Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/28/2026

Paylaşın

HƏR ŞEYDƏN

“Danışır Bakı” – Bakının radio nostaljisi

“Danışır Bakı”, Radio

Bakı bir vaxtlar radioya qulaq asırdı.Yox, təkcə evdəki radioya yox. Küçədə, meydanda, istehsalat müəssisəsində, mağazada, çayxanada, bəzən də elektrik dirəyinin başına bərkidilmiş böyük səsgücləndiricidən gələn səsə…

O illərdə radio haradasa bir küncdə dayanıb sahibini gözləyən cihaz deyildi. Radio şəhərin öz səsi idi.

1926-cı il noyabrın 6-da “Danışır Bakı!” sözləri ilk dəfə paytaxtın küçə və meydanlarına quraşdırılmış reproduktorlardan eşidiləndə bu, adicə olaraq yeni texnologiyanın gəlişi deyildi. İnsanlar uzaqdakı səsi öz küçələrində eşidirdilər. Bəlkə də elə buna görə radioya münasibət də tamam başqa idi. İndi telefonun ekranına baxıb xəbəri oxuyur, qulaqcığı taxıb musiqiyə qulaq asır, maşında radio dinləyir, internetdən istədiyimiz verilişi istədiyimiz vaxt açırıq. Səs cibimizdədir.

Amma bir vaxtlar səs küçədə idi. Təsəvvür edin, köhnə Bakı küçəsidir. Elektrik dirəyinin başında səsgücləndirici. Aşağıda insanlar. Kimsə işə tələsir, amma bir anlıq dayanır. Kimsə əlində torba ilə yoluna davam edir, qulağı səsdədir. Kimsə həyət qapısının ağzında dayanıb fikrə dalıb qulaq asır.

O vaxtlar radioya qulaq asmaq üçün evə qayıtmaq lazım deyildi. Radio adamın yanına gəlirdi. Xəbər də, musiqi də, elan da küçəyə yayılırdı. Bəzən bir mahnının səsi küçənin o başından bu başına gedirdi. İnsanlar söhbətini kəsir, başlarını səsgücləndiriciyə tərəf çevirir, bir neçə dəqiqəliyə şəhərin öz səsinə qulaq asırdılar.

Sonra radio evlərə girdi…

Radionun ünvanı dəyişəndən sonra evdə başqa bir həyat başladı. Taxta gövdəli, iri, bəzən üstü örtüklə qorunan radio evin ən dəyərli əşyalarından birinə çevrildi. Amma onun ən maraqlı xüsusiyyəti bu idi: evdə heç kim xüsusi olaraq ona qulaq asmasa da, radio danışırdı. Mətbəxdə ana yemək bişirirdi, radio danışırdı. Ata qəzet oxuyurdu, radio danışırdı. Kimsə çay süzürdü, kimsə pəncərəni açırdı, uşaqlar dərs hazırlayır, oynayırdı… Radio isə bütün bunların fonunda sakitcə öz sözünü deyirdi. Bəzən heç kim efirdə deyilənlərə diqqətlə qulaq asmırdı. Amma radio susanda evin içində qəribə bir boşluq yaranırdı. Çünki radio artıq soyuducu, tozsoran, kondisioner kimi adi bir cihaz deyildi. Evdə insan səsi idi…

Bakı radiosu kinoda

Bakı radiosunun küçələrdən keçib evlərə, evlərdən keçib insanların yaddaşına necə yerləşdiyini kinomuz da qoruyub saxlayıb. Şamil Mahmudbəyovun 1969-cu ildə çəkdiyi “Şərikli çörək” filminə baxanda təkcə hadisələri görmürsən. Bakıya qulaq asırsan. İçərişəhərin küçələri, həyətlər, qala divarları, uşaqların səsi və bütün bunların arasından gələn radio… Filmdə Qırçı Məhəmməd balaca Vaqiflə nahar edir. Qəzetdən süfrə salınıb, yanlarında çörək, sadə bir nahar… Yuxarıda isə elektrik dirəyinə bərkidilmiş səsgücləndiricidən Bülbülün səsi gəlir. Bir tərəfdə müharibənin ağır günləri, bir tərəfdə çörək dərdi, bir tərəfdə uşaqların həyatı… Və bütün bunların üstündən keçən bir radio səsi. Elə bil şəhər öz ağrısını da, sevincini də radioya danışdırır.

Musiqi indi cibimizdədir

Bu gün isə istədiyimiz musiqini tapmaq üçün heç nə gözləməyə ehtiyac yoxdur.

Bir mahnının adını yazırsan — saniyələr içində qarşındadır. İstədiyin ifaçını, albomu, mahnını seçir, istədiyin qədər dinləyirsən. Müxtəlif platformalar musiqini dünyanın hər yerindən evimizə, maşınımıza, telefonumuza gətirir. İndi musiqini biz çağırırıq. Amma radionun estetikası başqa idi. Sən nə eşidəcəyini bilmirdin. Bəlkə çoxdan unutduğun bir mahnı səslənirdi. Bəlkə ilk dəfə eşitdiyin bir musiqi səni harasa aparırdı. Bəlkə də heç əhvalında olmadığın bir anda radio sənin üçün doğru mahnını seçirdi. İndi isə bir toxunuşla “keç”, bir toxunuşla “dayandır”, bir toxunuşla başqa mahnıya keçmək mümkündür. Köhnə radioda isə gözləmək vardı.

Mahnının başlamasını gözləmək, verilişi gözləmək, xəbəri gözləmək…

Bəlkə radionun sehrinin bir hissəsi də elə bu gözləmədə idi. Çünki sən musiqini seçmirdin. Musiqinin özü səni tapırdı.

Bu günün radiosu

İndi radio hara gedib? Əslində heç yerə. Sadəcə evin küncündən çıxıb həyatın hər yerinə dağıldı. Maşındadır, telefondadır, kompüterdədir, internetdədir. Səhər işə gedərkən dinləyirik, mətbəxdə yemək bişirərkən qulaq asırıq, uzun yolda radionun səsi bizə yoldaşlıq edir. Texnologiya radionu öldürmədi. Sadəcə onun yerini dəyişdi. Bir vaxtlar radio dirəyin başında idi. Sonra evin küncünə gəldi. İndi isə cibimizdə gəzir. Amma köhnə Bakı radiosunun səsi yalnız qulağa yox, şəhərə yayılırdı. Bir dirəyin başındakı səsgücləndiricidən çıxan səs bir küçənin, bir meydanın, bir məhəllənin səsinə çevrilirdi. İndi isə çox vaxt hər kəs öz səsini özü seçir. Qulaqlıq taxırıq və dünya bir anda susur. Eşitdiyimiz musiqi yalnız bizim olur.

Bakı həmişə danışacaq

Bəlkə bir gün maşında təsadüfən köhnə bir mahnı səslənəcək. Və o mahnı ilə birlikdə gözünüzün önünə elektrik dirəyindəki səsgücləndirici, İçərişəhərin dar küçəsi, bir evin mətbəxi, radio qarşısında oturan insanlar gələcək. Hər şey dəyişəcək – insanlar, nəsillər, dövrlər… Amma radiodan həmişə bu səs gələcək: “Danışır Bakı…”

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

Ən son

GÜNDƏM

Bu ilin yanvar–avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata

GÜNDƏM

Bu ilin yanvar–avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin