Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/12/2026

Paylaşın

TARİX

Dimyat – Bizans ordusunun damarının qırıldığı yer 

Nili Xaçlı ordularının cəhənnəminə çevirən Sərkərdə 

Dördüncü yazı

Misirin xaçlılardan xilası müsəlman dünyasının ən böyük zəfərlərindən biri idi. Bu səbəbdən də Qahirə öz fatehini, general Əlauddin Şirkuhu, onun Zəfərə imza atan igidlərinin önündə yer alan qardaşı oğlu Səlahəddini və Zəngi ordusunu təntənə ilə qarşıladı. Fatimilərin xəlifəsi Əl-Adid onları böyük hörmət və ehtiramla baş köşəyə dəvət etməklə kifayətlənmədi. General Şirkuhu Baş vəzir rütbəsi ilə mükafatlandırdı. Zəngi ordusunun sərkərdəsi xilafətin mükafatını lütfkarlıqla qarşıladı.

Buna baxmayaraq, illərin təcrübəsinə  sahib olan general Əlauddin Şirkuh Şavar İbn Mücirin xəyanətini unutmamışdı. Bilirdi ki, onu azad etsə, xəyanətə öyrənmiş bir sərkərdə kimi o yenidən haqqı-sayı unudacaq, xəyanətə əl atacaq. Bu səbəbdən də xəlifə Əl-Adidin belə gözlədiyi qərarı elan etdi. Şavar İbn Mücir Qahirənin baş meydanında edam edildi. Keçmiş Baş vəzirin edam kötüyünə, dar ağacına qaldırılması bir görk idi. Xəyanəti sədaqətdən, etibardan üstün tutanlara, gələcəkdə xaçlıların tərəfinə keçmək istəyən hər kəs üçün dərs idi. 

Tarixi mənbələr, o dövrlə bağlı dolaşan əfsanələr də sübut edir ki, “General Əlauddin Şirkuh yeyib-içən adam olub. Eyni zamanda o təkcə qonaqlarına və dostlarına deyil, döyüşlərdə fərqlənən əsgərlərinə də süfrələr açıb, məclislər qurub. Belə məclislərin birindən sonra o, özünü halsız hiss edib. Qısa zaman kəsiyində xəstəliyi ağırlaşıb və ölümcül vəziyyət yaranıb. Vəzirliyi cəmi iki ay sürən general dünyasını dəyişib. Bu, onun sərkərdəlik məktəbini keçən qardaşı oğluna ağır təsir edib. Sərkərdə Səlahəddin əmisindən sonra təkcə ayrılığın acısını və nisgilini çəkməyib, həm də müstəqil qərarlar almaq məsuliyyətini üzərinə  almaq məcburiyyətində qalıb.”

O, hələ əmisinin yasını tutarkən həm Fatimilər, həm də Zəngilər tərəfdən müxtəlif qüvvələrin təzyiqinə məruz qalırdı. Hər iki tərəf Misirin Baş vəziri qismində öz nümayəndəsini görmək istəyirdi. Fatimilər zəif, iradəsiz bir vəzir istəyirdilər ki, o,  güclü siyasət yürüdüb lider səviyyəsinə yüksəlməsin və güclü siyasəti ilə Xəlifəyə təsir imkanına malik ola bilməsin. Digər tərəfdən isə gücsüz, zəif  bir vəzir seçmək şiə xilafətinə xüsusi bir nüfuz gətirməyəcəkdi. Fatimilərdən fərqli olaraq, Zəngilər vəzirlik üçün güclü bir lider seçmək istəyirdilər. Bununla, onların Fatimilər Dövləti və onun daxili və xarici siyasəti üzərində təsiri olacaqdı. Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, “bu səbəbdən hər iki tərəfdə mübahisələr günlərlə davam edir. Bir gün Fatimilər sarayına elçi gəlir. O, Zəngi hökmdarı Nurəddin Zəngidən məktub gətirmişdi. Məktubda Nurəddin Zəngi Misirin xilaskarı kimi tarix yaradan Baş vəzir general Şirkuhun varisi olaraq Səlahəddini onun məqamına tövsiyə edirdi. Bundan əlavə Zəngi hökmdarı Xəlifə Əl-Adiddən Səlahəddinin Baş vəzir təyin edilməsini həm də, yumşaq siyasətlə tələb edirdi. Səlahəddinin ailəsinin on illərlə həm Zəngi hökmdarına, həm də xəlifə Əl-Adidə sədaqətlə xidmət etdiyini yada salırdı . Fatimilərin əmirləri Səlahəddinin gənc və təcrübəsiz olduğunu düşündükləri üçün onun namizədliyini dəstəkləyirlər. Düşünürlər ki, o, Baş vəzir vəzifəsində tezliklə məğlubiyyətə uğrayacaq.” Digər tərəfdə isə  vəziyyət fərqli idi: Zəngi əmirləri Səlahəddinin döyüş meydanında sərkərdəlik məharətini görmüşdülər. İnanırdılar ki, onun sərkərdəlik məharətinə, qabiliyyətinə və məntiqinə etibar etmək olar. Bu səbəbdən də onlar hökmdar Nurəddin Zənginin təklifini  tərəddüd etmədən qəbul etmişdilər.

