Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/14/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Böyük xilaskar

Heydər Əliyev: “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”

Tarixdə elə şəxsiyyətlər var ki, onların adı yalnız yaşadıqları dövrün deyil, bütöv bir xalqın taleyinin, dövlətçilik yolunun və milli dirçəliş salnaməsinin ayrılmaz hissəsinə çevrilir. Belə şəxsiyyətlər zamanın fövqünə yüksələrək ən çətin məqamlarda xalqın qarşısında duran məsuliyyəti öz üzərinə götürür, gələcəyə gedən yolun istiqamətini müəyyənləşdirirlər. Müasir Azərbaycan dövlətçiliyinin memarı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyət yolu da məhz belə böyük tarixi missiyanın parlaq nümunəsidir.

Heydər Əliyev fenomeni bir insan ömrünün çərçivəsinə sığmayan, bir xalqın taleyi ilə qovuşan böyük bir siyasi salnamədir. Onun adı Azərbaycan tarixində uzaqgörən dövlət siyasətinin, möhkəm iradənin, milli maraqlara sarsılmaz bağlılığın və xalqına sonsuz sədaqətin rəmzi kimi yaşayır.

1969-cu il iyulun 14-də başlanan ilk rəhbərlik mərhələsi Azərbaycanın gələcək inkişaf tarixində dönüş nöqtəsinə çevrildi. Həmin dövrdə ölkənin qarşısında duran əsas vəzifələr iqtisadi geriliyin aradan qaldırılması, istehsal imkanlarının genişləndirilməsi, sənayenin inkişaf etdirilməsi və milli kadr potensialının formalaşdırılması idi.

Heydər Əliyev rəhbərliyə gəldiyi ilk gündən Azərbaycanı yalnız mövcud problemlərdən çıxarmağı deyil, gələcəyin müstəqil dövləti üçün möhkəm təməl yaratmağı qarşısına məqsəd qoydu. Onun təşəbbüsü və qətiyyəti ilə həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Azərbaycan qısa müddətdə keçmiş ittifaqın geridə qalan respublikalarından birindən qabaqcıl sənaye və iqtisadi potensiala malik bir ölkəyə çevrildi.

Bu illərdə yaradılan yeni müəssisələr, qurulan sənaye kompleksləri, inkişaf etdirilən istehsal sahələri və yetişdirilən peşəkar milli kadrlar gələcək müstəqil Azərbaycanın əsas dayaqlarına çevrildi. Əslində, 1969-1982-ci illər yalnız iqtisadi yüksəliş dövrü deyil, Azərbaycanın istiqlal yoluna hazırlıq mərhələsi idi.

Sovet ideologiyasının hakim olduğu bir zamanda milli kimliyi qorumaq məsələsi böyük cəsarət tələb edirdi

Heydər Əliyev üçün sovet Azərbaycanı gələcək müstəqil dövlətin sınaq meydanı, milli və iqtisadi potensialın formalaşdırıldığı strateji bir mərhələ idi. O, dövlət idarəçiliyində milli kadrların rolunu artırır, Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, ölkənin gələcək suverenliyi üçün vacib olan dayaqları yaradırdı.

Neft sənayesinin inkişafı, sənaye potensialının gücləndirilməsi, gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi, milli mütəxəssislər ordusunun formalaşdırılması gələcək Azərbaycanın idarə olunması üçün düşünülmüş strateji addımlar idi.

Eyni zamanda Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirirdi. Azərbaycan dilinin, tarixinin, mədəni irsinin və milli kimliyinin yaşadılması istiqamətində atılan addımlar xalqın özünüdərk prosesinin güclənməsinə xidmət edirdi.

Sovet ideologiyasının hakim olduğu bir zamanda milli kimliyi qorumaq məsələsi də böyük cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi qələbələrindən biri də məhz Azərbaycan dilinin dövlət dili kimi o dövrdə Konstitusiyada təsbit edilməsinə nail olması idi. Bu, ittifaq respublikaları arasında nadir hadisə idi. Ulu Öndər sovet sisteminin daxilində Azərbaycan faktorunu diqqət mərkəzinə qoymağı bacaran yeganə lider idi.

Heydər Əliyevin siyasi fəaliyyəti yalnız müəyyən bir tarixi mərhələnin deyil, bütöv bir eranın salnaməsidir. Onun həyat yolu Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Ulu Öndər xalqının gələcəyini uzaqgörənliklə düşünən, dövlətçilik ənənələrini qoruyub inkişaf etdirən, milli maraqları hər zaman üstün tutan və Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutması üçün fundamental addımlar atan böyük siyasi xadim idi. Onun siyasi irsi zaman keçdikcə daha aydın görünür, qəbul etdiyi qərarların və həyata keçirdiyi strategiyanın tarixi əhəmiyyəti daha dərindən dərk olunur.

Ulu Öndər zəngin dövlətçilik təcrübəsi ilə ölkəni böhranlı vəziyyətdən çıxarmağa nail oldu

Ötən əsrin sonunda, 90-cı illərin əvvəllərində Azərbaycan tarixin ən ağır sınaqları ilə üz-üzə qalmışdı. Hakimiyyət çəkişmələri, xaos və Ermənistanın işğalçılıq siyasəti dövlətimizi yox olmaq, dağılmaq təhlükəsinə sürükləyirdi. Belə taleyüklü məqamda qədirbilən xalqımızın gözü öz böyük oğlunu, Vətənin ümid çırağını axtarırdı. 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib cəsarətli bəyanat verən siyasi xadim Heydər Əliyev xalqın qurtuluş mübarizəsinin önünə keçdi. Böyük Xilaskar 1990-cı ilin iyulunda Bakıya qayıtdıqdan sonra mövcud siyasi rəhbərliyin qısqanclığı ilə qarşılaşdı və doğulub boya-başa çatdığı doğma Naxçıvana üz tutdu, orada bütün Azərbaycanın qurtuluş mübarizəsini başlatdı. 90-cı illər Azərbaycan tarixinin ən mürəkkəb və ağır sınaq dövrlərindən biri idi. Ölkə daxilində siyasi böhran dərinləşir, dövlət idarəçiliyi zəifləyir, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişlənirdi. 1993-cü ildə Azərbaycan ağır siyasi böhran, iqtisadi çətinliklər və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşəndə xalq yenidən öz xilaskarını Heydər Əliyevin simasında gördü. Həmin ilin iyununda Naxçıvandan Bakıya gələn Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, dərin siyasi zəkası və qətiyyətli mövqeyi ilə ölkəni böhranlı vəziyyətdən çıxarmağa nail oldu. O, Azərbaycanın müstəqilliyini qorudu, dövlət idarəçiliyini möhkəmləndirdi və müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının əsasını qoydu. Xalqın iradəsi və təkidi ilə baş tutan bu dönüş Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Tarixə Milli Qurtuluş Günü kimi daxil olan həmin hadisə əslində yalnız hakimiyyət dəyişikliyi deyil, Azərbaycanın dövlət kimi xilasının, müstəqilliyinin qorunmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin başlanğıcı oldu.

Ulu Öndərin uzaqgörənliyinin təntənəsi 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi və diplomatik qələbəsi ilə nəticələndi

Ulu Öndərin hər bir qərarı, hər bir siyasi addımı və söylədiyi hər bir kəlam Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması məqsədinə xidmət edirdi. Bu baxımdan Heydər Əliyevin həyat və fəaliyyət yolu yalnız keçmişə aid xatirə deyil, həm də bu günümüzün və gələcəyimizin möhkəm dayağıdır.

2003-cü ildən etibarən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Heydər Əliyev kursunu yeni dövrün tələblərinə uyğun olaraq inkişaf etdirməyə başladı. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uzaqgörən siyasi kurs nəticəsində ilk onillikdə ölkə iqtisadiyyatının misli görünməmiş artımı təmin edildi. Azərbaycan neft və qaz ixracatçısından regionun enerji mərkəzinə və nəqliyyat qovşağına çevrildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub qaz dəhlizi” kimi nəhəng layihələr ölkəni qlobal iqtisadiyyatın ayrılmaz hissəsi halına gətirdi.

Prezident İlham Əliyev iqtisadi güc və diplomatik üstünlüyün hərbi qüdrətlə tamamlanmalı olduğunu çox gözəl bilirdi. Ona görə də ölkənin hərbi büdcəsi artırıldı, ən müasir silahlar alındı və daxili müdafiə sənayesi quruldu. Ən əsası isə Prezident İlham Əliyevin səyi ilə cəmiyyətimizdə vətənpərvərlik ruhu daha da yüksəldildi və yeni vətənpərvər nəsil yetişdirildi.

Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin möhtəşəm təntənəsi 2020-ci ildə reallaşdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və diplomatik qələbəsi ilə nəticələndi. Xalqımızın milli qeyrət simvoluna çevrilmiş Şuşanın azad edilməsindən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciəti tarixə düşdü: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!” Ulu Öndərin uzaqgörən siyasəti və Müzəffər Ali Baş Komandanın qətiyyəti birləşərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Ulu Öndər Azərbaycan mədəniyyətini millətin vizit kartı hesab edirdi

Heydər Əliyev irsi təkcə siyasi strategiyalar toplusu deyil, həm də dərin humanizm prinsiplərinə söykənən bir məktəbdir. Bu məktəbin ən ali dəyərlərini yaşatmaq, Ulu Öndərin xalqa xidmət fəlsəfəsini real əməllərlə davam etdirmək missiyasını Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz üzərinə götürüb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən etibarən Ümummilli Liderin zəngin irsinin öyrənilməsi, təbliği və bu ideyaların gələcək nəsillərə ötürülməsi istiqamətində misilsiz layihələrə imza atıb. Ulu Öndərin ideyalarının siyasi, insani, mədəni və xeyriyyəçilik aspektlərini canlandırıb.

Ulu Öndər Azərbaycan mədəniyyətini millətin vizit kartı hesab edirdi. Mehriban xanım Əliyeva bu baxış bucağını beynəlxalq müstəviyə daşıdı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə muğam sənətinin, xalçaçılığın, aşıq sənətinin dünyanın qeyri-maddi, mədəni irs siyahısına daxil edilməsi tarixi nailiyyətdir. Fondun xaricdə həyata keçirdiyi layihələr, dini və tarixi abidələrin bərpası Azərbaycanın tolerantlıq duyğularını multikultural dəyərlərə münasibətinin ifadəsidir.

Vətən müharibəsindən sonra Heydər Əliyev Fondunun fəaliyyəti yeni və daha şərəfli bir mərhələyə qədəm qoydu. İşğaldan azad edilmiş torpaqlarda, Qarabağda, Şərqi Zəngəzurda, xüsusilə də mədəniyyət paytaxtımız Şuşada tarixi-dini abidələrin bərpası xanım Mehriban Əliyevanın birbaşa nəzarəti altındadır. Vaqif Poeziya Günlərinin, “Xarıbülbül” festivalının yenidən bərpası və rəngarəngliyi ilə dünyaya səs salması Ulu Öndərin ruhunu şad edən ən böyük hadisələrdəndir. Ulu Öndər millətinin xoşbəxt, məmləkətini azad görmək istəyirdi: “Bu gün Azərbaycan azaddır, müstəqildir, özü öz müqəddəratını həll edir”

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Tovuz döyüşlərinin başlamasından altı il keçir.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin