I Yazı
Küllərindən doğan kimlik
Şimali Qafqazın mərd, igid xalqlarından olan çərkəzlər bir vaxtlar Qafqazın ən qüdrətli xalqlarından, rus işğalına qarşı mətanətlə sinə gərərək bu yolda on minlərlə şəhid verən, “bölgədə Rusiya ilə bərabərhüquqlu dövlət quran və ona öz şərtlərini diktə etdirən, 1739-cu ildə isə onu özünün dövlət müstəqilliyini tanımağa məcbur edən qəhrəman və olduqca döyüşkən xalqlardan biri hesab edilirlər.
Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki, Qafqaz tarixində Rusiyanın işğalçılıq siyasətinə qarşı çeçenlər istisna olmaqla, onlar qədər kəskin müqavimət göstərən ikinci bir xalq yoxdur”. “Çərkəzlər eyni zamanda dünya tarixində və mədəniyyətində özünəməxsus iz qoymuşlar. Onlar, əsasən, Şimali Qafqazın qərb hissəsində – müasir Rusiyanın Adıgey, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarında və ətraf ərazilərdə məskunlaşıblar. Çərkəzlərin etnik kimliyi, dili, zəngin adət-ənənələri, mədəni irsi və tarixi taleyi əsrlər boyu təkcə Qafqazın deyil, həmçinin Yaxın Şərqin, Anadolunun və Avropanın siyasi və mədəni həyatında mühüm rol oynayıb. Çərkəzlərin əsil mənşəyi, onların mühacirət tarixi, sürgün dövrləri və dünya miqyasında diasporunun formalaşması həm elmi dairələrdə, həm də ictimai – siyasi fikirdə daim müzakirə mövzusu olub. Bununla yanaşı Qafqaz xalqlarının antropoloji, sosial və mədəni inkişafında çərkəzlərin yeri və rolu hər zaman xüsusi əhəmiyyət kəsb edib.

Çərkəzlər əsasən iki böyük etnoqrupdan ibarətdir: Adıgələr və Kabardinlər
Çərkəzlərin etnogenezisi Qafqazın ən qədim xalqları ilə bağlıdır. Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki, çərkəzlərin kökləri eramızdan əvvəl II minilliyə, hətta daha qədim dövrlərə qədər uzanır. Onlar proto-Qafqaz tayfa ittifaqlarının davamçıları olaraq qəbul edilir və dil baxımından Qafqaz dilləri ailəsinin abxaz-adiq qoluna mənsubdur. Çərkəzlər əsasən iki böyük etnoqrupdan ibarətdir: Adıgələr və Kabardinlər. Sonralar bu qruplar arasında regional və sosial fərqlər yaransa da, onlar din, dil və mənəvi dəyərlərini qoruyub saxlamışlar. Qədim yazılı mənbələrdə çərkəzlər “Adiqa”, “Adıgey”, “Çerkas” kimi fərqli adlarla xatırlanır. Onların Qara dəniz və Qafqaz dağlarının ətəklərində yaşaması, məskunlaşma areallarının zəngin təbiəti və coğrafi mövqeyi çərkəzlərin tarixi taleyini və inkişafını müəyyən edib.
“Qafqaz dilləri ailəsinin Abxaz-Adıq qoluna aid olan çərkəz dili Adıgə, Kabardin-Balkar dialektlərinə ayrılır. Dilin fonetik quruluşu çox zəngindir və 50-dən artıq səslə fərqlənir. Çərkəz dilinin ilk yazılı nümunələri XIX əsrin ortalarında yaranıb. Hazırda burada latın və kiril qrafikalı əlifbalardan istifadə olunur. Rusiya Federasiyası ərazisində çərkəz dili rəsmi statusa malikdir və məktəblərdə tədris edilir. Qafqazdan kənarda, xüsusilə Türkiyə Cümhuriyyətində, İordaniya, Suriya, İraq, İsrail və Avropa ölkələrində yaşayan çərkəzlər də ana dilinin qorunması üçün müxtəlif mədəniyyət mərkəzləri və dərnəklər yaradıblar.