Onun Zəngi və Fatimi hökmdarları, Abbasilər Xilafəti  qarşısında sədaqət, məsulliyət borcu vardı

Bu məntiqi qərarın sayəsində Səlahəddin 1169-cu ilin əvvəlində, 30 yaşında, Misirin hökmdarı, Fatimilər dövlətinin Baş vəziri məqamına yüksəldi. Onun heç vaxt bu qədər gücü və səlahiyyəti olmamışdı. Buna rəğmən, o, hələ də “Zəngi hökmdarının  diqtəsi ilə Fatimilər Dövləti və Abbasilər  Xilafəti arasında gedən  mübarizə və mübahisənin hədəfinə çevrilmişdi. Biri şiə, digəri sünnü olan iki dövlət heç vaxt dost münasibətdə olmamışdı. Siyasi gərginliklərlə müşahidə olunan belə bir məqamda onun kimə daha çox sədaqətlə xidmət göstərmək məcburiyyətində olduğu bəlli deyildi.”

Vəzir kimi onun Misirdəki Fatimilər  Dövlətinə sədaqət borcu vardı. Eyni zamanda Zəngi hökmdarı Nurəddin Zəngiyə,  Zəngilər xanədanına, üstəlik də, Bağdad – Abbasilər xilafəti qarşısında məsuliyyəti vardı. Bu məsələlər Baş vəzir Səlahəddin üçün istədiyini həyata keçirmək də mühüm  çətinliklər yarata da, o, dövləti yenidən qurmaq, əmirlikləri və insanları birləşdirmək, İslam bayrağı altında cəm etmək üçün planlar cızır, qərarlar alırdı. Bu Tanrının mükafatı idi. Burada Tanrıdan bir mükafat da vardı: Müqəddəs Torpaqları xaçlılardan xilas etmək!

Qeyd etdiyimiz kimi Baş vəzir təyin olunduqdan qısa müddət sonra Misirin daxili siyasətindəki gərginliklər Səlahəddinə ağır gəlməyə başladı. O, bütün gücünü, qüvvəsini Misir xalqını yenidən qurmağa, onları səfərbər etməyə, birliyinə və bütövlüyünə nail olmağa yönəltdi. Öncə, əhalinin elm, təhsil və səhiyyə məsələlərinə nəzər yetirən Baş vəzir bu gün də fəaliyyəti davam edən ilk Qahirə xəstəxanasının və indiki Qahirə Universitetini əvəz edən Qahirə mədrəsəsinin qurulmasına nail oldu. Misir şəhərlərinin infrastrukturunun konturlarını cızan, tarixdə ilk dəfə kanalizasiya sistemini quran və hər şəhərdə mədrəsələr açan Baş vəzir, istedadlı gənclərin ayrı-ayrı ölkələrə təhsil dalıyca göndərilməsini təşkil etdi.

Sosial siyasəti ilə dövrünün heç bir hökmdarının sərgiləmədiyi iradəni nümayiş etdirən Səlahəddin səhiyyə, mədəniyyət və ordu quruculuğu kimi mühüm sahələrdə Misirin hökmdarı, Fatimilər xəlifəsinin mənəvi təmsilçisi kimi Yaxın və Orta Şərqdə qüdrətli simaya çevrildi. Misirin kompleks inkişafı üçün xəzinənin böyük qismini səxavətlə sərmayə edən Baş vəzir analitik təfəkkürü, intellektual potensialı və xilaskarlıq missiyası ilə Qurucu hökmdara çevrildi. Birlik, bütövlük rəmzinə  döndü.

