Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/12/2026

Paylaşın

TARİX

Buzovna – Xəzər qoxulu, imanlı və inamlı, qədim türk kəndi 

Bakının Xəzər rayonunda yerləşən Buzovna Abşeron yarımadasının ən qədim yaşayış məntəqələrindən biridir. Xəzər dənizinin sahilində yerləşən bu qəsəbə həm təbiəti və bağları, həm də minilliklərə uzanan tarixi, qədim ziyarətgahları və maraqlı toponimləri ilə diqqət çəkir.

Araşdırmalar göstərir ki, bu ərazilərdə insanların məskunlaşması eramızdan əvvəl III əsrə qədər gedib çıxır. Tarixi mənbələr və arxeoloji tapıntılar Buzovnanın qədim yaşayış məskəni olduğunu təsdiqləyir.

Buzovna – qədim türk kəndi

Tarixçi-alim Ələkbər Ələkbərovun araşdırmalarına görə, Bakı ətrafındakı kəndlərin böyük əksəriyyəti türk mənşəlidir və onların formalaşmasında qədim türk tayfalarının mühüm rolu olub. Bu baxımdan Buzovna Abşeronun ən qədim türk kəndlərindən biri hesab edilir.

Alimin fikrincə, bəzi tədqiqatlarda Bakı kəndlərinin əhalisini irandilli xalqlarla əlaqələndirmək cəhdləri olsa da, bunun elmi əsasları zəifdir. Əksinə, həm toponimlər, həm də bölgənin qədim mədəni qatları bu ərazilərdə türk tayfalarının qədimdən məskunlaşdığını göstərir.

Buzovna adının mənşəyi

Buzovna toponiminin mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Ən geniş yayılmış versiyaya görə, kəndin adı “buzov” sözündən yaranıb. Tarixi dövrlərdə bu ərazilərdə maldarlıq geniş yayılmış, yay aylarında Azərbaycanın müxtəlif bölgələrindən insanlar bura gələrək mal-qara saxlamışlar. Bu səbəbdən kəndin adı “buzov saxlanılan yer” mənasında formalaşa bilərdi.

Lakin bəzi tədqiqatçılar bu adın daha qədim mifoloji və dini köklərə malik olduğunu bildirirlər. Onların fikrincə, qədim türk və Yaxın Şərq mifologiyasında öküz və buzov Tanrının maddi təcəssümünün rəmzi sayılırdı. Bu baxımdan “Buzovna” adı müqəddəs ocaq və ya alovla bağlı qədim inanclarla əlaqələndirilir.

Başqa bir versiyaya görə isə kəndin adı XIII–XIV əsrlərdə bu ərazilərdə yaşayan Bozok oğuz tayfaları ilə bağlıdır. Oğuzların Bozok qolu qış aylarında Abşeronda məskunlaşır, yayda isə dağlıq ərazilərə köçürdü. Bu səbəbdən bəzi tədqiqatçılar “Bozok” adının zamanla fonetik dəyişikliklərə uğrayaraq “Buzovna” formasına çevrildiyini ehtimal edirlər.

Buzovna və qədim müqəddəs yerlər

Buzovnanın qədim tarixi onun ətrafındakı müqəddəs yerlər və ziyarətgahlarla da əlaqələndirilir. Kəndin sahilə yaxın hissəsində yerləşən və xalq arasında “Əli Ayağı” kimi tanınan qədəmgah qədim pirlərdən biri hesab olunur.

Araşdırmalara görə, bu ziyarətgahın ilkin mərhələdə təbii alov və ya qədim ocaq kultu ilə bağlı olduğu ehtimal edilir. Abşeron yarımadası tarix boyu yeraltı qaz çıxışları və alov mənbələri ilə tanındığı üçün bir çox qədim pirlər məhz bu yerlərdə yaranıb.

Tarixçilər Buzovna ilə Suraxanı arasında yerləşən düzənliyin qədimdə müqəddəs məkan sayıldığını və bu ərazilərin dini-mifoloji sistemdə xüsusi rol oynadığını qeyd edirlər.

Qədim abidələrlə zəngin kənd

Buzovna Abşeronun ən zəngin tarixi-memarlıq abidələrinə malik yaşayış məntəqələrindən biridir. Kənddə müxtəlif dövrlərə aid bir sıra dini və mülki tikililər mövcuddur.

Onların arasında XV–XVI əsrlərə aid bürc-qala, 1306-cı ildə tikilmiş Qara paltar piri, 1641-ci ilə aid Xəlifə Əli və Məhəmməd Mömin türbəsi, XVII əsrə aid Sahibəz-Zaman məscidi, XIX əsrə aid Məşədi Qərib məscidi, İmam Həsən məscidi, Həzrət Əli qədəmgahı xüsusi diqqəti çəkir. Bu abidələr kəndin müxtəlif tarixi mərhələlərdə mühüm dini və mədəni mərkəz olduğunu göstərir.

Hun qəbiristanlığı və qədim izlər

Buzovnada ən qədim arxeoloji yerlərdən biri “Hun qəbiristanlığı” kimi tanınır. Burada eramızdan əvvəl III əsrə aid qəbirlərin olduğu qeyd edilir.

Təəssüf ki, Sovet dövründə kəndin bəzi tarixi abidələri qəsdən dağıdılıb. Onların arasında qədim Alban kilsəsi və kəndin girişində yerləşən Buzovna qalası da olmuşdur.

Abşeronun böyük kəndlərindən biri

Tarixi mənbələr göstərir ki, XIX əsrin ortalarında Buzovna əhalisinin sayına görə Abşeron yarımadasında ikinci böyük yaşayış məntəqəsi idi. Yalnız Maştağa kəndi ondan böyük hesab olunurdu.

Bu gün isə Buzovna Bakı ətrafının ən inkişaf etmiş qəsəbələrindən biridir və zəngin tarixi irsi ilə Abşeronun mühüm mədəni məkanlarından biri sayılır. Buzovnada sürətlə bərpa və yenidənqurma  işləri aparılır.  Prezident İlham Əliyev 2011-ci ildə Buzovna qovşağı tunel və yol ötürücüsünün, 2020-ci ildə yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının, 2021-ci ildə  “Buzovna-1” yarımstansiyasının açılışında, Birinci vitse-prezident Mehriban Əliyeva 2015-ci ildə 340 nömrəli körpələr evi-uşaq bağçası, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilmiş 5 nömrəli texniki peşə məktəbinin, 2019-cu ildə 229 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. 

Amma görülən işlər təkcə bunlardan ibarət deyil. Dövlətin qayğısı Bakının digər kənd və qəsəbələri kimi Buzovna qəsəbəsinin də üzərində daim var. Və bura Bakının ən təmiz, ən səliqəli kəndlərindən birinə çevrilib. Kəndin camaatı da dürüst, doğma, əliaçıq və səmimi olması ilə ad qazanıblar.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Rusiya Prezidenti Vladimir Putin martın 11-də azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin