Azərbaycanda 15 ildir ki, hər il aprelin 10-u İnşaatçılar Günü kimi təntənə ilə qeyd olunur.
Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixində imzaladığı Sərəncamla bu gün inşaatçıların peşə bayramı kimi rəsmiləşib.
Azərbaycanın inşaat və memarlıq sahəsində dərin tarixi kökləri var. XIX əsrin sonları və XX əsrin əvvəllərində ölkədə tikinti sahəsində böyük canlanma yaşanmış, o dövrdə inşa edilən və bu günə qədər memarlıq abidələri kimi qorunan yaşayış evləri Şərq və Qərb üslublarının nadir sintezini özündə birləşdirərək paytaxt Bakını zəhmətkeş inşaatçıların şərəfli əməyi ilə dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişdir.
Hazırda inşaatçılar öz peşə bayramlarını müstəqil, suveren və birləşmiş Azərbaycanın hər bir küncündə qürur hissi ilə qeyd edirlər. Azərbaycan Ordusunun düşmənə qarşı qələbəsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur bölgələri tamamilə böyük tikinti, abadlıq və yenidənqurma məkanına çevrilmişdir.
Bakı şəhərinin 2040-cı ilədək Baş planı
Uzun müzakirələr, yerli və xarici mütəxəssislərlə görüşlər nəticəsində Bakı şəhərinin Baş planı qəbul edildi. Bu plan paytaxtın 212,3 min hektarlıq inzibati ərazisini əhatə edərək, gələcək 20 ildə şəhərin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Buraya çoxmərkəzli şəhər modelinin formalaşdırılması ilə güclü və davamlı inkişaf, ərazilərin kompleks istifadəsi ilə sabit şəhər mühitinin yaradılması, tarixi-mədəni irsin mühafizəsi, ərazilərin zonalaşdırılması, genişmiqyaslı tikinti işləri, nəqliyyat və sosial infrastrukturların inkişafı, kommunal xidmətlər, ətraf mühitin yaxşılaşdırılması, abadlıq tədbirləri və postsənaye dövrünə uyğun yeni iqtisadi modelin qurulması daxildir.

Baş planın prioritet istiqamətləri aşağıdakılardır:
Şəhərin sabit inkişafı
Şəhər və ətraf mühitin yenilənməsi
Memarlıq simasının və tarixi irsin qorunması
Yeni yanaşmaların tətbiqi
Prezident İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycanda geniş tikinti və quruculuq illəri kimi də yadda qalır. Bu müddətdə inşaatçıların, memarların və layihəçilərin intensiv əməyi nəticəsində müasir avadanlıqlarla təchiz edilmiş çoxsaylı səhiyyə və diaqnostika mərkəzləri, dünya və Avropa səviyyəsində Olimpiya İdman kompleksləri, yüzlərlə hündürmərtəbəli yaşayış binaları, yol qovşaqları, avtomobil körpüləri, yol ötürücüləri və piyada keçidləri inşa edilərək istifadəyə verilib. Bu işlərin miqyası aşağıdakı rəqəmlərlə öz təsdiqini tapır.
Tikinti sektorundakı göstəricilər rəqəmlərlə
Cari ildə Azərbaycanda tikinti materiallarının istehsalı üzrə ümumi məhsulun dəyəri 187,6 milyon manat təşkil edib ki, bu da keçən illə müqayisədə 12,3 % azdır. Dövr ərzində gips məmulatlarının istehsalı 11,9 %, tikinti şüşəsinin istehsalı 13 %, asfalt istehsalı isə 27,5 % azalıb.
Eyni zamanda, bu ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 2 milyard 8,9 milyon manat investisiya yatırılıb, bunun 296,8 milyon manatı, yəni 14,8 %-i yaşayış binalarının tikintisinə yönəldilib. Qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici ümumi sərmayənin 5,1 %-ni təşkil edib. İnvestisiyaların 76,6 %-i tikinti-quraşdırma işlərinə sərf olunub.

Bundan əlavə, tikinti müəssisələri (fərdi sahibkarlar daxil olmaqla) tərəfindən görülən işlərin 80,6 %-ni inşa, yenidənqurma və bərpa, 7,8 %-ni əsaslı təmir, 5,9 %-ni cari təmir, 5,7 %-ni isə digər tikinti işləri təşkil edib. Ümumi inşaat fəaliyyətinin 87,1 %-i qeyri-dövlət sektoru tərəfindən həyata keçirilib.
Qeyd edək ki, bu rəqəmlər zaman keçdikcə artan templə yüksəlir. Bu, dövlətin ölkə daxilində tikinti, quruculuq və abadlıq işlərinə göstərdiyi xüsusi diqqət və dəstəyin bariz nümunəsidir.