Rusiyanın Qara dəniz sahillərinə çıxış yolu axtarışı rus zülmünə dözməyən çərkəzlərin Anadoluya köç prosesinin əsasını qoydu
“Qafqazın digər xalqları kimi, çərkəzlər də XVIII əsrdən başlayaraq ən ağır dövrlərini yaşamalı olublar. Buna səbəb də Rusiyanın işğalçılıq siyasəti idi. Rusiyanın çərkəzlər yaşayan əraziləri ələ keçirərək Qara dəniz sahillərinə çıxış yolu axtarışı rus zülmünə dözməyən çərkəzlərin özlərinə yaxın hesab etdikləri Anadoluya köç prosesinin əsasını qoyub. 1828-ci ildə çərkəzlərin – adıqların ana yurdu olan Anapanın ruslar tərəfindən işğalından sonra burada yaşayan əhalinin bir hissəsinin Anadoluya köçü başlayıb. Həmin dövrdə Türkiyənin Qara dəniz sahillərində 370 adıq – çərkəz ailəsindən ibarət ilk yaşayış məskəni salınıb. Kədərli olsa da, artıq Anadoluya çərkəz köçünün önü açılmışdı. Çərkəzlər rus işğalı altında yaşamaqdansa, islam dinində olduğu kimi, mühacirət etməyi daha məqsədəuyğun hesab ediblər”.

Qriqori Qaqarin: Çərkəzlərin və müsəlman osetinlərin köçü bölgədəki 22 min çeçenin də yaşadığı yerləri tərk edərək Anadoluya üz tutmasına gətirib çıxardı
1847-ci ilin fevral ayında Kemquy xanlarından olan Qaplan-Girey xan 1619 nəfərlə İstanbula köçüb. Bu hadisədən sonra, yəni Krım savaşı öncəsi Çərkəzistanın Rusiya üçün xüsusi, strateji əhəmiyyət daşıdığı ortaya çıxmışdı. Üstəlik Şeyx Şamilin həmin dövrdə rus işğalına qarşı müqavimət göstərməsi də Rusiyanı bölgədəki çərkəz varlığından narahat olmağa vadar etmişdi. 1853–1856-cı illəri əhatə edən Krım müharibəsi zamanı rusların çıxılmaz duruma düşməsinə baxmayaraq çərkəzlər yaşayan bölgələrdəki hərbi hissələrini qorxudan savaşa göndərməmişdilər. Ona görə də rus çarı bölgədə yaşayan adıqları, abazları, noqay və Krım tatarlarını yox etmək, onları digər ölkələrə, o cümlədən Anadoluya köçməyə məcbur etmək barədə planlar hazırlamışdı. Bu məqsədlə 1860-cı ildə rus çarı general Mixail Tarieloviç Loris-Melikovu İstanbula göndərmişdi. Onun səyləri nəticəsində Osmanlı Sultanı Şimali Qafqazdan çərkəzlərin və digər müsəlman əhalinin Anadoluya köç etməsinə razılıq vermiş və bu məqsədlə xüsusi köç komissiyaları qurulmuşdu.

