Daxili İşlər Nazirliyi (DİN) kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.
Bu barədə Baki-baku.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər. Ssenarilər fərqli olsa da, məqsəd eynidir – insanları aldatmaq, vəsaiti ələ keçirmək.
Müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiberüsullarla “WhatsApp” və “Telegram”da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər.
“Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb: “Pul kartına köçdümü?” – soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və heç bu məsələdən xəbəri də yoxdur.
Son aylarda qeyd etdiyimiz üsulla – yəni oxşar hesablar və nömrə eyniləşdirmə yolu ilə maddi vəsaitlərinin talanması hallarının artdığı müşahidə olunmaqdadır.
Gəlin hər zaman olduğundan daha diqqətli davranaq, zəng edibsə, yazaraq, yazıbsa, zəng edərək dəqiqləşdirmə aparaq, şəxsi, həmçinin kart məlumatlarımızı heç kimlə bölüşməyək”, – məlumatda deyilir.
.https://youtu.be/REg5bCqBbQY?si=JOs2tnh3biY1LF1O