Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/07/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Ciftə Saray-sürgünün başlandığı, sevginin sonuclandığı nöqtə

I yazı

Sabiha Sultan:Mustafa Kamal Paşa qayət yakışıklıydı

Sarayda sultan olaraq doğulmaq, könüllərdə sultan kimi qalmaq hər kəsin istəyi, arzusu olsa da, bu bir alın yazısı, Tanrının tale payıdır. Ötən əsrin əvvəlində fırtınalar, təlatümlərlə dolu – Osmanlı sarayında bir eşq rüzgarı əsib. Millətin Atasının “Elçi Kəcavəsi” Sarayın önündə, Sultanın qapısında dayanıb. Sultan Vahdəddinin qızı Ruqiyyə Sabiha Sultan bir də onda ayılıb ki, dünyanın ən yaraşıqlı kişisi, ən qüdrətli paşası ona aşiqdir. 40 il sonra hüzn, həyacan  dolu xatirəsi ilə o günlərə qayıdan Sabiha Sultan qeyd edəcəkdi: “Paşam məni istəmişdi, amma mənimlə danışmamışdı. Mən çəkindim, istəmədim. Önümdə heç də yaxşı örnək olmayan Ənvər Paşa və Naciyə Sultanın həyatı vardı. Sonra, tanınmış bir komutanla ailə həyatı qura biləcəyimə inancım yoxdu. Mustafa Kamal Paşa qayət yakışıklıydı. Atəş kimi gözləri vardı. Amma, evlənəməzdim. Zira Faruqu sevirdim”.

Bu mübhəm sevgi nədən baş tutmadı?

Atatürkşünaslar, bu mübhəm sevgidən kədərqarışıq nisgillə yazanlar, onun Osmanlı İmperatorluğu ilə Cümhuriyyət arasında körpü olacağına inananlar araşdırmalarında xüsusi olaraq vurğulayırlar: “Türkiyədə 110 il bundan öncə gerçəkləşməsi mümkün olduğu halda tarixi başdan-başa dəyişəcək bir eşq hekayəsi, təşəbbüsü yaşandı. Mustafa Kamal Paşa Osmanoğullarının son hökmdarı Sultan Vahdəddinin qızı Sabiha Sultanla evlənmək istədi. Hadisələr başqa şəkildə cərəyan etsəydi, Sabiha Sultan gənc Paşanın təklifinə “Hə” söyləmiş olsaydı, tarix necə olar, necə yazılardı? Bu mübhəm sevgi, sonsuz ola biləcək eşq nədən baş tutmadı, bu izdivac niyə alınmadı? Türkiyənin yaxın tarixini başdan-başa dəyişəcək bu sevginin hekayəsi Osmanlı tarixinin ağ səhifəsi olsa da, onu anlayanlar üçün yazılmamış yazıdır.

“Hürriyyət qəhrəmanı” ilə Cümhuriyyət Qurucusu bir-birini o qədər də sevməzmiş…

Mustafa Kamal Paşa hərbi xidmətə daxil olduqdan sonra düşüncələrinə görə  çevrəsi tərəfindən o qədər də arzu olunan şəxsi kimi qəbul edilmədi. İntellektual potensialı, analitik təfükkürü, siyasi düşüncəsi ilə fərqli olduğunu sübut edən Paşa ən yaxın dostlarının belə qısqanclıq hədəfinə çevrildi. Hələ lap gəncliyindən Ənvər Paşanın ünvanına səsləndirdiyi “Onu paşa yapsanız, padişah olmaq istər” fikiri sonralar aforizmə çevrilməklə yanaşı Atatürkə “Mən Ənvərin bu qədər öngörülü olduğunu bilməzdim” kəlamını söylətmişdi.

