“Əkinçi”, “Füyuzat”, “Molla Nəsrəddin” ədəbi məktəblərindən sonra milli mətbuat tariximizdə mühüm yer tutan “Bakı” və “Baku” qəzetlərinin təməlini qoymaqla Bakının aynasını yaradan görkəmli jurnalist, professor Nəsir İmanquliyev sübut etdi ki, bütün dövrlərdə qələmin və kələmin müqəddəsliyi ilə millətə, məmləkətə xidmətdə bulanmaq mümkündür.
1958-ci il yanvarın 10-da işıq üzü görən, 35 min tirajla nəşrə başlayan “Bakı” milli-mətbuat tariximizə özünün səsi, nəfəsi, dəst-xətti ilə yazıldı. Oxucu auditoriyası ilə o dövrün, “Kommunist”, “Vışka”, “Bakinski raboçi” kimi yüz min tirajla çap olunan məşhur qəzetlərinin səviyyəsinə çatdı. Dili, üslubu, yazı manerası, hadisələrə münasibəti, ictimai-siyasi və mədəni mühitdə baş verən olayları çevik, operativ şəkildə əks etdirməsi “Bakı”nı təkcə bakılıların deyil, bütün respublikanın sevimlisinə çevirdi. Bu qəzetin səhifələrində ilk dəfə idman şərhləri, beynəlxalq aləmdə baş verən hadisələrə münasibət, rəsmi və qeyri-rəsmi tədbirlərdən birbaşa reportajlar özünə yer aldı. Ana dilinin bütün incəlikləri ilə işıq üzü görən, orfoqrafiya və orfoepiya qaydalarına əməl edən, sözü müxtəlif çalarlarda oxucuya təqdim edən, ona baş yazarının üslubunu gətirən “Bakı” qəzeti ədəbi səhifələri ilə tez bir zamanda şöhrətlənməyə başladı. Respublikamızda və dünyada baş verən hadisələrə ayna tutan “Bakı” dövrünün məşhur qələm sahiblərinin, gənc istedadların, ədəbiyyatda, poeziyada, incəsənətdə, mədəniyyətdə, elmdə öz sözünü deməyə cəhd edən insanların tribunasına çevrildi.
Qəzetin elə birinci sayından, şəhərin qaynar həyatını, quruculuq işlərini işıqlandırmağa çalışan, “Qəzet yaxşı yazıları ilə hörmətlənir. Onu oxunaqlı edən həm də müəlliflərin nüfuzu, qələmlərinin kəsərliliyidir. Biz ilk növbədə qəzetin ətrafına güclü qələm sahibləri toplamağı, sənət adamlarının yazılarını verməyi vacib sayırdıq. Adlı-sanlı adamların, yazıçı və şairlərimizin qələmindən çıxan hekayələr, oçerklər, reportajlar oxucuların qəlbinə yol tapır, onlar tərəfindən rəğbətlə qarşılanırdı…” “Yazı yazın, səs salıb mis kimi cingildəsin” nidasına tapınıb “Bakı”nı “Əkinçi”nin, “Molla Nəsrəddin”in mənəvi varisinə çevirən, “Jurnalistika elə nadir peşələrdəndir ki, orada peşəkar mükəmməlliyin son həddi yoxdur” deyib, Şamil Şahməmmədov, Cəmşid Əmirov, Qeybulla Rəsulov, Cabir Novruz, Şamil Qurbanov, Famil Mehdi, Fazil Rəhmanzadə, Nüsrət Kəsəmənli, Çingiz Ələkbərov, Rəfail Nağıyev, Adil Cavadlı, Əhməd Rəşidov, Səfər Məmmədov, Şakir Abdullayev, İsmayıl Kərimov, Şaban Şabanov, Oktay Atayev, Mark Peyzel, Kamil Hacıbəyli, Vladimir Matyuşkin, Kamil Rəhimov, Akif Ağayev, Dağbəyi İsmayılov, Ağahüseyn Hüseynov, Zemfira Məhərrəmli, Hacı Babayev, Leonid Qerçikov, Vyaçeslav Sidorenko kimi neçə-neçə istedadlı qələm sahibinin, publisistin püxtələşməsinə, cəmiyyətdə mövqe tutmasına, özünü təsdiq etməsinə ömür əridən Nəsir müəllim ustadlıq zirvəsinin birinci mərhələsini gözünün nuru ilə qurduğu jurnalistika fakültəsinin auditoriyalarında yaşayırdısa, ikinci mərhələsini nəzəriyyə ilə təcrübənin vəhdətində qurub-inkişaf etdirdiyi “Bakı” qəzetinin redaksiyasında yaşayırdı.
1958-ci il yanvarın 10-da kiçik formatda fəaliyyətə başlayan “Bakı” qəzeti beş il sonra – 1963-cü ilin 1 iyununda böyük formatda nəşrini davam etdirdi. Həmin gün həm də “Bakı” qəzetinin “Baku” adlı rusdilli versiyası oxucuların görüşünə gəldi. “Bakı” qəzetində dərc olunan çoxsaylı elmi-publisistik məqalələrin, bədii əsərlərin rus dilinə tərcüməsini oxuculara təqdim edən “Baku” həm də rusdilli auditoriyanın ciddi informasiya mənbələrindən birinə çevrildi.
Bu gün “Bakı” və “Baku” qəzetləri elektron formatda fəaliyyətini davam etdirir. Burada bir-birindən qiymətli qələm sahibləri Deniz Məmmədli, Şərəf Cəlilli, Əbülfəz Babazadə, Xanım Aydın, Elvin Camalov kimi istedadlı jurnalistlər ölkənin media və kommunikasiya sisteminin inkişafına töhfələr verirlər.
Şərəf Cəlilli