Qara dəniz sahillərində yaşayan Çərkəz soylu xalqlar ruslara boyun əymək niyyətində deyildilər
Rus məmurları və hərbçiləri müsəlman çərkəz və osetinlərin Anadoluya köçlərini sürətləndirmək məqsədilə zorla onların torpaqlarını əllərindən alır, ya da zor işlətmədən yerli bəylərə külli miqdarda rüşvət verirdilər. Əldə edilən məlumatlar sübut edir ki, çərkəzlərin və müsəlman osetinlərin Anadoluya köçü həmin dövrdə bölgədəki 22 min çeçenin də yaşadığı yerləri tərk edərək Anadoluya üz tutmasına gətirib çıxarmışdı. Bundan sonra Qafqazın hər yerindən Anadoluya ardı-arası kəsilməyən və illərlə davam edən köç prosesinə başlanıldı. Bölgəni tərk edənlərə Dağıstanda yaşayan xalqlar, o cümlədən abxazlar və qaraçaylılar da qoşuldular.
Buna baxmayaraq, həmin dövrdə çərkəzlər rus işğalına qarşı möhkəm müqavimət göstərməkdə davam edirdilər. Xüsusilə, Qara dəniz sahillərində və onun şərqində yaşayan – abadzehlər, naturaylar, noqaylar , şapsuqlar, hakuçlar, vıbıhlar – ubıxlar, aibqalar, ahçipsovlar, ciqetlər, pshular ruslara boyun əymək və işğal altında yaşamaq niyyətində deyildilər və onlar qarşı tərəflə savaşmaqda davam edirdilər. Amma təəssüf hissi ilə qeyd edək ki, artıq 1859-cu ildə adıq- çərkəz feodal topluluqlarının bir hissəsi – Bjeduğ, Kemquy, Mahoş, Yeqerukay, Kuban, Kabarda, Beslen kimi tarixi çərkəz şəhərlərəi rus işğalı ilə barışmışdı. Bu da rus qoşunlarının qərbə doğru irəliləyərək Şhaquaqe – Byelaya çayının sahillərinə qədər gəlib çatmasına imkan vermişdi.

General Baryatinski Milyutin tərəfindən irəli sürülən çərkəzlərin Osmanlıya köçürülməsi planını yenidən işlədi
1857-ci ildə Rusiyanın Qafqaz ordusu baş qərargahının komandanı, general Milyutin adıqların müqavimətini qırmaq üçün onların bir hissəsinin Don çayı hövzəsinə köçürülməsi barədə xüsusi plan hazırlayaraq çara təqdim etmişdi. Lakin o vaxt bunun bölgədə ruslara qarşı yeni savaşa səbəb ola biləcəyindən narahat olan çar Milyutinin planını qəbul etməkdən çəkindi. Bundan sonra rus ordusunun digər generalı Filipson Qara dəniz sahillərində yaşayan çərkəzlərə Osmanlı ilə sərbəst ticarət əlaqəsi verilməsini və bu yolla onların rəğbətinin qazanılması planını irəli sürdü. 1861-ci ildə çarın xüsusi fərmanı ilə köləlik ləğv edildi. Bundan sonra artıq təhkimçilik zülmündən xilas olan kəndlilərə əkin üçün yeni torpaqlar verilməsi zərurəti ortaya çıxdı. Rus çarı kəndliləri məhz çərkəzlər yaşayan Qara dəniz sahillərinə köçürmək istəyirdi. Bu səbəbdən də çar məmurları tərəfindən çərkəzlərə təzyiqlər artırdı. Həmin dövrdə Qara dəniz sahillərində yaşayan vıbıh -ubıx və ciqetlər , abazinlər Osmanlı İmperiyası ilə əsasən kölə ticarətini həyata keçirirdilər. Gözəl kölə qızları Osmanlı tacirlərinə sataraq varlanan vıbıh və ciqetlər bundan xeyli gəlir əldə edirdilər. “Bu səbəbdən də vıbıhlar və ciqetlər bölgənin rus işğalı altına keçməsinə qarşı müqavimət göstərirdilər. 1861-ci ildə Qafqaz ordu komandanı, general Baryatinski vaxtilə Milyutin tərəfindən irəli sürülən çərkəzlərin Osmanlıya köçürülməsi planını yenidən işlədi. O, plana çərkəzlərin boşalan yerinə təhkimçilik zülmündən xilas olan rus kəndlilərinin və kazakların köçürülməsini də əlavə edərək yenidən çara təqdim etdi.” Qeyd edək ki, 1855-ci ildə müəyyən səbəblər üzündən Osmanlı tərəfindən çərkəz kölə ticarəti qadağan edilmişdi. Amma 1861-ci ildə Osmanlı dövləti “Çərkəz kölə ticarətinin pis vəziyyətdə olmadığı”nı nəzərə alaraq, bu qadağanı aradan qaldırdı. Çərkəz kölə sahibləri bunu böyük sevinclə qarşıladı. Rusların çərkəzləri köçürmək niyyətini anlayan adıq topluluqları – abadzeh, şapsuq, və vıbıh fəlakətin qarşısını almaq və buna qarşı lazımi tədbirlər görmək məqsədilə 1861-ci ilin iyun ayında Soçi -Şaçe, Şıaçe yaxınlığında Çərkəz Xalq Məclisini çağırdılar. Məclisdə 15 nəfərdən ibarət Məclis Şurası quruldu. Yeni qurum bir milyondan artıq adıq topluluqlarını təmsil edirdi.

