İşçilərlə işəgötürənlər arasında mübahisələr ən çox əmək hüquqlarının pozulması ilə bağlı ortaya çıxır.
Baki-baku.az-ın məlumatına görə, əməkhaqqının vaxtında ödənilməməsi, görülən əlavə işin əvəzində ödənişin edilməməsi, məzuniyyət hüququnun düzgün tənzimlənməməsi – bütün bunlar əmək münasibətlərində narazılıqlara səbəb olur.
Qeyd edilən hallarda işçilərin qanunla qorunan hüquqları işəgötürənlər tərəfindən nəzərə alınmır. Elə bu səbəbdən işçilərin əmək hüquqlarının pozulması zamanı qanunvericilikdə cərimələr və inzibati məsuliyyət nəzərdə tutulub.
Əmək münasibətlərində ən həssas məqamlardan biri isə müqaviləyə xitam verilməsidir. Əmək Məcəlləsinin 79-cu maddəsinə görə, işəgötürən tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi müəyyən məhdudiyyətlərə tabedir.
Xüsusilə hamilə qadınlar, üç yaşına qədər uşağını böyüdən valideynlər və müvəqqəti əmək qabiliyyətini itirən şəxslər işəgötürənin təşəbbüsü ilə işdən azad edilə bilməzlər. Eyni zamanda, işçinin məzuniyyətdə və ya ezamiyyətdə olduğu dövrdə də müqaviləyə xitam verilməsi qanunla qadağan olunub.
Qeyd edək ki, əmək hüquqlarının qorunması həm işçilər, həm də işəgötürənlər üçün qarşılıqlı etimadın əsas şərtidir. Qanunla təsbit olunmuş hüquqların bilinməsi işçilərə öz maraqlarını müdafiə etmək, işəgötürənlərə isə əmək münasibətlərini sağlam əsaslarla qurmaq imkanı verir.