Dağlı Musanın adı çəkiləndə Bakının mərd, hesab kəsən qoçularından ən cəsarətlisi göz önünə gəlir. Rusiya-Osmanlı müharibəsi zamanı Osmanlının əsir düşən zabit və əsgərlərinin Nargin adasından xilası və onun qonağı olması isə çoxlarını düşündürən suallar sırasındadır. Əldə olunan məlumatlardan, o dövrün mətbu orqanlarının yaydığı xəbərlərdən bəlli olur ki, 1916-cı ildə rusların Ərzurumu və Trabzonu ələ keçirməsindən sonra çoxsaylı türk zabit və əsgərləri əsir alınır. Onlardan təxminən 600 nəfəri Bakı yaxınlığındakı Nargin adasında saxlanılır. Aclıq, susuzluq və xəstəlik əsirlərin durumunu ağırlaşdırır.

Bakı milyonçuları əsirlərin Nargin adasından xilası üçün yollar arayırlar
Xəbər Bakı milyonçularına çatır. Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, İsa bəy Hacinski Bakı qoçularını bir araya cəm edib əsirlərin Nargin adasından xilası üçün yollar arayırlar. Malbaş Yusif, Məşədi Ələsgər, Dağlı Musa, Qoçu Qurbanqulu və Qoçu Nəcəfqulu dəstəsini götürüb Hacı Zeynalabdin Tağıyevin malikanəsinə gəlir. Hacı Zeynalabdin Tağıyevin, Həbib bəy Mahmudbəyovun, Əliağa Şıxlinskinin rəhbərliyi ilə öncə əsirlərə gizlin şəkildə yardım göndərilir. Nəriman Nərimanovun, Nigar Şıxlinskayanın başçılığı ilə təşkil olunan həkim briqadası Mahmudbəyovun Bakı Quberniyasına müraciətindən sonra icazəli şəkildə adaya göndərilir. Vəziyyətin dəhşətli olduğunu bildikdən sonra Bakı milyonçuları sərmayə ayıraraq əsirlərin gizlin şəkildə adadan çıxarılması üçün plan tərtib edirlər. Dağlı Musanın və Qoçu Qurbanqulunun iradəsi ilə əsirləri rus əsgərlərindən pulla satın alır, bir çoxunu isə qaçıraraq Vətənə – Osmanlıya göndərirlər. Bəzən bir gündə 10-15 nəfər əsiri azad edən qoçular onların xilasına nail olurlar.

Həmin gün Rusiyada nəşr olunan qəzetlər xəbər verirdilər ki, bu gecə Nargin adasından 12 türk əsgəri qaçmaq istəyib
Əldə olunan məlumatlardan o da bəlli olur ki, qoçular əsirləri xilas etmək üçün Zığ burnunda bağlanan qayıqlardan istifadə edirlər. Gecələr qayıqları oğurlamaqla prosesi başa çatdırırlar. Həmin vaxtlar Zığ burnunda bağlanan qayıqlardan biri dənizin içərilərində tapılır. Növbəti gün rus nəzarətçilərin bir qayığı dənizin içərisində tapması ilə hadisənin üstü açılır. Həmin gün Rusiyada nəşr olunan qəzetlər xəbər verirdilər ki, “bu gecə Nargin adasından 12 türk əsgəri qaçmaq istəyib, fırtına isə qayığı çevirib, əsirlər boğulublar”. Halbuki qaçırılan əsirlər İsmailiyyə binasında – Hacı Zeynalabdin Tağıyevin qurduğu, Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi “Cəmiyyəti – Xeyriyyənin” – Müsəlman Xeyriyyə Cəmiyyətinin iqamətgahında müayinədən keçir, Dağlı Musanın evində dincəldikdən sonra yola salınırdılar. Ötən əsrin Bakısı ilə bağlı xatirələri “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında qələmə alan Manaf Süleymanov bu barədə qeyd edir: “Dağlı Musanın “Brilyant” ləqəbli Ağakərimə söylədiklərindən bəlli olur ki, 1917-ci ilin sonunadək 200 nəfərdən çox Osmanlı əsir zabit və əsgərləri Bakı milyonçularının istəyi, Bakı qoçularının iradəsi ilə Nargin adasından, Çar Rusiyasının əsarətindən xilas olunublar”.
Bu, o dəhşətli illərdə Azərbaycan xalqının Sarıqamış və Çanaqqala hadisələrindən öncə və sonra qardaşın qardaşa edə biləcəyi ən böyük yardımlardan, yaxşılıqlardan biri idi ki, onun ardınca Qurtuluş Savaşı və komissar Nəriman Nərimanovun “Qardaşın qardaşa borcu olmaz!” nidası ilə Osmanlıya böyük dəstəyi gəlirdi…
Şərəf Cəlilli