7 dekabr Beynəlxalq Mülki Aviasiya günüdür. 1996-cı il dekabrın 6-da BMT Baş Məclisi tərəfindən 7 dekabr – Beynəlxalq Mülki Aviasiya günü elan olunub.
Mülki aviasiya Azərbaycanda da ən inkişaf etmiş sahələrdən biridir. Siyasi fəaliyyətinin bütün mərhələlərində respublikamızın kompleks şəkildə inkişafına nail olan Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci mərhələsində ölkədə Mülki Aviasiyasının tərəqqisi yolunda cəsarətli addımlar atdı. Azərbaycanı kiçik kənd təsərrüfatı subyektindən iri sənaye ölkəsinə çevirən, iqtisadi-sosial nüfuzunu artıran, onu təkcə regionun deyil, eyni zamanda SSRİ-nin qüdrətli respublikası zirvəsinə ucaldan Ümummilli Liderimiz 70-80-ci illərdə mülki aviasiyamızın təməl və inkişaf perspektivlərini müəyyənləşdirdi. Qlobal işlərin həyata keçirilməsində, nailiyyətlərin əldə olunmasında Heydər Əliyevin düzgün kadr siyasəti mühüm rol oynadı. Eyni siyasət bu qüdrətli Şəxsiyyətin hakimiyyətinin ikinci mərhələsində də uğurla davam etdirildi.
Məlumdur ki, hələ 90-cı illərin əvvəllərində ölkə iqtisadiyyatındakı böhran milli aviasiya kompleksindən də yan keçməmişdi. Mülki aviasiya sistemini ciddi böhrandan çıxarmaq üçün məhz Heydər Əliyevin bilavasitə qayğısı və səyi ilə “Milli aviasiya konsepsiyası” yaradıldı. Azərbaycanın müasir mülki aviasiya infrastrukturunun yaradılması, maddi-texniki bazasının möhkəmləndirilməsi də onun adı ilə bağlıdır. 1992-ci ildə Milli Aviasiya Mərkəzi Milli Aviasiya Akademiyası yaradıldı. Yeni tədris korpusları, fakültə, kafedra və laboratoriyalar istifadəyə verildi. Milli Aviasiya Akademiyasının tərkibində Azərbaycan mülki aviasiyasının tarixini, dünənini və bu gününü əks etdirən, rəsmi arxiv materiallarını, tarixi sənədləri hücrələrində – ekspozisiyalarında mühafizə edən zəngin Mülki Aviasiya Muzeyi yaradıldı.
1999-cu ildə Heydər Əliyev və Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə Bakı Hava Limanının Beynəlxalq Aerovağzal Kompleksinin açılışı oldu. Naxçıvan Beynəlxalq Hava Limanının da istifadəyə verilməsi Muxtar Respublikada çox mühüm bir hadisəyə çevrildi. 2005-ci ilin martında Heydər Əliyev Beynəlxalq Aeroportunda möhtəşəm Bakı Yük Terminalının açılışı oldu.
Azərbaycan Mülki Aviasiyası, sözün həqiqi mənasında, bu gün özünün tərəqqi dövrünü yaşayır. Yüksəliş yolunun başlanğıcı artıq arxada qalıb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bütün sahələri artıq təzədən qurulub, müasirləşib.
2004-cü ildən başlayaraq “Azərbaycan Hava Yolları” Dövlət Konserninin aviaparkları intensiv olaraq modernləşdirilib, “Boeing-757”, “Aerobus-320”, “Aerobus-319”, “ATR-42-500” və “ATR-72-500” sərnişin təyyarələri və “Evrokopter”in istehsalı olan “Helikopter”lər alınaraq istismara buraxılıb.
Mülki Aviasiyanın inkişafı və uçuşların təhlükəsizliyinin təmin olunması “Azərbaycan Hava Yolları” QSC-nin həmişə ən mühüm vəzifəsi olub. Son illər Azərbaycan hökumətinin yardımı sayəsində bu istiqamətdə böyük nailiyyətlər qazanılıb. Mülki Aviasiyası məhz müstəqillik illərində Beynəlxalq İKAO-nun standartlarına uyğun olan səviyyəyə yüksəldi. Bu nailiyyətlərin əldə olunmasında heç şübhəsiz ki, İKAO, ECAC və EUROCONTROL kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq böyük rol oynadı. İKAO-nun yardımı sayəsində Azərbaycanda bir çox layihə həyata keçirildi.
44 günlük müharibə zamanı tarixi zəfərin əldə edilməsində Azərbaycan aviatorlarının özünəməxsus rolu və yeri oldu. Bu gün Qarabağda, Şərqi Zəngəzurda beynəlxalq hava limanları istifadəyə verilib. Bu Ulu Öndərin ruhunu şad edən ən ali məqamlardan biridir.
Şərəf Cəlilli