Cəmiyyətin inkişafı ilə insanların düşüncə tərzi, dəyərləri və həyat prioritetləri dəyişir. Nəsillər arasındakı fərqlər – onların böyüdüyü dövrün sosial, iqtisadi və texnoloji şəraitindən qaynaqlanır. Hal-hazırda nəsillər arası bölgü belədir :
- Baby boomers nəsli
- X nəsli
- Y nəsli
- Z nəsli
Baby Boomers tərcümə ilə “uşaq partlayışı” kimi tərcümə olunur. XX əsrin ortalarından III yarısına qədər anadan olan nəsil sayılır. Bu nəsil üçün ailə dəyərləri vacib idi. İnsanlar daha çox sabit iş rejiminə və uzunmüddətli karyeraya üstünlük verirdilər. Bu onların zəhmətkeş olduqlarının göstəricisi idi. Əsas məqsədləri isə ailə qurmaq və uşaq yetişdirmək idi.
X nəsli XX əsrin 60 – 80-ci illərində anadan olan nəsildir. Bu nəsil öz müstəqil düşüncələri ilə seçilirdi. Onlar üçün əsas məqsəd öz təhsil və iş həyatlarında peşəkar olmaq idi. Bu dövrdə ali təhsil xüsusi önəm daşıyırdı. Texnologiyaya yeni uyğunlaşmağa başlayırdılar, lakin ənənəvi üsullara üstünlük verirdilər. Bu nəsil üçün şəxsi inkişaf və peşəkarlığın ön planda olmasına baxmayaraq ailə və sosial münasibətlər də onlar üçün önəmli idi.
Y nəsli XX əsrin 80-90-cı illərində anadan olan nəsildir. Artıq rəqəmsal texnologiyalar inkişaf etməyə başladığı üçün Y nəslinin vacib sahəsinə çevrilir. Bu nəsil üçün karyera vacib idi, lakin monoton işdən çəkinirdilər. Bu günki iş yerlərində üstünlük təşkil edən yaş qrupudur.
Z nəsli XX əsrin 90-cı illərinin sonlarında XXI əsrin isə əvvəllərində anadan olan nəsildir. Yeganə nəsildir ki, həyatda baş verənlər texnologiya vasitəsilə, yəni İnternet, smartfonlar və sosial şəbəkələr vasitəsilə yayılır. Özlərini daha çox sosial şəbəkələrdə ifadə edirlər. Ali təhsil bir o qədər vacib deyil, çünki istedad və bacarıqlarına üstünlük verirlər. Bu nəslin konsentrasiya bacarığı zəifdir. Oxumaqdan çox baxmağa üstünlük verirlər. Sürətli qərarlar verməyi, işlərini çevikliklə həll etməyi bacaran nəsildir.
Psixoloq Tahir Akqubayev Z nəsli haqqında bu fikirləri söyləmişdir :
“Y və X nəslinin yaşayan nümayəndələrindən soruşsaq ki, indiki gənclər necədirlər, onlardan fərqli-fərqli cavablar eşidərik. Y və X nəsli Z nəslini belə qiymətləndirir : onlar eqoist və fərdiyyətçidirlər, daha çox özlərini düşünürlər, təkliyi sevirlər.
Z nəsli daha çox mənaya fokuslanır, yəni gördüyü işdə, getdiyi yerdə, etdiyi fəaliyyətdə bir məna axtarır. O mənanı orda tapırsa, yer ona çox maraqlı gəlir. Ora üçün zamanını, bütün enerjisini xərcləməyə hazırdır. Özünü rahat hiss etmədiyi yerdə əsla olmaq istəmir. Məsələn, bir Y nəslinin nümayəndəsi işini sevmirsə, maaşına görə o işdə rahatlıqla qala bilər, amma bir Z nəslinin nümayəndəsi o işi sevmirsə, orda nə qədər maaş versələr də, o orda qalmaq istəməz”.
Digər nəsillərdən böyük fərqi öz mental sağlamlıqlarına önəm vermələridir. Duyğularını açıq ifadə etməkdən çəkinmirlər. Mental sağlamlıqları üçün psixoloqa müraciət edirlər və bununla öz psixi sağlamlıqlarını qoruyub balanslı həyat tərzi sürməyə çalışırlar. Tez-tez iş və peşə dəyişmək onlar üçün adi haldır. Çünki rahatlıq və azadlıq bu nəsil üçün önəmlidir. Ailə qurmağa tələsmirlər, hətta bəzən ailə həyatı onların maraq dairəsindən kənar qalan istək olur. Lakin buna baxmayaraq bu nəsil arasında boşanma halında ciddi artım müşahidə olunur. Sosioloq Lalə Mehranlı belə bildirmişdir :
“Ölkədə boşanan gənclər ordusu yaranıb, əlaqədar komitənin tükü tərpənmir. Bu coğrafiyanın ailələri regionun ən sarsıdıcı müharibələrini görüb, Böyük Vətən Müharibəsinin, Qarabağ müharibəsinin iştirakçıları olublar. Tarixinin ən çətin illərini yaşayıb Azərbaycan ailələri o illərdə, ac qalıb, çılpaq qalıb, yenə də boşanmalar bu qədər dəhşətli rəqəmlərlə xarakterizə olunmayıb”.
Bu rəydən anlaya bilərik ki, Z nəslində ailə həyatı qurmaq çətin gəlir, çünki ya uğursuz sonla nəticələnir, ya da, ümumiyyətlə, istəklərindən kənar qalır. Nəslin bəzi nümayəndələri isə nikahdan kənar birlikləri qəbul edir, evlənmək üçün gec qərar verirlər. Onlar üçün ailədə bərabər hüquqlar böyük önəm daşıyır.
Ümumiyyətlə nəsil həm geyim, həm davranış, həm düşüncə tərzi, həm həyatdakı məqsəd və istəkləri baxımından digər nəsillərdən xeyli fərqlənirlər. Məsələn, 80-90-cı illərdə dəbdə olan geyimdən demək olar ki, hamı istifadə edirdi, lakin hal-hazırda hərənin özünəməxsus geyim tərzi var. Z nəslindən olanların valideynləri Y nəslinə aid olduğu üçün fikir ayrılıqları yaşanır. Çünki Y nəsli mövcud vəziyyətə öz dövründən çıxış edərək yanaşır, lakin dövr dəyişdiyi və rəqəmsal texnologiya inkişaf etdiyi üçün Z nəslinin nümayəndəsi vəziyyəti tamamilə fərqli yanaşa bilər. Məsələn, Y nəsli öz dövründə daha çox müharibə və aclıq gördüyü üçün çətinliklə böyüyüb, ali təhsil alıblar. Bu nəslin düşüncəsində ali təhsil o çətin dövrdə belə önəmli idi, çünki ali təhsilli insanlar daha tez iş tapırdılar. Z nəslində isə ali təhsil yox, bacarıqlar ön plandadır. Çünki artıq dövrün tələbi də budur. Buna görə də ortaya fikir ayrılığı çıxır. Valideyn öz dövrünün tələblərinə əsasən düşünür, övlad isə öz. Y nəsli valideynləri övladlarını təhsilə məcbur edir, övlad isə öz azadlığına düşkündür. Onun üçün rahatlıq hər şeydən önəmlidir.
Bundan sonrakı nəsil alfa nəsli olacaq. Bu nəslin də özünəməxsus xüsusiyyətləri və dünyagörüşü olacağı yəqindir.
Son 20 ildə gənclərin sabitliyə yönəlmiş klassik həyat tərzindən çevik, rahat və müstəqil həyata keçid müşahidə olunur.
Rəhilə Mirzəyeva