Nəşr edilmişdir 02/13/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Bəkir Çobanzadə kimdir? – Bakı küçələrinin adlarını daşıyanlar

Bəkir Çobanzadə

Bakının ən məşhur, adı çox çəkilən küçələrindən biri də Bəkir Çobanzadə küçəsidir. Bəs biz Bəkir Çobanzadənin necə görkəmli bir şəxsiyyət olduğunu bilirikmi?
Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir:
Bəkir Vahab oğlu ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, filologiya elmləri doktoru, professor olub. O, 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində dünyaya gəlib. Burada ibtidai təhsil alan Çobanzadə 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb edib. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi – “Sultaniyyə”yə təhsilini davam etdirməyə göndərib. O, Türkiyədə “Müstəqil tatar Krımı” ideyaları ilə yaşayan gənclərdən ibarət “Krım-tatar tələbə cəmiyyəti”nin yaradıcılarından və rəhbərlərindən olub. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə edib. Budapeştdə türk dilində çıxan “Şərq” qəzetinin redaktoru olub. Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirib.
Vətənə qayıtdıqdan sonra Krım inqilabi komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olmuş (1920–1922), eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışıb, daha sonra Krım universitetinin rektoru olub. S. Ağamalıoğlunun dəvəti ilə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilib. Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparıb, eyni zamanda Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxuyub. (1920–1936). Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlayıb. Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparıb, Moskvada təlimatçı kurslarında mühazirələr oxuyub (1928). Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışıb (1924–1929). Moskvada Şərq xalqları İnstitutunun həqiqi üzvü seçilib (1928). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləyib (1929), SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü seçilib. Paris Dilçilik Cəmiyyətinin üzvü olub. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, “Türk dilinin metodikası” (1932), “Elmi qramerin əsasları” (1932) kitablarını şərikli tərtib edib, elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunub. İlk şeirlər məcmuəsi özbək dilində kütləvi tirajla buraxılıb (1971).
1937-ci ilin yanvar ayının 28-də Kislovodskinin “Qornyak” sanatoriyasında xanımı ilə dincələn professor həbs edilib, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilib. Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir. 1937-ci il oktyabrın 13-də hökm icra olunub.
Bəkir Çobanzadənin dəfn yeri məlum deyil.
Qeyd edək ki, Bəkir Çobanzadə küçəsi Bakının Nizami rayonunda yerləşir.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri

Ən son

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması