Bayram hədiyyələri, Yeni il ab-havası, dekabrın tələskənliyi… Bütün bu qarışıqlığın içində belə, insanlar kitab oxumaq üçün kiçik bir an tapırlar. Bu yazıda Bakı Kitab Mərkəzi ilə birlikdə dekabrda ən çox satılan — yəni ilin son günlərində oxucuların sevimlisinə çevrilən kitabları təqdim edirik. Bu, yeni rubrikamızın ilk buraxılışıdır. Hər ayın bestsellerlərini məhz burada sizinlə bölüşəcəyik.
- Romanlar
1. Məktubdakı Qadın (Mürşüd Mehdi)
Roman bir məktubun sirli məzmunu və sevgi ilə cinayət arasında qurulub. Toy ərəfəsində Nərmin və Fərhad ayrılır, sonra Fərhadın öldüyü xəbəri gəlir. Ardınca Nərminin anası və başqaları qətlə yetirilir. Qatil qurbanların ovcunda Nərminə məktub qoyur, bu da şübhələri Fərhadın üzərinə yönəldir. Cinayət-axtarış rəisi İmran bəy qatili tapır, mürəkkəb süjet isə finalda oxucunu gözlənilməz sürprizlə heyrətləndirir.
2. Anna Karenina (Lev Tolstoy)
Tolstoy bu klassik əsərdə cəmiyyət, ailə və sevgi arasında çarpaz qalmış Anna Kareninanın faciəvi həyatını təsvir edir. Romanın məşhur cümləsi: “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.“
- Özünü inkişaf
3. Atomik Vərdişlər (Ceyms Klir)
Ceyms Klir illərlə vərdişləri araşdırıb. Bu kitabda o, əsas nəzəriyyələri bir yerə toplayıb və göstərib ki, kiçik dəyişikliklər (atomik vərdişlər) həyatımızda böyük nəticələrə səbəb ola bilər. Klir, vərdişlərin formalaşmasının əsaslarını sadə dildə izah edir və bu nəzəriyyəni həyatımıza necə tətbiq edə biləcəyimizi göstərir. Bu kitab, həmçinin valideynlər üçün çox faydalıdır, çünki öz davranışlarını və övladlarının davranışlarını dəyişmək üçün əla bir bələdçidir.
4. Rezonans Qanunu (Pyer Frank)
Bu kitab Rezonans qanununun sirrini açıqlayır və həyatınıza yeni baxış bucağı qazandırır. Rezonans qanunu sübut edir ki, sərhədlər yalnız beynimizdədir və onları aşmaq öz əlimizdədir. Bu kitab sizi arzularınıza və məqsədlərinizə çatmaq üçün ruhlandıracaq və bələdçi olacaq.
- Fəlsəfə
5. Stoikin Gündəliyi (Rayan Holidey, Stiven Hanselman)
Bu kitab hər gününüzə bir az stoik hikməti gətirir. Müəlliflər stoiklərin dediyi kimi, “Nəzarət edə bilmədiyin şeylərə üzülməkdənsə, nəzarət edə bildiklərinə diqqət yetir,” deyərək, həyatı daha sakit və məqsədli yaşamağı öyrədir.
- Dedektiv
6. Şantaj (Elxan Elatlı)
Bu kitabda arzularını gerçəkləşdirmək üçün uzaq kənddən Bakıya gələn gənc qızın hekayəsi təsvir olunur. Bir səhvin ucbatından şantaj və təhdidlərə məruz qalan qızın həyatında ciddi və təhlükəli dəyişikliklər baş verir. Qorxunun insanın xarakterinə və taleyinə təsiri maraqlı səhnələrlə göstərilir. Nəticədə, ailəsindən və dostlarından uzaqlaşan qız, cinayət girdabına sürüklənərək dəhşətli hadisələrlə üzləşir.
7. Susan Qadın (Elxan Elatlı)
Detektiv süjetli psixoloji roman ərindən soyuq münasibət görən və aldadılan Əsmər adlı gənc qadının faciəsindən bəhs edir. Bu kitabda sükut içində gizlənmiş bir qadının hekayəsi və sirləri oxucuları həyəcan içində saxlayır. Ailə münasibətlərinə ustalıqla toxunulan əsərdə maraqlı cinayət təhqiqatı və detektiv Qanbay Qasımlının şəxsi həyatındakı kədərli dəyişikliklər oxucunu cəlb edəcək.
- Psixologiya
8. Cəld və Yavaş Düşünmək (Daniel Kaneman)
Daniel Kaneman, 2002-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş, müasir dövrün tanınmış mütəfəkkirlərindən biridir. Bu kitabda o, düşüncələrimizi idarə edən iki sistemi — sürətli, intuitiv I sistemi və yavaş, məntiqli II sistemi izah edir. Kaneman intuisiyaya nə zaman güvənmək və yavaş düşünməni nə zaman tətbiq etməyin faydalı olduğunu göstərir, həmçinin həyatımızdakı qərarlara təsir edən tərəfkeşlikləri və yanılmaları aydınlaşdırır.
