Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/05/2026

Paylaşın

Mədəniyyət

Ceyhun Mirzəyev –Kinomuzun kövrək siması və yarımçıq qalan 8 Mart hədiyyəsi

Azərbaycan kinosunun tarixində adı yalnız filmlərlə deyil, həm də xalqın yaddaşında yaşayan obrazlarla yaşayan sənətkarlar var. Belə sənətkarlardan biri də aktyor və rejissor Ceyhun Mirzəyevdir. Onun yaratdığı obrazlar, xüsusilə “Ögey ana” filmindəki İsmayıl və “Fəryad” filmindəki İsmayıl obrazı Azərbaycan tamaşaçısının yaddaşında dərin iz qoyub. Bu səbəbdən Ceyhun Mirzəyev çoxları üçün aktyordan, sənətkardan da böyükür, sanki milli-mənəvi sərvətlərindən biridir.

Uşaqlıq illəri və kinoya ilk addımlar

Ceyhun Cəmil oğlu Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Atası milis işçisi Cəmil Mirzəyev idi. Ceyhun hələ üç yaşında olarkən atasını itirir. Buna baxmayaraq, taleyi onu çox erkən yaşlarından kino dünyasına gətirir.

1955-ci ildə rejissor Tofiq Tağızadə “Görüş” filmi üçün uşaq aktyor axtararkən Ceyhunun oxuduğu məktəbə gəlir və onun diqqətini çəkən balaca Ceyhun olur. Beləliklə, o, ilk dəfə bu filmdə Şıxəlinin oğlunun obrazını canlandırır.

Cəmi üç il sonra isə onun həyatını dəyişən rol gəlir – “Ögey ana” filmində İsmayıl obrazı. Bu rol Ceyhun Mirzəyevi bir anda bütün Azərbaycana tanıdır və o, uşaq yaşlarından xalqın sevimlisinə çevrilir. Yetim qalmış, kədərli, içində böyük bir nisgili olan və eyni zamanda da dəcəl və mehriban bir oğlan obrazı – yəni çoxşaxəli xarakteri olan bir obrazı yaratmağı bacarmaq bir uşaq üçün çox böyük bir iş idi. Və o, bunu bacarmışdı. Elə bacarmışdı ki, İsmayılı tanımayan, sevməyən yox idi. 

Təhsil və kino fəaliyyəti

Ceyhun Mirzəyev sonradan Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. O, kino sahəsində təhsilini Moskvada da davam etdirib.

Onun 46 illik ömrünün təxminən 35 ili kino ilə bağlı olub. Bu müddətdə o, kinostudiyada müxtəlif vəzifələrdə çalışıb – assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərib.

O, həmçinin Azərbaycan televiziyasının məşhur satirik kinojurnalı olan Mozalan üçün süjetlər çəkib və bir müddət onun bədii rəhbəri olub. Mirzəyevin güclü parodiya qabiliyyəti də var idi: o, danışdığı insanın səsini və danışıq tərzini dərhal təqlid edə bilirdi. Hətta “Mozalan”ın məşhur arı vızıltısı səsinin də ona məxsus olduğu deyilir.

Kino yaradıcılığı

Ceyhun Mirzəyev Azərbaycan kinosunun bir çox filmlərində iştirak edib. Onun çəkildiyi və ya üzərində işlədiyi filmlər arasında “Dəli Kür”, “Yol əhvalatı”, “Qanlı zəmi”, “Lətifə” və bir çox başqa ekran əsərləri var.

Lakin onun yaradıcılığının zirvəsi sayılan film “Fəryad” oldu. Qarabağ müharibəsinin ağrılarını əks etdirən bu film həm mövzusu, həm də emosional təsiri ilə Azərbaycan kinosunda xüsusi yer tutur. Mirzəyev bu filmdə həm rejissor, həm də aktyor kimi çıxış edərək İsmayıl obrazını canlandırdı.

“Fəryad” filmi və təhlükəli çəkilişlər

“Fəryad” filminin çəkilişləri zamanı Ceyhun Mirzəyev real təhlükə ilə də üzləşmişdi. Filmin bir səhnəsində o, meşə ilə qaçarkən ağaclar arasında çəkilmiş nazik polad simə ilişir. Son anda onu görüb əli ilə itələdiyi üçün ağır xəsarətdən xilas olur, lakin əli kəsilir. Bu hadisə çəkiliş qrupunu ciddi şəkildə sarsıdır.

Mirzəyev bu filmi çəkərkən Qarabağ müharibəsinin faciələrindən dərin sarsıntı keçirirdi. Evdə tez-tez fikrə dalır, baş verən haqsızlıqlardan danışır və sanki bu film vasitəsilə bütün ağrıların hayıfını çıxmaq istəyirdi.

Şəxsi həyatı

Ceyhun Mirzəyev 1973-cü ildə Lidiya adlı xanımla ailə qurub. Onların Cəmilə adlı bir qızları dünyaya gəlib.

Onların tanışlıq hekayəsi də maraqlıdır. Ceyhun Moskvada olarkən Lidiya ilə tanış olur, lakin qız əvvəlcə onunla görüşməyə razılaşmır. Səkkiz ildən sonra Ceyhun onu yenidən tapır və hər gün iş yerinin pəncərəsini döyərək otağa bir gül atıb gedir. Nəhayət, bu israrlı sevgi Lidiya xanımın qəlbini qazanır.

Ölümü və yarımçıq qalan arzu

“Fəryad” filminin çəkilişlərindən sonra Ceyhun Mirzəyev mikroinsult keçirir. Buna baxmayaraq, o, filmin tamamlanması üçün yenidən işə qayıdır.

1993-cü il martın 5-də o, televiziya studiyasına – “Fəryad” filmi haqqında verilişə qatılmaq üçün gedir. Elə orada vəziyyəti qəfil pisləşir. Evə gətiriləndən az sonra isə dünyasını dəyişir.

Həmin gün o, həyat yoldaşı və qızına 8 Mart bayramı üçün hədiyyə almağı planlaşdırmışdı. Ölümündən sonra cibindən bu məqsədlə ayırdığı 250 rubl tapılır.

Ceyhun Mirzəyev Yasamal qəbiristanlığında dəfn olunub.

Xalqın yaddaşında yaşayan sənətkar

Ceyhun Mirzəyevin ölümü Azərbaycan cəmiyyətində böyük kədər doğurdu. O, cəmi 46 il yaşasa da, Azərbaycan kinosunda silinməz iz qoydu.

Xüsusilə “Ögey ana” filmindəki saf, kövrək İsmayıl obrazı və “Fəryad” filmindəki qəhrəman İsmayıl obrazı onu Azərbaycan tamaşaçısının qəlbində əbədi yaşadan rollara çevrildi.

Bu gün də Ceyhun Mirzəyev Azərbaycan xalqı üçün yaddaşlarda daim yaşayan, milli-mənəvi dəyərə çevrilmiş sənətkarlardan biridir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.

Ən son

GÜNDƏM

Sərnişinlərə keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, eyni zamanda, ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən istifadə bu

GÜNDƏM

Sərnişinlərə keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, eyni zamanda, ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən istifadə bu
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin