Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir tikili var: Köhnə Dəyirman, yaxud xalq arasında tanınan adıyla “Skobelev qardaşlarının dəyirmanı”. Bu bina sadəcə daş və kərpicdən ibarət deyil – o, şəhərin sənaye tarixinin ürəyində döyünən, kollektiv yaddaşda yer tutan canlı bir hekayədir.
Dəyirman hər daşında, hər pəncərəsində bir dövrün izlərini daşıyır. Sergey və İvan Skobelev qardaşları XIX əsrin sonlarında Bakıya gəlmiş və burada dərin izlər buraxmış iş adamları olublar. O dövrdə Bakıda yaşayan malakan icmasının nüfuzlu üzvlərindən olan Skobelevlər, təkcə biznes sahəsində deyil, eyni zamanda şəhərin dəyişən simasını hiss edərək bu dəyişikliyə töhfə verən şəxslər kimi tanınıblar.

Həmin illərdə Bakı sürətlə inkişaf edir, yeni üfüqlər, yeni tikililər və imkanlar açılırdı. Məhz bu zaman Skobelev qardaşları sosial həyata ciddi təsir göstərən layihələrə imza atmağa başladılar. 1903-cü ildə bir çox çətinliklərə baxmayaraq buxar mühərrikli dəyirman tikmək üçün icazə istədilər. 1909-cu ildə isə dəyirman binası yüksəlməyə başladı. Bu, sadəcə bir müəssisə deyil, Bakının sənaye həyatında yeni bir mərhələnin simvolu idi. Qeyri-rəsmi mənbələrə əsasən, layihənin həyata keçirilməsində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev də maliyyə dəstəyi göstərmişdi.
Ancaq bu binanın tarixində yalnız sənaye tikintisi deyil, həm də şəhərin ruhunu əks etdirən maraqlı hadisələr yer alır. Məsələn, o dövrün şəhər dumasının sədri Aleksandr Novikov, ərazinin gələcəkdə şəhərin mərkəzinə çevriləcəyini düşünərək layihəyə qarşı çıxmışdı. Lakin Skobelevlər qətiyyətlərini qoruyaraq icazə almağa nail oldular.

Nəticədə bu bina sadəcə bir sənaye obyektindən daha artıq bir məna qazandı. O, Bakının sənaye inkişafının və Skobelev qardaşlarının irsinin simvolik abidəsinə çevrildi. Onların bu şəhərə verdiyi töhfələr, dəyirmanın hər detalında hiss olunur. Bu hadisələr Bakının ümumi inkişaf tarixində kiçik, lakin vacib bir mərhələni təşkil edir.
Dəyirman 1904-cü ildə 100 nəfərlik işçi heyəti ilə fəaliyyətə başladı və 1910-cu ildə illik istehsalı 3 milyon rublu keçərək imperiyanın ən böyük dəyirmanına çevrildi.
Sovet dövründə də işləyən müəssisə 1987-ci ildə fəaliyyətini dayandırdı və Azərbaycan Rəssamlar İttifaqına verildi. 1996-cı ildə isə bina özəl bir sahibkar tərəfindən alındı, təmir edilərək ofis mərkəzinə çevrildi. Daha sonra binanın həyətində yeni bir tikili inşa olundu, ətrafında yaşıllıq zonası yaradıldı. Zaman keçdikcə bu ərazi “Landmark” adı altında ofis və hotel kompleksinə çevrildi.

Xanım Aydın