Mustafa Kamal Paşa “İttihad və Tərəqqi” içərisində yer alsa belə, o bütün ruhu, duyğuları, düşüncələri ilə islahatçı idi. İstanbulda təhsil alarkən siyasi cəmiyyətini qurmağa çalışsa da, təqib edilərək Suriyaya sürgünə göndərilməsi siyasi fəaliyyətinə son qoymuşdu. Əslində Ənvər Paşa və Mustafa Kamal Paşa ruhu etibarı ilə fərqli insanlar, düşüncə sahibləri deyildilər. İkisinin də vətənpərvərliyi, yurdsevərliyi, millət, məmləkət yanğısı müzakirə mövzusu belə ola bilməz. Bir məfkurə adamı olaraq hər iki tarixi şəxsiyyətin məqsədi quruluşun, zamanın üstünə yerimək, inqilabi çevrilişlə Modern Türkiyə Cümhuriyyətini qurmaqdı. 1908-ci ildə Məşrutə hərəkatının elan edilməsində Ənvər Paşa ən öndə yer almışdı. Monastr dolayındakı dağa Bayraq sancaraq II Sultan Əbdülhəmidə qarşı Üsyan Bayrağı qaldıranların önündə Ənvər Paşa ilə Mustafa Kamal Paşa yer alırdı. Türkiyədə Məşrutiyyət elan edildikdə Ənvər Paşa “Hüriyyət Qəhrəmanı” elan edilən ilk hərbçi idi. Mustafa Kamal Paşanı ondan fərqləndirən əsas cəhət, Paşanın daha realist olması idi. Daha çox xəyallar aləmində olan idealist düşüncəsi ilə bir dövrü qapadıb yeni bir dövrü açmağa ümid edən Ənvər Paşadan fərqli olaraq Atatürk hələ lap gəncliyindən gerçək olan həqiqətlərə arxalanır, onun uğrunda mücadilə edirdi. Üstəlik dövlət idarəçilik sistemində Avropa dəyərlərinə inteqrasiyanı üstün tutan Atatürkdən fərqli olaraq Ənvər Paşa mühafizəkarlığa daha çox önəm verirdi.

Bundan başqa I Dünya müharibəsi zamanı Ənvər Paşa ilə Mustafa Kamal Paşa arasındakı sərinlik hər kəsə bəlli idi. Çanaqqala Zəfərindən sonra Mustafa Kamalın “Paşalığa” təqdimatı xeyli yubadılmış, əsgəri dərgidən rəsmi aldırılmışdı. Ənvər Paşanın bütün məsələlərdə Mustafa Kamal Paşaya o qədər də, isti münasibət bəsləməməsi iki paşanın zahirdə az hiss olunsa da, batində rəqibə çevirmişdi.  

Sarı Gül Paşanın butasında saralan sevdası

Almaniya səyahəti zamanı yavəri olduğu Şahzadə Vahdəddini taxta çıxarsa yapması  vacib olan məsələlər barədə xəbərdar edən Mustafa Kamal Paşa, gələcəkdə Osmanlı Padşahı olacaq Şahzadə ilə Alman Hərbi Heyətinin Türk ordusuu idarə etməsinə – yönətməsinə izin verilməməsini tövsiyə etmiş, üstəlik bir çox mövzularda müzakirələr aparmışdı. Lakin Sultan Vahədddin taxta çıxdıqdan sonra hadisələr Mustafa Kamal Paşanın istədiyi kimi cərəyan etmədi. Üstəlik Paşa paytaxtdan uzaqlaşdırılaraq sürgün hesab olunan Suriya cəbhəsinə göndərilmişdi. Mustafa Kamal Paşanın Sabiha Sultana “elani-eşqi” belə bir ərəfəyə təsadüf etmişdi. “Məlum olduğu kimi Sultan Vahdəddinin iki qızı vardı. Böyük qızı Ülviyyə Sultan və kiçik qızı Sabiha Sultan. Sabiha Sultan 1894-cü ildə anadan olmuş, bacısı ilə birlikdə bir avropalı xanım kimi yetişdirilmiş, evlənmə çağına gəldikdə bir çox talibi çıxmışdı. Elçilər arasında Qacar şahı – Əhməd şah Qacar yer alsa da, Sultan Vahdəddin “Sünnü bir padşah qızını şiə  bir padşaha necə verə bilər?”- deyib elçiyə yox cavabı vermişdi. Belə bir ərəfədə Sabiha Sultan başqa bir elçi çıxmışdı. O, da “Sarı Gül” ləqəbli paşanın sarı gülə dönən sevdası idi. Çanaqqaladakı qəhrəmanlığı ilə dillərə dastan olan bir paşa – Mustafa Kamal Paşa o arada Saraya tez-tez girib çıxır, saray xanımlarının diqqətini cəlb edirdi: “Sarı Gül” ləqəbi ilə könüllərə ox kimi sancılan Mustafa Kamal Paşa gözəllikdə xan, kamalda sultan olmasına baxmayaraq Sabiha Sultanın könlündə taxt qura bilmir. Uğursuzluğa düçar olub, xəyanətə qurban gedən Ənvər Paşa ilə Naciyə Sultanın evliliyi Sabiha Sultana tərəddüd dolu duyğular yaşadır, ümidsiz qərarlar aldırır…

“Sarı Gül” ləqəbli Paşanın sarı gülə dönən sevgisindən, evlilik təklifindən arxaya bir bəlgə qaldı. O da Sabiha Sultanın 40 il sonra Türkiyə Cümhuriyyətində Baş Bakanlıq yapan, ortancıl qızı Hanzadə Sultanın qudası Suat Hayrı Ürgüplü bəyə yazdığı qısa xatirəsində bir neçə cümlə oldu. “Hayrı Ürgüplü bəyin Duyduğumuz qədəri ilə Mustafa Kamal Paşa sizi istəmiş, ancaq pədəriniz razı olmamış, doğrumu?” – deyə sorur, Sultan bu cavabı verir: “Əvət, istəmiş, mənimlə konuşmuş deyildir. Mən istəmədim. Önümdə heç də iyi örnək olmayan Ənvər Paşa ilə Naciyə Sultanın həyatı vardı. Sonra tanınmış bir komandanla ailə həyatı qura biləcəyimə inancım yoxdu. Kəndilərini bir dəfə görmüş və xoşlanmışdım. Qayət yakışıklıydı. Atəş kimi gözləri vardı. Evlənəməzdim. Zira, Ömər Faruqu sevirdim”.

Xanədan mənsublarını sürgünə göndərən, saray, köşk və qəsrlərini dövlətə dövr edən qanunların verilmə səbəbi

Mustafa Kamal Paşa ilə Sultan Vahdəddinin qızı Sabiha Sultanın arasındakı evlilik məsələsinin Sabiha Sultana aid hissəsi bu şəkildə olsa da, Mustafa Kamal Paşa tərəfindən heç bir bilgi və bəlgə yoxdur.

Fəqət 1926-cı ildə bu evlilik hekayəsinin Mustafa Kamal Paşa tərəfində də qarşılığını sübut edən faktlar mövcuddur. Nişantaşında bir alış-veriş mərkəzinin olduğu yerdə bulunan Neslişah Sultanın anasına, yəni Sabiha Sultana aid malikanəyə 1926-cı ildə birdən birə dövlət tərəfindən əl qoyulur. Faktla bağlı onu da qeyd edək ki, xanədan mənsublarına məxsus mülk və malikanələrə – əl qoyulması əslində 1924-cü ilə aiddir. Belə ki, “Türkiyə Böyük Millət Məclisi 1924-cü il 3 mart tarixli qərarı ilə Xilafəti qaldırıb son xəlifə Əbdül Məcid Əfəndi  və Osmanlı xanədanının bütün mənsublarını sürgünə göndərən 431 saylı qanun qəbul edir. Qanunun 8 maddəsi ilə saraylar, köşklər və qəsrlər dövlətə dövr edilir. 7-ci maddəyə uyğun olaraq isə xanədan mənsublarına məxsus mülklərə əl qoyulmur. Bu mülklərin vəkillər tərəfindən satılaraq əldə olunan gəlirin sahiblərinə şərt olaraq irəli sürülür. Qanunun qüvvəyə mindiyi, həyəcan dolu qərarların alındığı həmin dövrdə və ondan sonrakı illərdə də, xanədən mənsublarının heç birinin malına, mülkünə toxunulmur. Sürgündəki xanədan mənsubları özlərinə məxsus mülklərin alqı-satqısı üçün vəkillərinə təlimat verir. Bu minvalla alqı-satqı məsələlələri gerçəkləşdirilir, əldə olunan gəlir sahiblərinə çatdırılır. Əmlakını o dövrdə satıb, mirasına sahib ola bilməyən bəzi xanədan mənsubunun malikanələri, mülkləri üstündən 80 il ötəndən sonra belə,  satışa çıxarılır, əldə olunan gəlir yenə də sahiblərinə göndərilir.

Bu devretmə, miras məsələləri içərisində ancaq Sultan Vahdəddinin qızı Sabiha Sultanın indi yerində “CITYS” Alış-veriş Mərkəzinin yüksəldiyi Nişantaşındakı Konağına əl qoyulur. Qızlarına bağlı olan son Osmanlı padşahı Sultan Vahdəddin 1920-ci ilin oktyabrında Qızları Ülviyyə Sultana və Sabiha Sultana Nişantaşında 35 min lirəyə (lirənin lirə vaxtı – Ş.C.) konaq – malikanə almışdı. Ciftə Saraylar deyilən, vaxtı ilə Sultan Bəyazit Vəqfınə aid olan konakların mülkiyyəti sonradan “Həzineyi-Hassa”ya keçmişdi. Bu səbədən də Sultan konağların  xərcini xəzinəyə ödəmiş, tapularını da onların üzərinə yapdırmışdı.

