Yolumuz Gəncəyədir. Səfərimizi ADY-nin yeni Bakı-Ağstafa qatarı ilə etdik. Düz
dörd saata rahat və təhlükəsiz şəkildə odlar yurdunun bir mərkəz şəhərindən
digərinə, yəni Bakıdan Gəncəyə çatdıq. Dəmir yolu Vağzalında düşəndə şəhəri
günəşli, təmiz və sahmanlı gördük. Ümumilikdə yenidənqurma və bərpa işləri
getsə də, şəhər də insanları kimi adama “Qadan alaram” deyirdi. Şəhər günü-
gündən abadlaşdırılır, yeni tikililər inşa edilir, köhnələr bərpa olunur. Görülən işlər
süphəsiz, ölkə Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım
Əliyevanın dəstəyi ilə ərsəyə gəlir. Gəncəlilər fəxrlə ölkə başcısının onlara xüsusi
qayğısın qeyd edir və buna sübut kimi cənab prezidentin şəhərə iyirmidən çox
səfərini göstərirlər. Həmçinin yerli əhali Mehriban xanımı öz yerliləri adlandırırlar.
Son səfərimdən bu günə Gəncə gözlə görüləcək qədər dəyişib və inkişaf edib.
Gəncədə böyük infrastruktur layihələrinin açılışı, həmçinin Aqrar Universitetin iki
böyük tələbə evi, yeni tədris korpusu, Gəncə Dövlət Dram Teatrının yeni binası və
2 saylı “ASAN xidmət” Mərkəzinin istifadəyə verilib. Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Niyazi Bayramov da şəhərin qorunması, yenilənməsi,
inkişaf etdirilməsi işlərində əlindən gələni əsirgəmir.
Gəncə tarix səhifələrində
Tarixi, mədəniyyəti və coğrafi mövqeyi ilə diqqət çəkən Gəncə ölkəmizin ikinci ən
böyük şəhəridir. Bu əhəmiyyətli tarix və incəsənət xəzinəsi günümüzdə də zəngin
irsi və mədəniyyəti ilə yerini qoruyub saxlayır. Gəncənin tarixi isə min illərlə
ölçülür. Onun adı ilk dəfə 712/713-cü ildə kəsilmiş metal pul üzərində zərb edilib.
Mühüm ticarət-karvan yolu üzərində yerləşən Gəncə toponiminin mənşəyi
haqqında müxtəlif fikirlər var. Tədqiqatçıların bir qismi dilimizdəki genca
(genişlik) sözü ilə bağlayırlar. Son tədqiqatlara görə, Gəncə qədim türkdilli gəncək
tayfasının adını əks etdirir, “yeni”, “yenicə, yeni gələn” mənalarını daşıyır. Fərrux
Əhmədov da onun türk mənşəli olduğunu bildirir və ilkin forması hesab etdiyi
“Qança” sözünün ilk komponenti “qan”, “kan”, “kaan”, “xan” sözlərini türk
dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan -ca şəkilçisini isə məkan, yer,
yurd kimi izah edir. Beləliklə, “Gəncə”, “Qanca”, “Kancə” sözləri “xan yeri”, “xan
məkanı”, “xan yurdu”, “xanın, xaqanın oturduğu yer” anlamını verir. Müasir İran
tarixşünasları isə “Gəncə” adının fars dilindəki “gənc” sözündən törədiyini iddia
edir ki, bunun da Azərbaycan dilində mənası xəzinədir. Məlumatlara görə, XII
əsrdə burada əhalinin sayı 0,5 milyondan artıq olub.
Ədəbiyyatın əbədiyyəti – Şeyx Nizami türbəsi
Gəncəyə gəlib Şeyxin məqbərəsini ziyarət etməmək Məkkəyə çatıb Kəbə ətrafında
təvaf etmədən geri dönmək kimi bir şeydir. Böyük Nizaminin qəbri üstündə olan
XIII əsrə aid qədim türbənin üstündə indi gördüyümüz hündürlüyü iyirmi metr
olan məqbərə Heydər Əliyevin şairin 840 illik yubileyinə hədiyyəsidir. Moskva bu
işi rus və ermənilərə verilməsini istəsə də, Ulu öndərin cidd-cəhdi sayəsində yeni
layihənin hazırlanması Gəncə şəhərinin baş memarı Fərman İmamquliyevə və
heykəltəraş Qorxmaz Sücəddinova həvalə edilir. Prezident İlham Əliyevin Nizami
Gəncəvinin 870 illik yubileyinin qeyd olunması haqqında 23 dekabr 2011-ci il
tarixli sərəncamına əsasən, şairin məqbərəsi yenidən qurulub.

