Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışı olub.
Baki-Baku.az xəbər verir ki, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə keçirilən fotosərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Sərginin məqsədi müdriklik, təcrübə ilə dolu həyat dövrünü nümayiş etdirməkdir. Burada təqdim olunan fotolarda ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin simaları əks olunub.
Fotosərgi ilə tanış olan Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb və xatirə şəkilləri çəkdiriblər.
“Zamanın səsini dinlə” fotosərgisi şəhər sakinlərinin də marağına səbəb olub.
Kameranın obyektivi bizə yalnız simaları təqdim etmir, həm də gözlərdə, üz cizgilərində və baxışlarda həkk olunmuş hissləri, emosiyaları çatdırır. Hər bir fotoşəkil müasir dünyanın səs-küylü təlaşı arasında itən zamanın sədasını eşitmək imkanı yaradır.
Sərgi mövzu qəhrəmanlarının istiqanlılığından və iradələrinin möhkəmliyindən ilhamlanıb. Bu insanların xatirələri keçmişə aparan bir körpüdür. Çünki onların əksəriyyəti ölkəmizin çətin və keşməkeşli dövrlərində yaşamış, indiki dünyamızı formalaşdıran mühüm hadisələrin şahidləri və iştirakçıları olublar.
“Zamanın səsini dinlə” sərgisi ahıl insanlara hörmətin, diqqətin və qayğının nə qədər vacib olduğunu düşünməyə çağırır. Çünki bu qayğı onların ömrünü uzadır, həyatlarını daha da işıqlı və gözəl edir.