Mustafa Kamal Paşanı deyil, son xəlifə Əbdül Məcid Əfəndinin oğlu şahzadə Ömər Faruq Əfəndini seçib, onunıa evlənən Sabiha Sultan ailəsi ilə birlikdə qış aylarının Nişantaşındakı konakda, yay aylarını isə Rumeli Hisarındakı mülklərində keçirərdi. Ancaq, Böyük Millət Məclisinin 3 mart 1924-cü il tarixli qərarı ilə digər xəlifə və xanədan mənsubları kimi Ömər Faruq Əfəndi və Sabiha Sultan da sürgünə göndərildi. Xanədən mənsublarının mülklərinə əl qoyulmaması haqqında qərarın çıxarılmasına baxmayaraq, Nişantaşındakı Ciftə Sarayın – Qoşa konağın taleyi başqa cür oldu. Ülviyyə Sultana məxsus saraya toxunulmadı. İstanbul Hüquq Məhkəməsinin 1 fevral 1926-cı il tarixində verdiyi 23 saylı qərarla Sabiha Sultana aid olan Konağın tapusu ləğv edildi. Konaq ilə ərazisi öncə Milli Əmlak Komissyasına, sonra Əmlak və Ehtam Bankına, daha sonra isə Tərəqqi Vəqfınə verildi. Yerlə bir edilən konağın yerinə inşa etdirilən bina uzun illər Şişli Tərəqqi Liseyi tərəfindən istifadə edildi. Üstündən illər ötəndən sonra onun da, yıxım zamanı gəldi. Yerində alış-veriş mərkəzi quruldu.

Fətəli şah Qacar –  sevgidə Atatürkdən üstün adam

Gəncliyini Sofyada buraxan, Dmitriananın eşqi ilə alışıb-yanan Qazi Mustafa Kamal Paşanı Sabiha Sultanın “Yox” cavabı yaraladı. Uşaqlıq dostu Fikriyyənin yolunda intihar etməsinə, özünün də Lətifə Uşakinin ala-yarımçıq sevgisindən imtina etməsinə baxmayaraq Atatürk Sultan Vahdəddinin qızından aldığı zədəni unutmadı. Məhəmməd Bahmanqılıncın eşiqini Fətəli şah Qacara dəyişməyən Ağabəyim Ağa kimi Sabiha Sultan da şahzadə Ömər Faruqu Çanaqqala Zəfərinin sərkərdəsinə dəyişmədi. İlk məhəbbətinə sadiq qaldı…

Deyirlər, 39 gün gərdəyə həsrət qalan Fətəli şah Qacar 40-cı gün “Gərdəkdə anasının libasında gördüyü” Ağabəyim Ağaya toxunmur. “İbrahim xanın qızı məni ilan kimi çaldı” deyib, başını tutaraq dəhliz boyu qaçsa da, ömrünün sonuna qədər onu incitmir, özündən incik salmır. Yerini köşəsinin başında bilir. Adına bağ salıb, malikanə yapdırır. “Bu qızın yanında olmaq  mənə xoş gəlir. Bu belə, bəsimdir!” deyib xətrinə dəymir. Sevdalı könlündə taxt quran şahzadəni, könlünün şahı, sultanı bilir…

 Sabiha Sultanın “Yox” cavabı dünyanı Mustafa Kamal Paşanın başına yıxmışdı. Yerlə bir etmişdi. Paşa şərəfini, qürurunu qırmışdı. Paşa bunu ona bağışlamamışdı. Nişantaşının daşını daş üstə qoymamışdı… Fətəli şah Qacar sevdasına qələmin, Qazi Mustafa Kamal Paşa Atütürk qılıncın və qəzəbin gözü ilə dəyər vermişdi. Ağabəyim Ağa da, Sabiha Sultan da qəribliyin acısını dadmışdı. Ağabəyim Ağanın Batmanqılınc sevgisi Çar Rusiyasının, Atatürkün Sabiha Sultana sevgisi “Ənvər Paşa ilə Naciyə Sultanın o qədər də yaxşı örnək olmayan izdivacının qurbanı olmuşdu…”

Nə olursa-olsun gərək, Millətin Atası Nişantaşını Qara sevdasının – Sabiha Sultanın başına yıxmayaydı. Ciftə Sarayı yerlə bir etməyəydi. O yıxılan sarayda təkcə Sarı Gül Paşanın  qönçəsində saralan məhəbbətinin, həsrətinin nisgili yoxdu. Orada həm də, adı çəkiləndə dünyanın dizi titrəyən Sultan Bəyazitdən üzü bu yana Osmanlı sultanlarının, şahzadələrinin müqəddəs xatirələri vardı…

Yüz ildir Ciftə Saray qanadı qırıq quşa dönüb – Qumru quşuna! Sevdiyini, könlündə yerini kimsəyə vermədiyi sevdalısını axtarır. Fətih dastanı qılınc, məhəbbət gülüstanı qələmlə yazılır. Qılıncla qələmin vəhdətində modern Türkiyə Cümhuriyyətini quran Qazi Mustafa Paşa Atatürkün Sabiha Sultana sevgi dastanı qələmlə, nisgili qəzəblə yarandı. Qəzəb kimə nə verdi ki?!

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin