Daxili İşlər Nazirliyi (DİN) kibertalamalarla bağlı vətəndaşlara çağırış edib.
Baki-baku.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb:
“Dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər.
Hətta görüntülü zəng etməklə sizi daha da özlərinə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər.
Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Hansısa şübhəli əməliyyat aşkarladıqda, hətta sistemdə çətinliklər yaransa belə, heç bir bankın əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur.
Bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son dörd rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin FİN-kodunu istəyə bilər. Bank kartınızın tam nömrəsini, PIN, CVV, OTP-kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə qoruyaq!”.