Nəşr edilmişdir 03/20/2025

Paylaşın

GÜNDƏM

Bu gün Cəfər Cabbarlının doğum günüdür

Cəfər Cabbarlının doğum günüdür, Cəfər Cabbarlı, Yazıçı, şair, dramaturq

Cəfər Cabbarlı bir dahi idi

Bütün varlığı, ruhu, duyğuları ilə Azərbaycan olan, varlığı ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən, poetik inciləri, nəsr və dram əsərləri, kino ssenariləri ilə ruhumuzun qida yeri olan Cəfər Cabbarlı 1899-cu ilin yazında, martın 20-də Xızı dağlarının qoynunda dünyaya gəldi. Kömürçü Qafarın oğlu ruhunu cisminə geyib yer üzünə gəlsə də, qəlbinin odu, hərarəti ilə Tanrının Qələm və Kəlam müqəddəsliyinə xidmətdə bulundu. Şeirləri, nəsr və dram əsərləri ilə təkcə yeni dövrün yeni insanını yaratmadı, tarixlə müasirlik arasında körpüyə çevrildi. “Sevil”, “Aydın”, “Oqtay Eloğlu”, “Ədirnə Fəthi”, “Vəfalı Səriyyə” kimi qiymətli dram əsərlərini yaradan Cəfər Cabbarlı “Ey dan ulduzu” şeiri ilə Cümhuriyyət Sevgisinə, “Ana” şeiri ilə övlad məhəbbətinə abidə ucaltdı. Bütün əsərlərini sonsuz sevgilərlə qələmə alan Cəfər Cabbarlı yazıçı, dramaturq, ictimai-siyasi xadim kimi həm də Əbədi İstiqlalın beşiyinin başında duranlardan oldu. 1910-cu ildən Musavat Partiyasının üzvü olan Cəfər Cabbarlı 1919-cu ildə Musavat Partiyasının Bakı Komitəsinin rəhbər heyətində təmsil olundu. Azərbaycan Parlamanının-Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin steneoqrafı kimi hər günü əsrə bərabər olan Parlamanın gündəliyini yaratdı.

Azərbaycan Xalq Cümhuriyyəti Qızıl Ordunun “Qırmızı terroru”na tuş gəldikdən sonra, Gizli Musavatın qurucularından biri kimi tarix yaratdı. Mirzəbala Məmmədzadənin sədrliyi ilə fəaliyyət göstərən qurumda Əbdülvahab Yurdsevər müavin, Cəfər Cabbarlı isə baş katib vəzifəsini ləyaqətlə yerinə yetirdi. Onun bu dövrdə qələmə aldığı poetik incilər Xalq Cümhuriyyətinin və hilallı, ulduzlu üç rəngli Bayrağın həsrətinə həsr olundu.

Bu, Cəfər Cabbarlının görmək istədiyi qadın obrazı idi

Azərbaycan teatrının beşiyi başında dayananlardan biri kimi tarix yaradan Cəfər Cabbarlı millətin nicatını elm-irfanda, maarifçilikdə, teatr-incəsənət, mədəniyyət və mətbuatın inkişafında görən Tarixi Şəxsiyyətlər: Mirzə Kazım bəy, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev kimi Qadının İnkişafını cəmiyyətin tərəqqisi kimi qəbul etdiyindən idi ki, ən qiymətli əsərlərinin baş qəhrəmanını qadınlardan seçir, çadrasını sıyırıb atan Sevilin, Almazın, vəfalı Səriyyənin simasında görmək istədiyi Azərbaycan qadınını səhnəyə gətirir. Cəfər Cabbarlı üsyanların şairi, inqilabın yazıçı, nasir və dramaturqu idi. Ən böyük arzusu, məqsədi hürr görmək istədiyi Vətənini Əbədi İstiqlala qovuşduran böyük vətəndaşlar yetişdirmək idi. Onları yetişdirən isə, savadlı qadın, ana ola bilərdi. Peşəkar Azərbaycan teatr və kinosu məhz onun müqəddəs adı, əməli ilə bağlıdı. Həsən bəy Zərdabinin, Həbib bəy Mahmudbəyovun ənənələrini uğurla davam etdirən, Azərbaycan kinosunun rüşeymini cücərdən bu Böyük Sənətkar Mirzə Fətəli Axundzadədən sonra, həm də, milli dramaturgiyanın sütunlarını ucaltdı. Cəfər Cabbarlı öz möhtəşəm dramaturgiyası ilə, təkcə milli kinonun başında dayanmadı, ssenarilər ilə rejissorlar, aktyorlar nəslini yetişdirdi. Onun səhnə əsərində ilk qadın aktrisa kimi çıxış edən İzzət xanım Orucova bir kimyaçı alim kimi həm də, Azərbaycan elminin aparıcı simalarından oldu. Çadrasını atan Sevilin duyğularını gerçəyə çevirən İzzət Orucova, Akademik İzzət xanım Orucova kimi tarix yaratdı. Bu, Cəfər Cabbarlının görmək istədiyi qadın obrazı idi.

O, ruhu, duyğuları ilə tamam başqa yerdə, dünyada idi

Bütün həyatını millətinin tərəqqisinə, milli-mənəvi dəyərlərinin inkişafına həsr edən Cəfər Cabbarlı Cümhuriyyət iflasa uğradıldıqdan sonra yeni quruluşa töhfə verənlərin sırasında yer aldı. Onun, “Sevil”, “Almaz” kimi əsərləri məhz yeni dövrün təntənəsini özündə ehtiva etsə də, o, ruhu, duyğuları ilə tamam başqa yerdə, dünyada idi. O, inkişaf və tərəqqi edən millətin əvvəl-axır Əbədi İstiqlala qovuşacağına inanır, qələmə aldığı əsərlərində də kamil insanın yetişdirilməsi üçün münbit mühiti yaradır, zəmin hazırlayırdı. Xalq Komissarları Şurasının sədri Hüseyn Rəhimov, Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov, Azərbaycan Yazıçılar İttifaqının sədri Məmmədkazım Ələkbərli ilə söhbətlərində Cəfər Cabbarlıya üstüörtülü şəkildə olsa da, bu barədə məlumatların verilməsini demişdilər. Onun, “Firuzə” adı ilə məşhurlaşan “Bakı” novellasının oxunuşu günü 1934-cü il dekabrın 31-i səhər saat 10-da görüşə getməmişdən öncə, gecə saat 4-də dayanan ürəyi də bir çox gizli mətləblərdən xəbər verir. “Pravda” qəzetində dərc olunacaq “Bakı” novellasının ruhu, havası, davası da bəlli idi. Birinci katibin otağında onu nələrin gözlədiyini Cəfər Cabbarlıdan başqa kimsə yaxşı bilməzdi.  Düzünə qalsa, sonralar Cəfər Cabbarlının yaşadıqlarını həmin məşhur otaqda Səməd Vurğun, Süleyman Rüstəm kimi dahilər yaşayacaqdı…

1911-ci ildən 1934-cü ilə qədər biri-birindən qiymətli əsərlər yaradan Cəfər Cabbarlı dövrünün ən ali mükafatlarından biri olan Azərbaycan Sovet Sosialist Respublikasının Əməkdar İncəsənət Xadimi adına layiq görüldü. Bütün yazdıqları, yaratdıqları ilə sübut etdi ki, mənsub olduğu millətin düşünən beyinlərindən, işıq gələn yerlərindən biridir.

Cəfər Cabbarlı ilə vida mərəsimi “İsmailliyə” binasında təşkil olundu

Cəfər Cabbarlı 1934-cü il dekabrın 31-də səhər saat 4-də dünyaya vida nəğməsi oxudu. Ömrünün 35-ci çağında mələklərin qanadında Tanrı dərgahına qaldırıldı. Bütün həyatını, daha doğrusu dahilərə məxsus, hər günü bir dastan olan həyatını millətinin, məmləkətinin tərəqqisinə həsr edən Cəfər Cabbarlı ilə vida mərəsimi Musa Nağıyevin nakam oğlu İsmayılın şərəfinə ucaldığı “İsmailliyə” binasında təşkil olundu. Qarlı bir qış günündə, 1935-ci il yanvarın 2-də. Azərbaycan SSR-nin Birinci katibinin göstərişi ilə Fəxri Xiyabanda torpaq müqəddəsliyinə qovuşdu.

Cəfər Cabbarlının ürəyi dayanandan sonra, ölüm səbəbini müəyyənləşdirmək üçün onu “Semaşko” adına xəstəxanaya qaldırdılar. Cəfər Cabbarlının unudulmaz qızı Gülarə xanım Cabbarlının xatirələrinə istinad edərək deyə bilərik ki, atası dünyasını dəyişdikdən sonra, “Onun beyni çıxarılaraq Moskvaya, oradan da Leninqrada aparılıb. Məşhur Anatomiya Muzeyində Maksim Qorkinin və Lenin beyinləri ilə birgə saxlanılıb. Cəfər Cabbarlının beyninin çəkisi 2,5 qram imiş. Leninin, Qorkinin beynindən böyükmüş.” Gülarə xanıma istinad edərək onu da deyə bilərik ki, “Bütün bu faktlar o vaxtlar Dövlət Təhlükəsizlik Komitəsinin diqqətində olan məsələlər olduğuna görə heç kəsə deyilməyib.” Bu faktlara əlavə olaraq onu da qeyd edə bilərik ki, son dövrlərin araşdırması sübut edir ki, Cəfər Cabbarlının beyni həcm etibarı ilə Alfred Nobelin beynindən də böyükmüş…

Cəfər Cabbarlının irsinə, şəxsiyyətinə ən böyük dəyəri Ümummilli Lider Heydər Əliyev verdi

Cəfər Cabbarlı bir dahi idi. Dahi olaraq doğuldu, dahiyanə əsərlər yaratdı, onu əbədiyyət səltənətində sultana çevirən əsərlər. Cəfər Cabbarlının irsinə, şəxsiyyətinə, sonsuz millət, məmləkət sevgisinə ən böyük dəyəri isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev verdi. Siyasi hakimiyyətinin birinci və ikinci mərhələsində Cəfər Cabbarlının adının, xatirəsinin əbədiləşdirilməsi, abidə və büstlərinin ucaldılması, ev muzeyinin yaradılması haqqında əmrlər, sərəncamlar imzaladı. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində qorunan rəsmi sənədlər də dediklərimizi təsdiq edir. Azərbaycan SSR KP MK-nın Birinci katibi Heydər Əliyevin 1982-ci il martın 16-da imzaladığı, “Cəfər Cabbarlının 80 illik yubileyinin keçirilməsi haqqında” rəsmi sənəd Mərkəzi Komitənin Plenumunda müzakirəyə çıxarılarılıb. Qərara əsasən, o zamankı Lenin, indiki Heydər Əliyev adına Respublika Sarayında Cəfər Cabbarlının 80 illik yubileyi təşkil olunub, ittifaq ölkələrindən, xüsusəndə Moskva və Leninqrad şəhərlərindən 25-dən çox mədəniyyət və incəsənət xadimi yubiley tədbirinə dəvət alıb, Azərbaycan SSR Elmlər Akademiyasına, Mədəniyyət Nazirliyinə, Respublika Yazıçılar Birliyinə, Teleradio Verilişləri Komitəsinə, Azərinforuma, Azərbaycan Kinostudiyasına, Dövlət Kino Fonduna və Respublikanın mətbuu orqanlarının redaksiyalarına yubiley tədbirinin təşkili və işıqlandırılması üçün göstərişlər verilib. Ulu öndər Heydər Əliyevin 1969-cu il imzaladığı əmrlə Azərbaycan Film Kinostudiyasının önündə büstü ucaldılıb.