Çar II Aleksandr: “Ya Türkiyəyə köç edin, ya da Kuban çayı ətrafında sizə ayrılacaq yerlərə”…
1861-ci ilin sentyabrında Çar II Aleksandr bölgədəki Kamketi istehkamına səfər edir. Bundan istifadə edən çərkəz nümayəndələri Çar II Aleksandrla görüşürlər. Onlar çara öz yerlərindən köçürülməmək şərti ilə onlarla uzlaşa biləcəklərini bilirdilər. Vıbıhlar bu istəklərini hətta yazılı şəkildə çara təqdim edirlər. Amma Çar II Aleksandr onlara: “Ya Türkiyəyə köç edin, ya da Kuban çayı ətrafında sizə ayrılacaq yerlərə. Son qərarınızı da bir ay ərzində general Kont Yevdokimova təqdim edin”- deyə çərkəzlərin köçürülməsi planının bütün hallarda həyata keçiriləcəyini nümayiş etdirir. Çərkəzlərin köçürülməsi nəzərdə tutulan Kuban çayı ətrafı ərazilər başdan-ayağa bataqlıqların və xəstəliklərin mənbəyi idi. Bura çərkəzlərin köçürülməsi isə onların böyük hissəsinin xəstəlikdən məhv olunması demək olacaqdı. Çarın bu qərarını yalnız Kuban çayına yaxın ərazilərdə yaşayan abadzehlər qəbul edirlər. Qara dəniz sahillərində yaşayan şapsuqlar, vıbıhlar isə çarın istəyini qəbul etmirlər. Vıbıhlar təsirləri altında olan abazalar və şapsuqları ətraflarında birləşdirərək çarın köçürmə siyasətinə qarşı yeni cəbhə açırlar.

Rus hökumət 1862-ci il, may ayının 10-da “Çərkəzlərin Rusiyanın xaricinə köçürülməsinə razılıq verilməsi barədə” qərar qəbul edir
Çərkəzlərin çarın köç qərarını qəbul etmədiyini görən rus hökuməti 1862-ci il, may ayının 10-da “Çərkəzlərin Rusiyanın xaricinə köçürülməsinə razılıq verilməsi barədə” qərar qəbul edir. Krım savaşının nəticəsi olaraq 1856-cı ildə imzalanan “Paris anlaşması”na görə, Rusiya Qara dənizdə hərbi donanma saxlaya bilməzdi. Ona görə də bu planı həyata keçirmək məqsədilə rus ordusu Qara dəniz sahillərindəki çərkəzləri mühasirəyə alaraq onları bir neçə yerə parçaladılar və aralarında hərbi istehkamlar qurdular. Bu da onların bir-birindən təcrid olunmasına və tədricən yaşadıqları yeri tərk etməsinə səbəb oldu. 1862-ci ildə qar əriyən kimi ruslar çərkəzlər üzərinə hücum edərək mühasirəyə aldıqları kəndləri yerlə yeksan etməyə başladılar. Çərkəzlərin birdəfəlik müqavimətini qırmaq və bu problemi bütünlükllə həll etmək üçün Rusiya çarı bölgəyə 300 min əsgər göndərir.

