətinə getməli və zəkat verməlidirlər.
Mədinə və Məkkə şəhərləri İslamın əsas mədəni və dini mərkəzləri hesab olunur.
İslam öz növbəsində bir neçə təriqətlərə bölünür. Onlardan ən böyükləri sünni və şiə təriqətləridir.
Böyük Azərbaycan hökmdarı Nadir şah Əfşar bu təriqətləri vahid İslam dinində birləşdirmək üçün bir çox cəhdlər göstərsə də, buna nail ola bilməmişdi.
Aysel Mənsimova
Canel Tağıyeva