  Əli İbn Safyanın gətirdiyi sui-qəsd xəbəri

Misirin müdafiəsinə xüsusi əhəmiyyət verən Baş vəzir yeni-yeni istehkam qurğularının tikilməsinə, istinad divarlarının və qalaların çəkilməsinə nail oldu.  Bu barədə Misir kitabxanasında qorunan “Misirin xilaskarı” kitabında qeyd olunanlar, üstündən 800 il ötməsinə baxmayaraq, onun mənəvi gücünün, əzəmətinin göstəricisi kimi diqqəti cəlb edir. “Misirin hökmdarı kitabxanasında oturub dərin düşüncələrə dalıb kitab oxuyarkən birdən qapı döyüldü. Səlahəddin həmin şəxsə içəri girməsini əmr etdi. Bu, onun baş mühafizəçisi Əli İbn Safyan idi. O, ciddi bir xəbər gətirmişdi: Misirin bəzi əmirləri üsyan qaldırmaq və Səlahəddini gecənin qaranlığında öldürmək qərarına gəlmişdilər.

Səlahəddin onsuz da Misirin bütün əmirlərinin onu dəstəkləmədiklərini bilirdi. Çünki bəzi əmirlər Şiə Fatimi dövlətində sünnü  bir vəzir görmək istəmirdilər. Ancaq o heç ağlına da gətirmirdi ki, onu öldürmək üçün ayağa qalxa bilərlər. Xəbəri eşidən, Misirin xaçlılardan xilası üçün qoşun yeridən, onun sabahını düşünən Səlahəddin eşitdiyi xəbərdən kədərlənib məyus oldu. O, sadəcə bir neçə ay idi ki, vəzifə başındaydı. Bu cür xəyanətə layiq nə isə etdiyini isə ağlına belə gətirə bilmirdi. Buna baxmayaraq, üsyançılar ona zərbə endirməmişdən qabaq o, hərəkət etməli idi.

Səlahəddin mühafizəçilərinə Fatimilər sarayının yüksək rütbəli məmurlarından olan əsas sui-qəsd planını cızan şəxsin tapılmasını əmr etdi. O, dərhal həbs olundu və edam edildi. Ancaq bu üsyanı yatırmaq üçün kifayət etmədi. Növbəti gün digər Fatimi və Sudan əmirləri təxminən 50 min əsgərlə birlikdə Misirin müxtəlif bölgələrində üsyana qalxdılar. Misirin Baş vəziri artıq daxili savaşla, vətəndaş müharibəsi ilə üz-üzə idi. O döyüşləri davam etdirdikcə yaralıların və ölənlərin sayı artırdı.” Bir neçə aylıq döyüşlərdən sonra isə üsyankar əmirlər dalbadal məğlub olur, geri çəkilir, Səlahəddinə biət edir, ondan aman diləyirdilər. Üsyanı bütünlüklə yatırmaq Misirin Baş vəzirindən nə az, nə çox, düz altı ay zaman aldı. Üsyankar əmirlərə isə lütf, mərhəmət edilmədi. Ya onlar döyüşdə məğlub olub öldürüldü, ya da edam edildilər.

Üsyankar əmirlərin aldığı cəza Misirə görk oldu 

Bu, Misir üçün və Misirin əmirləri üçün də ağır bir dərs idi. Misirdə bundan sonra bir daha heç kəs Baş vəzirə qarşı qalxmağa cəsarət edib, ayağa durmağa özündə güc tapmadı. Səlahəddinin  cəsarətli və ləyaqətli qərarları Misiri uzun illər vətəndaş qarşıdurmasından, qardaş qırğınından, daxili çəkişmələrdən xilas etdi qanlı müharibələrdən qurtardı. 