9. İkigai (Bettina Lemke)
İkigai (Bettina Lemke) kitabı, Yaponiyanın uzunömürlü və məmnun həyat yaşayan insanlarının sirri olan ikigai prinsipini öyrədir. Ikigai — həyatın mənasını və məqsədini tapmaq, gündəlik həyatınızı mənalı və dəyərli etmək deməkdir. Kitab oxuculara, şəxsi həyatlarında xoşbəxtliyi və daxili harmoniyanı necə tapacaqlarını göstərən sadə və effektiv yanaşmalar təqdim edir.
- Povest
10. Siçanlar Və Adamlar (Con Steynbek)
“Siçanlar və adamlar” povestindəki obrazlar – bir parça torpaq arzusu ilə yaşayan və bu ümidlə ömrünü başa vuran insanlar – Con Steynbekin dərdlərinə şərik olduğu sadə şəxslərdir. Dünya şöhrəti qazanmasına baxmayaraq, yazıçı bu əsərdə öz həyatının unudulmaz bir hissəsini və dərin duyğularını qələmə almışdır.
- Tarixi roman
11. Çərpələng Uçuran (Xalid Hüseyni)
Xalid Hüseyninin debüt romanı “Çərpələng uçuran”, dostluq, sədaqət, xəyanət və günahlardan arınma mövzularını dərindən araşdırır. Əfqan uşaqlarının çərpələng uçurtma ənənəsi fonunda, Əmir və Həsənin faciəvi hekayəsi vasitəsilə müharibə, miqrasiya, xatirələr və cəmiyyətin ağrılı reallıqları təsvir edilir. Həsənin başına gələn dəhşətli hadisə və Əmirin bu an susması onların həyatını əbədi dəyişir. Bu təsirli və emosional roman, oxucunu cəlb edən unudulmaz bir hekayə təqdim edir.
- Poeziya
12. Nəfəs (Ramiz Rövşən)
Ramiz Rövşənin şeirlərində həyatın, sevginin və insanlığın ən incə duyğuları təsvir olunur. “Həyat bir nəfəsdən başlanır, bir nəfəsdə bitir.”
13. Əbədiyyət Nəğməsi (Mikayıl Müşfiq)
Mikayıl Müşfiqin 12 illik yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən biridir. Şair öz əsərlərində zəmanəsinin odlu nəğməkarlığı ilə doğma torpağın bərəkətli çöllərini, təbii sərvətlərini, Bakı neftçilərinin həyatını, arzularını, ailə gözəlliyini və insansevərliyi təsvir etmişdir. “Əbədiyyət Nəğməsi” Mikayıl Müşfiqin doğma torpağa, insanlara və onların zəhmətinə olan dərin sevgisini əks etdirən əsərdir.
- Tarix
14. Bakı Nefti Dünya Şahmat Taxtasında
“Bakı nefti dünya şahmat taxtasında. 1939-1945” kitabı II Dünya müharibəsi dövründə Bakı neftinin strateji əhəmiyyətindən bəhs edir. Əsərdə neftin SSRİ-nin hərbi gücünün qorunmasında və Avropada faşizmə qarşı mübarizədə oynadığı həlledici rol araşdırılır. Müəllif Bakı neftinin itirilməsinin mümkün nəticələrini, dünya güclərinin enerji resursları uğrunda apardığı mübarizəni və bu mübarizənin tarixi və geosiyasi təsirlərini təhlil edir.
15. Əsrimizin Siyavuşu (Məhəmməd Əmin Rəsulzadə)
“Əsrimizin Siyavuşu” — Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan milli hərəkatının tarixinə həsr etdiyi dərin bir əsərdir. Bu esse, Müsavat partiyasının keçmiş lideri və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olan Rəsulzadənin 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra Lahıcda gizlənərkən yazdığı əsərdir. Əsər 1923-cü ildə İstanbulda nəşr olunub və Azərbaycan tarixinin simvolik hekayələrini əks etdirir.
- Biznes
16. Diplomatiya (Henry Kissinger)
Dünya tarixində diplomatiyanın təsirini izah edən bu əsər strateji düşüncə üçün qiymətli bir qaynaqdır. Müəllif, 1648-ci ildən bu günə qədər müxtəlif dünya nizamlarının dayanıqlılığını təhlil edir. Rişelyedən müasir siyasi xadimlərə qədər bir sıra tarixi şəxsiyyətlərin obrazlarını canlandıran əsər, XX-XXI əsrlərdə formalaşan “yeni dünya nizamı”nı və gələcək inkişafları proqnozlaşdırmağa cəhd edir. Kitab, xüsusən Rusiyanın və güc mərkəzlərinin mövqeyini müəyyənləşdirmək baxımından maraq doğurur.
17. Babilin Ən Varlı Adamı (Corc Kleyson)
“Babilin ən varlı adamı” kitabı, pulla necə davranmağı öyrənmək istəyənlər üçün yazılmışdır. Müəllif, iqtisadiyyat ədəbiyyatını oxumağa marağı olmayanlara müvəffəqiyyətə çatmaq, maliyyə imkanlarını planlaşdırmaq, pul qazanmaq, qənaət etmək və var-dövləti artırmaq yollarını izah edir. Kitab, sərvət yaratmağın qədim qaydalarını müasir dövrə tətbiq edir.
Hansı kitab sizin diqqətinizi çəkdi?