Bu Böyük Şəxsiyyətin qərarı ilə Cəfər Cabbarlının möhtəşəm abidəsi ucaldılıb

Azərbaycan SSR KP MK-nın Birinci katibi Vəli Axundovun rəhbərliyi ilə Azərbaycan SSR KP MK-nın bürosunun 1962-ci il iyulun 17-də aldığı qərarın icrası da, Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsinə təsadüf edib. Məhz bu Böyük Şəxsiyyətin qərarı ilə, Bakı şəhərində Cəfər Cabbarlının möhtəşəm abidəsi ucaldılıb. Heykəltəraş Mirəli Mirqasımovun layihəsi əsasında qurulan bu abidə bu gün də Cəfər sevərlərə ən qiymətli hədiyyələrdən biri kimi dəyərlidir. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində Cəfər Cabbarlının yaşadığı ev – xatirə muzeyinə çevrilərək Cəfər Cabbarlının Ev-muzeyi kimi fəaliyyətə başlayıb. Məhz Ulu öndər Heydər Əliyevin xüsusi əmr və sərəncamları ilə Cəfər Cabbarlının adına Bakıda və respublikanın ayrı-ayrı şəhər və qəsəbələrində küçə adları verilmiş, Xızıda-doğulduğu torpaqda Ev-muzeyi yaradılıb. Bakı Metropolitenində stansiyaların birinə adı verilmiş, ayrı-ayrı dövrlərdə yubileylərinin keçirilməsi üçün sərəncamlar imzalanıb. Ulu Öndərin Cəfər Cabbarlının irsi və şəxsiyyəti ilə bağlı aldığı tarixi qərarlar, özü də müqəddəs qərarlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilib. 17 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Cəfər Cabbarlının 120 illik yubileyinin qeyd olunması ilə bağlı” sərəncam imzalayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 saylı Qərarı ilə Cəfər Cabbarlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər siyahısında daxil edilib. Bununla yanaşı, Türk dünyası da Azərbaycanın bu qüdrətli qələm sahibinin irsinə sonsuz ehtiram və sayğısını nümayiş etdirib. 2019-cu ilin fevralında Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un mənzil qərargahında Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə Beynəlxalq Elmi Konfrans keçirilib.

Adı ilə bağlı mükafat Ev-muzeyi tərəfindən gənc yazarlara təqdim olunur

Cəfər Cabbarlı narahat və nigaran dünyamızı Vətənin-Azərbaycan dar, ağır günlərində tərk etdi. Sinəsində Cümhuriyyət dağı, hilallı, ulduzlu, üç rəngli Bayrağın nisgili ilə. Bu gün Azərbaycan azaddır, müstəqildir. Dünyanın ən böyük Bayraq Meydanına, ən böyük Bayraq dirəyinə, ən böyük Bayrağına sahibdir. Cəfər Cabbarlının yolunda qələm çaldığı Odlar Yurdu Azərbaycan dünyada həm də Tarixi Zəfərə imza atan qüdrətli bir dövlət kimi daha işıqlı sabahlara doğru yol gedir. Baharda dünyaya gələn, ömrünün bahar çağında dünyadan köçən, bütün varlığı, ruhu, duyğuları ilə Odlar Yurdu Azərbaycan olan, ən böyük abidəsini könüllərdə, qəlblərdə ucaldan Cəfər Cabbarlıya bundan böyük mükafat ola bilməz. Baxmayaraq ki, adı ilə bağlı mükafat hər on ildən bir adını daşıyan Ev-muzeyi tərəfindən gənc yazarlara təqdim olunur.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib.

Ən son

GÜNDƏM

Baki-baku.az 11 il əvvəl verilən qərarın bu gün üçün də oynadığı mühüm rola, əhəmiyyətinə diqqət

GÜNDƏM

Baki-baku.az 11 il əvvəl verilən qərarın bu gün üçün də oynadığı mühüm rola, əhəmiyyətinə diqqət