Adını tarixə Müqəddəs Torpaqların, yerlərin xilaskarı, “Mədinə və Məkkənin hizmətkarı”, İslamın döyünən qəlbi və himayədarı, Eyyubilər İmperiyasının qurucusu kimi yazan Səlahəddin Eyyubi özü də həmin üsyanlardan nəticə çıxardı, dərs aldı. Əyilməz iradəsi ilə tarixi uğurlara, qələbələrə imza atdı. Sarayını, divanxanasını yenidən qurdu. Yeni dövlət idarəçilik təlimini yazdı, hazırladı. Etibarlı, sınanmış dostlarını, ailə üzvlərini dövlətin sütunu hesab olunan vəzifələrə təyin etdi. Bununla yanaşı o, insanları nəsil-nəcabətinə və təhsillərinə görə deyil, şəxsi keyfiyyətlərinə, qabiliyyətlərinə, bilik və bacarıqlarına, ən əsası ləyaqətlərinə görə irəli çəkdi. Bu yolla o, güclü kadr potensialı formalaşdırdı. Daxili Müşavirə Şurası – Divanxana yaratdı. Bu, onun Fatimilər dövlətindəki siyasi mövqeyini genişləndirdi, möhkəmlətdi.

Bizans İmperiyası ilə Xaçlı dövlətləri Misiri işğal etmək üçün nəhəng Dəniz Donanması qurdular 

Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, üsyanların yatırılmasından, saray daxili məsələlərin həllini tapmasından üç ay sonra yenidən fəlakət baş verdi. 1169-cu ilin sonuna doğru Bizans İmperiyası ilə Xaçlı dövlətlərin birləşmiş orduları Misiri işğal etmək üçün nəhəng bir dəniz donanması qurdu. Onlar Misirin liman şəhəri olan Dimyata hücum etmək üçün ona sürətlə yaxınlaşmağa başladılar. “Belə bir ağır zamanda Misirin Baş vəziri güc əldə etdikdən sonra xaçlı hücumlara qarşı müxtəlif bölgələrdəki istehkamları gücləndirmək üçün çalışır, bütün qüvvələri səfərbər edir. Ancaq o, hücumun Aralıq dənizindən gələcəyini təxmin etməmişdi.  Düşünmüşdü ki, xaçlılar əvvəlcə qeyd etdikləri kimi Sinay yarımadası tərəfdən torpaqları işğal etməyə çalışacaqlar. Bu səbəbdən də  Sultan Səlahəddin əsas müdafiə qüvvələrini Dimyatdan daha çox cənubda yerləşdirmişdi. Belə bir vəziyyətdə liman şəhərinə kömək göndərmək çətinləşmişdi. Bu kifayət qədər vaxt tələb edirdi. Buna görə də o,  işğalı gecikdirmək, yubatmaq üçün yol tapmalı idi. Bu məqsədlə Sultan Dimiyat sarayına elçi göndərir. Dimiyatın Baş vəzirinə dənizdən girişi bağlamaq üçün göstəriş verir. Bu düşünülmüş planın sayəsində Bizans və Xaçlı ölkələrin dəniz donanmaları müdafiə xəttindən içəri keçə bilməyəcəkdilər.” Analitik təfəkkürü, sərkərdəlik məharəti ilə gələcəkdə dünyaya meydan oxuyan Səlahəddin Dimiyatın başçısına məktub yazaraq onu da bildirirdi ki; “ Dəstək qüvvələri artıq yoldadır, eyni zamanda ordu sürətlə irəliləməkdədir.”

Dimyatı istehkama, qalaya çevirən Misir

        Misirin Baş vəzirindən məlumat aldıqdan sonra Dimiyatın aparıcı simaları onun müdafiəsini gücləndirdilər, istehkam qurğuları yaratdılar, onu alınmaz qalaya çevirdilər. Bu məqsədlə Nil çayının şəhərdəki qolunda sədd yaratmaq üçün dəmir zəncirlərdən istifadə etdilər. Bu, xaçlı gəmilərinin dənizdən limana daxil olmasının, hücumunun qarşısını almaq üçün nəzərdə tutulmuşdu. Xaçlılar isə şəhəri dənizdən mühasirəyə almaq qərarına gəldilər.