Vıbıhlar bölgədə yeni bir Rusiya – Avropa savaşının başlayacağına ümid edərək, Anadoluya köç etməyə tələsmədilər
Çərkəzlər rusların işğalına kəskin şəkildə müqavimət göstərirdilər. Ancaq qüvvələr qeyri-bərabər idi. Ruslar hər gün əlavə canlı qüvvə və silah yardımı alırdılar. Çərkəzlərin isə barıtı, patronu get-gedə tükənirdi. Buna baxmayaraq, onlar il ərzində düşmənlə qanlı döyüşlər apardılar. 1863-cü ilin yayında çərkəzlər artıq müharibədə uduzmalarının qaçılmaz olduğunu anladılar. Bunu nəzərə alaraq, 1863-cü ilin iyul ayında əvvəlcə abadzehlər, oktyabr ayında isə şapsuqlar qarşı tərəfə atəşkəs xahişi ilə müraciət etdilər. Bundan sonra abadzehlərin bir hissəsi Kuban ətrafına, digər hissəsi isə Osmanlıya köç etməyə başladı. Amma Krımla qonşuluqda yaşayan vıbıhlar bölgədə yeni bir Rusiya – Avropa savaşının başlayacağına ümid edərək, Anadoluya köç etməyə tələsmədilər. Qışın gəlməsi və Osmanlının xahişi ilə Rusiya hökuməti şapsuqların 1864-cü ilin mart ayının 6-na kimi bölgədə qalmasına icazə verdi. Bu ərəfədə bölgədə hücum əməliyyatlarını həyata keçirən rus ordusu 1864-cü ilin mart ayında vıbıhlar yaşayan ərazilərə daxil oldular. Vıbıhlar rus hərbi komandanlığına elçi göndərərək onlarla sülh danışıqlarına başlamağı təklif etdilər. Rus hərbçiləri isə bunu qarşı tərəfin vaxt udmaq siyasəti olmasını düşünərək rədd etdilər. 1864-cü il, mart ayının 19-da rus ordusu ilə vıbıhlar arasında gərgin döyüş baş verdi.

Kazan xanlığının zamanında olduğu kimi, yerli xalqa xristianlığı qəbul etməyi təklif etdilər
Vıbıhlar qəhrəmancasına vuruşmalarına baxmayaraq, məğlub olaraq geri çəkildilər. 1864-cü il, mart ayının 24-də tərəflər arasında atəşkəs elan edildi. Bunun ertəsi günü rus hərbi birləşmələri vıbıhların müdafiə mövqeyi olan Navaqinsk qalasını döyüşsüz təslim aldılar. Bundan sonra rus əsgərləri dağlıq ərazilərdə düşmənlə savaşı davam etdirən Aibqa, Ahçipsov, Ciqet və Pshu ərazilərinə, indiki Qaqra şəhərinə doğru yeridilər. Adıqların sərt müqavimətinə baxmayaraq düşmən aprel və may ayında nəzarəti ələ aldı. 1864-cü il, may ayının 12-də isə Aibqa topluluğunun müqaviməti qırıldı və onlar düşmənə təslim oldular. Bundan sonra rus hərbi komandanlığı Qazan xanlığının zamanında olduğu kimi, yerli xalqa xristianlığı qəbul etməyi təklif etdilər. Bu təklifi qəbul edənlərə doğma yurdlarında qalmağa icazə verildi. Qəbul etməyənləri isə zorla Anadoluya köçürməyə başladılar. Onların boşalmış əraziləri isə Kuban ordusunun idarəçiliyinə verildi. Bununla belə, şapsuqların və vıbıhların qonşuları olan və dağlarda yaşayan adıqe hakuç topluluğu ruslarla savaşı 1870-ci ilə kimi davam etdirdilər. Ancaq sonda onların da müqaviməti qırıldı. Rus işğalı nəticəsində bəzi adıq boyları isə yer üzündən tamamilə silindi.
Şərəf Cəlilli