Şah Abbas yadigarı məscid
Əsrlər boyu Gəncə, həm mədəniyyətin, həm də ticarətin mərkəzi olub, zamanla
böyüyüb, inkişaf edib və şəhərin infrastrukturunda mühüm dəyişikliklər baş verib.
Məscidlərin tikintisinə xüsusi önəm verilib. Biz elə buna görə şəhərə gələn kimi
birinci Şah Abbas məscidinə üz tutduq. Onun tarix ilə bağlı danışan Hacı İsgəndər
bildirdi ki, Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi – Gəncəçayın sol
sahilində, Gəncənin tarixi mərkəzində yerləşir: “XVII əsrdə Arran memarlıq
üslubunda inşa edilmiş tarixi məscidin memarı Şeyx Bəhaəddindir və o, 1601–
1606-cı illərdə tikilib”.

Cavad xan türbəsi
Məscid olan Şah Abbas Meydanında həm də Qacar xanədanından olan böyük
Azərbaycan sərkərdəsi, İran dövlətində ordu sərdarı, dövlət xadimi, Gəncə
xanlığının sonuncu hökmdarı Cavad xanın türbəsi var. SSRİ dövründə məscidin
həyətində fəvvarə inşa etmək məqsədilə aparılan qazıntılar zamanı təsadüfən
ekskavator nəyəsə ilişir və təcili qazıntılar dayandırılır. Ərazidən üstü ərəb dilində
yazılmış başdaşı və məzar aşkarlanır. Məzarın Gəncə xanı Cavad xana aid olduğu
müəyyənləşir. Mərkəzin etiraz və maneələrinə baxmayaraq, gəncəlilər ayağa qalxır
və məzar bərpa edilir. Nəhayət 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə
məzarın üstündə türbə inşa edilərək Cavad xanın xatirəsi əbədiləşdirilir.

Əsrlərə sinə gərən, hələ də işlək olan Çökək hamam
Məscid və hamamın lap yaxınlığında Çökək hamam var. Ora da baş çəkdik. Şah
Abbasın əmri ilə 1606-cı ildə Cümə məscidinin inşası bitdikdən sonra Çökək
hamamın inşası başlayıb. Hamamın memarı Şeyx Bahəddindir. Hamamın
tikintisində o dövrün ənənəvi materiallarından olan qırmızı kərpic, yumurtanın ağı,
gil və əhəngin bərkidici qarışığından istifadə olunub. Hamam iki iç-içə zaldan
ibarətdir. Böyük zalın içərisində çarhovuz və fəvvarə var, kiçik zal isə yuyunmaq
üçün nəzərdə tutulub. Hamamın iki böyük və beş kiçik günbəzi var. Qışda hamam
çox isti, yayda isə sərin olur. Abidə 2013-cü ildə bərpa olunaraq gəncəlilərin
istifadəsinə verilib.

“İmamzadə haqqı” andının məkanı
Müqəddəs məkanlar diyarı olan Gəncədə həm də “İmamzadə” dini-memarlıq
kompleksi var. Ora bir çox gəncəlilərin inam, ümid və həm də and yeridir. Bu
bölgədə “İmamzadə haqqı” deyilən bir and var ki, o ifadənin qarşısında deyilən
sözə inanmamaq, arxayın olmamaq mümkün deyil. Gəncə Dövlət Tarix-
Mədəniyyət Qoruğuna daxil olan kompleks şəhərin yaxınlığında yerləşir və ora
ölkəmizin, həmçinin də İslam aləminin hər yerindən inanclı insanlar gəlir,
niyyətlərinin hasil olması üçün Allaha dualar edirlər. Türbənin axundu Hacı Tahir
bildirir ki, kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu
İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşıb: “İmamzadə
əvvəlcə erkən orta əsrlər dövründə məzar, sonra üzərində məzarüstü abidə olan
türbənin ucaldılması nəticəsində tədricən böyük bir kompleksə çevrilib. Ölkə
Prezidenti İlham Əliyevin 2010-cu ildə “İmamzadə” kompleksinin milli memarlıq
ənənələrimizə uyğun şəkildə təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin
aparılması məqsədilə sərəncam imzalayıb. O sərəncama əsasən kompleksdə böyük
işlər görülüb, 2016-cı ildə prezident şəxsən burada aparılan əsaslı təmir və
yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub”.

Ədibin evi – Mir Cəlal Paşayevin ev-muzeyi
Gəncədə Yazıçılar Birliyinin bölməsi, həmçinin Mir Cəlal Paşayevin ev-muzeyi
fəaliyyət göstərir. Bu muzey 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə
yaradılıb. Buna bir səbəb kimi Mir Cəlalın pasportunda doğum yerinin Gəncə
yazılmasıdır. Gəncəlilər onu öz yerlisi bilir, o cür sevirlər.
Qeyd edək ki, 300-dən çox eksponatın saxlanıldığı bu məkana ədibin pasportu,
orden və medalları hədiyyə edilib. Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və
tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti dövrünün, həmçinin ailə üzvləri və
davamçılarının fotoları xronoloji ardıcıllıqla muzeyin ekspozisiyasında öz əksinin
tapıb. Bundan başqa, ədibin şəxsi əşyaları, ona həsr edilmiş incəsənət nümunələri,
əsərləri, muzeyə hədiyyə edilmiş kitablar, qəzet məqalələri, 5 ədəd disk və 122
ədəd ailə şəkli də daxildir.
Quş südü, can dərmanı olan bazar
Bazar qədim Şərqin əsas məkanlarından biri olub. “Bazarın bazar, qadam sənə
mərdiməzar” deyib, yollandıq bazara. Gəncənin də çox gözəl, böyük və özündə hər
cür ticarəti əhatə edən bazarı var. Bu bazarın ucu-bucağı yoxdur. Qida, geyim,
təsərrüfat mallar – necə deyərlər, quş südü, can dərmanı var bu bazarda. Son illərdə
çox məşhur olan “Gəncə səbəti” də burada yığılır. Gəncə göyərtilərinin qoxusu,
meyvələrin rəngi, gəncəlilərin şirin dillə alış-veriş etməsi gözdən yayınmır.
Kərpicdən hörülmüş bu bazar həm də orta əsrlərin Şərq ticarətini andırır. Bazara
gəlmişkən yerli camaatla şirin söhbət, bir azca da alış-veriş edib səfərimizə davam
etdik.

Xan çinarlar diyarı
Gəncə Xan çinarlar yurdu da adlanır. Şərq çinarı olan bu ağacı gəncəlilər Xan çinar
adlandırıb, şəhərlərinin rəmzi hesab edirlər. Azərbaycan Dövlət Aqrar
Universitetinin professoru Zaur Həsənov dedi ki, ilk baxışda Gəncənin iqlimi üçün
xarakterik hesab edilməyən Şərq çinarları bu ərazilərdə daha sürətlə boy atır. O,
bunu çinar ağaclarının kökünün torpağın daha dərin qatlarınadək uzanması və
Gəncənin yeraltı çay, kəhriz su sisteminə malik olması ilə əlaqələndirir. Xan bağı
başdan-başa Xan çinarlarla çətirlənib. Oranın özünəməxsus atmosferi, gözəlliyi
insanı valeh edir.
Gəncə Yaşıllaşdırma İdarəsinin əməkdaşı Cabir dayı isə deyir ki, Gəncənin
gözəlliyinə gözəllik qatan ağaclar, çiçəklər, qazon örtüyü daim nəzarətdədir,
onların sulanması, inkişaf etdirilməsi diqqətdədir. Çünki şəhərin yaşıllığı onun
nüfuzunu göstərən vacib amillərdəndir.
Gəncləşən qədim Gəncə
Gəncədə çox böyük və gözəl Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası,
Gəncə Dövlət Milli Dram Teatrı, Gəncə Dövlət Universiteti, Gəncə Dövlət
Regional Kolleci və s. fəaliyyət göstərir. Gəzdiyimiz, gördüyümüz bütün məkanlar
Gəncənin çox qədim tarixi, mədəniyyəti, ədəbiyyatı, inancı olan, amma eyni
zamanda da çox yeni şəhər olduğunu göstərir. Burada bütün tarixi kompleks və
abidələrlə yanaşı, tam müasir standartlara cavab verən ticarət mərkəzləri,
məktəblər və s. var. “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı”
olan Gəncə həm də III MDB Oyunlarına hazırlaşır. Biz isə Gəncəylə Dəmir Yolu
Vağzalında sağollaşıb Bakıya döndük ki, yeni səfərlərə xurcun yığaq.
Xanım Aydın