Tarixin səhifələrində çox zaman adları çəkilməyən, lakin gündəlik həyatın ayrılmaz hissəsi olan bir peşə var: çarvadarlıq.
Buxarlı nəqliyyat vasitələri hələ geniş yayılmamışdan öncə, Azərbaycanın və ümumiyyətlə Şərqin ticarət və daşımalar sisteminin əsas sütunlarından biri məhz çarvadarlıq idi. Bu sahə həm kənd təsərrüfatı məhsullarının, sənətkarlıq nümunələrinin, həm də insanların bir məntəqədən digərinə daşınmasında həlledici rol oynayırdı.
Çarvadarlıq nə idi?
Çarvadarlıq qatır, at və dəvə kimi heyvanlardan istifadə etməklə yük və sərnişin daşımaları ilə məşğul olan qədim bir peşədir. Bu sahədə çalışanlara çarvadar, onlara rəhbərlik edənlərə isə çarvadarbaşı deyilirdi. Onlar bir növ bugünkü logistika sisteminin əsas funksiyalarını icra edirdilər: yük qəbul etmək, onu planlaşdırılmış marşrutla vaxtında və təhlükəsiz şəkildə təyinat nöqtəsinə çatdırmaq.
Daşıma yolları və bölgələr
XIX əsrdə Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Quba, Xaçmaz, Şamaxı, Qəbələ və Lahıcda çarvadarlıq geniş yayılmışdı. Abşeronun duzu və nefti, Quba və Şəkinin meyvələri, Şirvan ustalarının əl işləri, kənd təsərrüfatı və heyvandarlıq məhsulları bu yolla qonşu bölgələrə çatdırılırdı. Daşımalar üçün istifadə edilən yüklər xüsusi “çuvalax” adlanan çantalarda və qutularda daşınırdı. Çuvalaxda adətən duz, un, şəkər və taxıl, qutularda isə su, neft və bal daşınırdı.
Lahıcda çarvadarlığın yüksəlişi
Azərbaycanın misgərlik mərkəzi olan Lahıcda çarvadarlıq həm yük daşımaları idi, həm də kəndin digər bölgələrlə əlaqəsinin yeganə vasitəsi idi. Maşın yolları çəkilməmişdən əvvəl Lahıcın sənətkarlıq məhsulları Rusiyaya, İrana, Gürcüstana və Azərbaycanın digər bölgələrinə çarvadarların köməyi ilə daşınırdı. Eyni zamanda, insanlar da bu peşə sayəsində Müsüslü, Kürdəmir, Ucar kimi dəmir yolu stansiyalarına qədər aparılırdı. Yazılı mənbələrə görə, Lahıcdan hər səhər təxminən 1700 çarvadar yola çıxırdı. Bu, təkcə peşənin miqyasını deyil, onun kəndin iqtisadi və sosial həyatındakı yerini də göstərir. Namazgah və Gəndov kimi kəndlərin yaranması birbaşa bu peşə ilə əlaqədardır.
Dəyişən zaman, itən peşənin yeni siması
XX əsrin ortalarına qədər, xüsusilə 1960-cı illərə kimi çarvadarlıq aktiv olaraq mövcud idi. Lakin maşın yollarının çəkilməsi, nəqliyyatın motorlaşdırılması bu qədim peşənin yavaş-yavaş sıradan çıxmasına səbəb oldu. Lakin onun yerini tutan yeni sistem – logistika funksional olaraq eyni rolu oynamağa davam etdi. Çarvadarlıqla müasir logistika arasında çoxsaylı paralellər var. Aşağıda onların əsas bənzərlikləri var. Məsələn, çarvadarlıqda heyvanlarla yük və sərnişin daşınması müasir loqistikada avtomobil, qatar, təyyarə və gəmi ilə daşımalardır. Çuvalax və taxta qutularda yükləmə indi konteynerlər, paletlər və qablaşdırma sistemləri, yolların və marşrutların seçilməsi indi marşrut planlaması və optimallaşdırması, karvanlar şəklində daşımalar indi TIR karvanları, yük konvoyları, ticarət yollarının qorunması isə indi gömrük nəzarəti və beynəlxalq nəqliyyat standartlarıdır.
Bu oxşarlıqlar çarvadarlığın keçmiş peşə olması ilə yanaşı, müasir logistikanın tarixi əsaslarından biridir. Bugünkü logistika sisteminin texnoloji və təşkilati imkanları artmış olsa da, onun əsas məqsədi yükü vaxtında, təhlükəsiz və effektiv şəkildə təyinat nöqtəsinə çatdırmaq əsrlərdir dəyişməyib.
Keçmişin bu günü
Çarvadarlıq, Azərbaycanın ticarət və nəqliyyat tarixində mühüm rol oynamış bir peşədir. Bu sahənin nümayəndələri – çarvadarlar dağları aşır, vadiləri keçir, qarlı yolları qət edərək məhsulları bir nöqtədən digərinə daşıyırdılar. Bu gün onlar tarix səhnəsindən çəkilsələr də, onların təcrübəsi və rolu müasir logistika sistemində hələ də yaşamaqdadır. Hər bir yük maşını, hər bir dəmir yolu vaqonu, hər bir hava konteyneri, əslində, o qədim karvan yollarının davamçısıdır.
Xanım Aydın