Bu generalı Əsauddin Şirkuhun məktəbini keçən sərkərdə Səlahəddinin gözlədiyi, planlaşdırdığı məqam idi. Əks hücum taktikasına, əks həmlə strategiyasına söykənən Misir Sultanı bununla hərbi ləvazimatları, silah-sursatı Nil çayı vasitəsilə asanlıqla Dimyata göndərə bilər, dəstək qüvvələri isə cənub tərəfdən düşmənlə üzləşmədən şəhərə gəlib çata bilərdi. Belə bir məqamda Bizansın tələsinə düşən xaçlılar tarixi səhvlərini anladılar, şəhəri asanlıqla ələ keçirə bilməyəcəklərini qəbul etdilər. Onlar Dimyatın müqavimətini, mühafizə səddini qırmaq üçün müxtəlif taktiki gedişlərdən istifadə etsələr də, nəticə uğursuzluğa düçar oldu.

Bizans ordusunun damarının qırıldığı yer

Dimiyatın müdafiəçiləri qida, hərbi sursat, əsgəri heyətlə təmin olunduqları üçün şəhəri bir-birinin dalıyca gələn xaçlı hücumlarından müdafiə etməyi bacardılar. 

Sonsuz vətən sevgisinə söykənən müdafiəçilər təkcə müdafiə olunmur, düşmən üzərinə yeriyir, cəbhə xəttini yarmaqla xaçlıların müqavimətini qırmağa nail olurdular. Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, “Hətta bir dəfə onlar çay vasitəsilə Bizans donanmasının içərisinə alovlu bir gəmi salıblar.  Gəmi donanmaya çatan kimi, döyüş gəmilərinin içərisinə yığılmış partlayıcılar alovlanıb böyük partlayışa səbəb olaraq donanmanın bir hissəsini darmadağın edib,  altı Bizans gəmisini tamamilə məhv edib. Bir çox gəmiləri isə təmir edilə bilməyəcək şəkilə salınaraq sıradan çıxıb. Bəzi anlarda şəhərin müdafiəçiləri mühasirə sıralarına hücum edərək şəhərin divarlarına atılan texnikaları məhv edərək hərəkətə keçiriblər.” 

Dimyatı mühasirəyə almaq, işğal etmək üçün bir neçə həftəlik uğursuz həmlələrdən sonra dünyaşöhrəti özünə qalan, yerləbir olan Bizans ordusunun, xaçlıların qida ehtiyatı, silah-sursatı bitməyə başlayıb. Onların Misirə qəfil hücum planı uğursuzluğa düçar olub. Böyük itkilərə yol verməkdən çəkinən hücum taktikasını dayandırmaq məcburiyyətdə qalan xaçlılar işğal siyasətinin heç bir əhəmiyyətinin qalmadığını anlayıblar. Uğursuz əməliyyatların xəzinələrini boşaldacağından, əsgəri heyətin itkisinə səbəb olacağından geri çəkilməyi, müharibəni dayandırmağı üstün tutublar. 

Xeops ehramı, İsgəndəriyyə mayakı kimi Misiri məşhur edən Sərkərdə 

Dimyatın iki aylıq mühasirəsindən sonra xaçlılar geri çəkilməyə, Misiri tərk etməyə qərar verdilər. Baxmayaraq ki, Dimyat mühasirəsindəki döyüşlər xaçlıların digər işğallarındakı kimi dəhşətli deyildi. Bizans və xaçlı ordularının birləşmiş qüvvələrinin Misirin bir liman şəhərini əldə edə bilməməsi onların nüfuzuna mənfi mənada təsir göstərdi. Misirin Baş vəzirinin, Səlahəddin Eyyubinin sərkərdəlik məharətini, hərbi taktikasını, strategiyasını,  liderlik qüdrətini dünyaya nümayiş etdirdi. Xeops ehramı, İsgəndəriyyə Mayakı, Misir kitabxanası ilə məşhur olan Misirin yeni Liderini bir başqa biçimdə dünyaya təqdim etdi.

Qəhrəmanlıq salnaməsinə çevrilən Dimyatdan sonra Misirin təhdid və hücum dolu səhifəsi bir də beş il sonra yazıldı. Misirin Sərkərdə-xaqan əzəməti ilə tarix yaradan Baş vəzirinin, Eyyubilər İmperiyasının qurucusunun taleyinə fətih dastanı ilə həkk olunan o savaş qüdrətin, əzəmətin, cəsarətin, ləyaqətin simgəsi, bəlgəsi kimi tarixə yazıldı.

 Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və Abşeron yarımadasında fevralın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

GÜNDƏM

Prezident Kitabxanasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Neft və

GÜNDƏM

Prezident Kitabxanasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Neft və
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin