Nəşr edilmişdir 11/01/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Çörəyi sudan çıxanlar

Balıqçı

Balıqçılar

Ötən əsrin 80-ci illərinin əvvəllərində Abşeronun məşhur balıqçılıq mərkəzi olan Artyomda (indiki Pirallahı) tükürpədici bir cinayət hadisəsi baş vermişdi. Yaxın qəsəbələrdə Ləmişkə ləqəbiylə tanınan məşhur balıqçı bir neçə milis zabitini qətlə yetirmişdi. Sərxoş vəziyyətdə gəlib qəsəbənin Milis bölməsinin qapısını bayırdan möhkəm bağlamış, kiçik binaya bir kanistr benzin töküb od vurmuşdu. İçəridəki milis zabitləri də diri-diri yanmışdılar. 

Bu cinayət hadisəsi SSRİ miqyasında böyük əks səda doğurdu. Dövlət idarəsinə hücum,  qanun keşikçilərinin xüsusi qəddarlıqla qətlə yetirilməsi nadir hadisə idi. Hətta Mərkəzi telekanaldakı “İnsan və qanun” verilişi bu hadisə haqqında xüsusi reportaj hazırlamışdı. Qazaxıstan kinematoqrafçıları bu hadisənin motivləri əsasında bədii film də çəkdilər.

Hadisə şəxsi münaqişə zəminində baş versə də, bunun zərbəsi həmin dövrdə fəaliyyət göstərən bütün Abşeron balıqçılarına dəymişdi. Qayıqların hamısı müsadirə olunmuş, balıqçılara dənizə çıxmaq qadağan edilmiş, bəziləri brakonyerlik üstündə həbs edilmişdi. Şəhərdə təzə balıq tapmaq müşkülə çevrilmişdi.

“Sudan gələn suya gedər” – bu ifadəni uşaq vaxtı çox eşidərdim. Balıqçıların qazandıqları çox vaxt heçə-puça sərf olunardı. Adamlar da əksər hallara məhz bu hadisəni nümunə gətirib gənclərə ibrət verərdilər ki, balıqçılığa çox baş qoşmasınlar, çünki axırda xeyir tapmayacaqlar. Səbəb isə ağ balıq (nərə balığı növləri) idi. Yerli camaat haram bildiyinə görə ağ balıq yeməzdi. Və onun ovuyla da məşğul olmağı o qədər də məqbul hesab eləmirdilər. 

Balıqçı

Peşəkar balıqçılar arasında qəbri olan adamlara çox az rast gəlinirdi. Qiymətli balıq növlərinin dalıyca Xəzərin dərinliklərinə qədər gedib çıxan balıqçı qayıqları, ara-sıra tufana düşür, qəzaya uğrayır və dəniz balıqçıları diri-diri udardı. Xəzər əsrlər boyu həm çörək verən, həm də can alan olub.

Ümumilikdə, Xəzərdə balıqçılığın tarixi çox qədimdir. Ən maraqlısı isə budur ki, Xəzərdə vəhşi balıqlar olmayıb, ona görə bu münbit şəraitdə digər balıqlar rahat inkişaf edib çoxala bilirdilər. Yalnız ötən əsrin ortalarında Xəzərə ilk vəhşi balıq – kefal balığı buraxıldı.  Bu da o biri balıqların populyasiyasına böyük zərbə vurmuş oldu.

Bakı və ətraf ərazilərdə balıqçılıq orta əsrlərdən mövcud olub. Kiçik balıqçı gəmilərində Xəzərin ucqarlarına qədər gedib çıxan balıqçılarımız, ən dərin sularda da tor atır, zəngin ov ilə geri qayıdardılar. Bakıda duzlanıb qurudulan balıqlar Azərbaycanın başqa bölgələrinə, hətta Gürcüstana da ixrac olunurdu. Xəzərin xüsusi akvamədəniyyəti səbəbindən balıqların da həmişə çox dadlı olardı və yüksək qiymətləndirilərdi.

Orta əsrlərdə Bakının əsas iki ixrac məhsulu vardı. Neft və qurudulmuş balıq…

Balıqçılıq Bakıda, xüsusən, XIX əsrin ortalarında sürətlə inkişaf eləməyə başladı. Bu işdə Hacı Zeynalabdin Tağıyevin və Mayılov qardaşlarının rolu çox böyükdür. Onlar sadəcə balıq ovunu təşkil etməklə kifayətlənməyib, xüsusi vətəgələr də açmışdılar. Həmin vaxtlarda Bakıda Balıq məhsulları həddsiz ucuz və bol olduğuna görə, kasıbların yeməyi hesab olunurdu. Bir dəfə şəhərdə ağsaqqallar Hacı Zeynalabdinə şikayət edirlər ki, havalar yaxşı da olsa, şəhərdə təzə balıq tapmaq olmur, kasıb-küsüb, fəqir-füqəra qıtlıq çəkir. Elə bil balıqçılar tənbəlləşib.

Hacı deyir ki, eybi yox, bir şey fikirləşərəm. Və dərhal faytona oturub öz vətəgəsinə gedir. Bütün balıqçıların gözü qarşısında balıqlardan birini götürüb quyruğuna məftillə öz barmağındakı bahalı üzüyü bağlayıb təzədən dənizə buraxır.

Bu xəbər balıqçıların arasında geniş yayılır, quyruğuna bahalı üzük bənd edilmiş balığı tutmaq üçün hamı özünü dənizə vurur. Yaxın həftə ərzində şəhərə o qədər kütüm, siyənək, sazan, mərmayıl, ziyad balığı  gətirirlər ki, qiymətlər birdən birə neçə dəfə düşür, fəqir-füqəra, kasıb-küsüb sevinir, üzüyü tapa bilməyən balıqçılar isə dilxor olur.

Balıqçı

Bakı camaatı ən çox kütüm balığını sevərdi. Hətta xalq arasında ötən əsrin sonlarına qədər, kütümə “müsəlman balığı” da deyərdilər. Quraqlıq və başqa səbəblərdən Azərbaycanda məhsuldarlıq aşağı düşəndə və Bakıda ərzaq sarıdan qıtlıq olan illərdə, əhalinin köməyinə Xəzərin balıqları çatardı.

O vaxtlar yerli camaat ağ balıq deyilən nərə balığı çeşidlərini yeməzdi. Onu yalnız bakıdakı qeyri-millətlər istifadə edərdi. Həm özünü, həm də kürüsünü xaricə də idxal edərdilər. Həmin vaxtlarda Avropa ölkələrinə gedən milyonçular restoranlarda  qara kürü sifariş verəndə, onlar üçün üzərində “Q.Z Taqiyevski” yazılan dəmir kürü qablarında Xəzərdən çıxan ağ balıqların kürüsünü gətirərdilər. Hacı Zeynalabdinin vətəgələrinin məhsulları bütün Avropa ölkələrində satılardı…

Sovet dövrünün əvvəllərində balıqçılıq işi bir qədər səngimişdi. Çünki şəxsi vətəgələr bağlanmış, əvəzində dövlətə məxsus balıqçılıq təsərrüfatları yaradılmışdı. Lakin burda da məhsuldarlıq o qədər çox deyildi.

Yalnız Böyük Vətən müharibəsi illərində balıqçılığa diqqət yenidən artmışdı. 

Ölkədə ağır müharibə gedirdi. SSRİ-nin əsas taxılçılıq zonaları almanlar tərəfindən işğal olunmuşdu, ərzaq çatışmazlığı yaranmışdı. İnsanlar aclıq çəkirdilər. Məhz belə ağır şəraitdə şəxsən Mircəfər Bağırovun tapşırığı ilə balıqçılığa geniş meydan verildi. Bir çox idarələrə xüsusi qayıqlar ayrılır, balıqçı briqadaları təşkil edilmişdi. Onlar öz ovladıqları məhsulları həmin idarənin işçiləri arasında paylayırdılar. Bundan əlavə şəxsi adamların da balığa getməyinin qarşısı alınmırdı.

Bir çox şahidlərin bildirdiyinə görə, məhz həmin illərdə Xəzərdə o qədər balıq vardı ki yığıb yığışdırmaq olmurdu. O vaxt bizdə bir çox ailələr yeməyə çörək tapmasalar da, Xəzərin balıqlarıyla dolanırdılar. Sanki həmin ağır illərdə İlahinin insanlara mərhəmətiydi.

Müharibədən sonra balıqçılıq peşəsinin yanında qeyri-qanuni brokonyerlik məfhumu da peyda olmağa başladı. Brokonyerlər, qanunsuz olaraq, ağ balıq növləri və qara kürü ovuna çıxardılar. Milislərin gözündən yayınıb, gizli şəkildə ov edər, elə gizli şəkildə də bunun satışını həyata keçirərdilər.

Müstəqillik əldə edəndən sonra bu sahə də müasir standartlara uyğun şəkildə öz inkişafını davam etdirir, Xəzərin balıqları dünya səviyyəsində yenə də yüksək qiymətləndirilir.

Loading

Related Stories

İlqar Fəhmi-şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba

Ən son

DİGƏR XƏBƏRLƏR

Regional istiləşmə həddini əvvəllər düşünüldüyündən daha tez görəcəyik.Baki-Baku.az bu barədə “Moskovski Komsomolets”ə istinadən xəbər verir.Məlumata

DİGƏR XƏBƏRLƏR

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio

DİGƏR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətindən