Qışda qışlağı, yayda yaylağı, Türküstanda oylağı olan Qarapapaqlar
İkinci yazı
Türküstandan Avropaya, Avropadan Anadoluya, Anadoludan Qafqaz sıra dağlarına səs salan Qarapapaq türklərinin əsas ana vətəni, məskəni olan Borçalıda 280 kənddə bu soya bağlı 500 mindən çox insan yaşayır. Qədim yaşayış məskənləri, tarixi abidələri, oronim, oykonim və toponimləri ilə Qarapapaqların tarixinə, mədəniyyətinə ayna tutan Borçalı həm də sazın, sözün, qiymətli incilərin, ustad sənətkarların, qüdrətli sərkərdələrin diyarıdır. Min illər boyu milli kimliyini, türk soyuna bağlı özəlliyini qorumaqla yanaşı, o həm də əski gələnəklərini yaşatmış, nəsildən nəslə, yaddaşdan yaddaşa ötürmüşdür.
Qarayazı, Qaraçöp, Başkeçid, Bolus, Sadaxlı, İlməzli, Ayorta, İmir, Muğanlı, Bəylər, Saraclı, Faxralı, Dəmirçihasanlı, Qızılhacılı, Sarvan, Armudlu, Kəpənəkçi, Ormeşən, Qəmərli, Cuci xanabağlı – Gücəkənd, Yırğançay, Ağaməmmədli, Ağqüllə, Arıxlı, Sürməli, Saral, Təkəli, Quşçu, Ayrım, Tərəkəmə kimi yaşayış məskənləri ilə tarixlə müasirlik arasında körpüyə çevrilən Qarapapaqlar, qolunun davamını qılıncda görən qüdrətli sərkərdələri, ruhunun davamını sazda bilən ustad aşıqları ilə ulu, azman türkün qüdrətini, əzəmətini, zəngin mədəniyyətini qorumuş, yaşatmış, himayə etmişdir.

Qarapapaqların bir qolu da Dərbəndin qala divarlarına doğru uzanır
Bu qədim-qaim diyarda minillər boyu qopuzu saza, davulu qavala dəyişən türklərin türküsü, bayatısı səslənmiş, qəhrəmanlıq və məhəbbət dastanları ruha nur kimi çilənmişdir. Tarixi mənbələr də sübut edir ki, bu torpaqların qədim sakinləri olan Qarapapaqların bir qolu da Dərbəndin qala divarlarına doğru uzanır. Dərbənddə 120 min, Qazaxıstanın Çimkənd yörəsində 100 min, Qırğıstanın Qarabata və Oş şəhərlərində 7 min, bu gün üstünə od-alov ələnən Ukraynada 40 min, Rusiya Federasiyasında, Güney Azərbaycanda, Sulduz, Urmiya şəhərlərində yüz minlərlə Qarapapaq türkü dilini, mədəniyyətini, əski gələnəklərini qorumaqda, yaşatmaqdadır.
SSRİ dönəmində, 30-cu illərin dəhşətlərində, 1937-ci və 1944-cü illərdə taleyinin ağır üzünü, tarixinin ən sərt zaman kəsiyini yaşayan Axıska türkləri, çeçenlər, inquşlar, bulqarlar, Krım türkləri kimi repressiyanın, müharibənin, deportasiyanın dəhşətləri ilə üzləşmiş, tarixi torpaqlarından Türküstan qırgəzlərinə, Orta Asiyaya, Sibir çöllərinə sürgün edilmişlər.

Araşdırmalar sübut edir ki, Türkiyə Cümhuriyyətindəki Qarapapaqların sayı milyonlarladır
Qarapapaqların böyük bir kəsimi isə Türkiyə Cümhuriyyətində yaşamaqdadır. Türkiyədəki Qarapapaq tərəkəmələrinin Anadoluya köçü Alparslanın Anadolunu fəthindən sonra başlamış, XV əsrdə bu köçlər davam etmişdir. “93 hərbi” adı verilmiş türk-rus müharibələri zamanı, bolşevik işğalı dövründə və sonrakı illərdə köçlər sürətlənmişdir.
Qars, Ərdahan, İğdır, Sivas, Amasya, Muş, Ağrı, Van, Qaziantep, Çorum, Tokat, Adana olmaqla, Türkiyə Cümhuriyyətinin 44 şəhərində qarapapaq tərəkəmələri yaşamaqdadır. Bu şəhərlərdən İstanbul, Ankara, İzmir, Qocaeli, Bursa kimi böyük şəhərlərə köç edən türklər köçdən köçə qoşulmaqla yanaşı, tarixi gələnəklərini qorumuş, “köçmən olaraq gəldikləri ərazilərdə qan qardaşlarının can qardaşına çevrilmişlər”.
Aparılan sosioloji araşdırmalar sübut edir ki, Türkiyə Cümhuriyyətindəki qarapapaqların sayı milyonlarladır ki, bu səbəbdən də buradakı ən çox türk soylu xalq məhz Qarapapaq tərəkəmələri hesab olunur.
Qarapapaqlar 1890-cı ildə Çar Rusiyasının işğalına qarşı təşkil edilən Hamidiyyə Süvari alayları içərisində ön sıralarda yer almaqla kifayətlənməmiş, tarixi zəfərlərin qazanılmasına töhfələr vermişlər. Alparslanın Anadolunu fəthi zamanı onlar Səlcuqlu ordusu içərisində yer alan Qarapapaqlar bütün dönəmlərdə Osmanlının yanında, arxasında olmuşlar. Bu gün də Qafqazlarda, Rusiya Federasiyasında, Türküstanda yaşayan Qarapapaq türklərində hüdudları məlum olmayan bir türk-osmanlı sevgisi, sevdası vardır. Türk-islam dəyərlərini, mədəniyyətini, türk dilini və gələnəklərini, aşıq ədəbiyyatını, türk poeziya ənənələrini mühafizəkarcasına qoruyan Qarapapaqlar milli mənliklərini, milli kimliklərini qorumanın yolunu məhz birlikdə, bütövlükdə, yaddaşa sevgidə gördüklərindəndir ki, ortaq dil, ortaq mədəniyyət, ortaq tarix kimi düşüncənin inkişafına töhfə verirlər.

Şeir, sənət, ədəbiyyat, aşıq sənəti kimi incilərlə dəyərlər xəzinəsini zənginləşdirən Qarapapaq türkləri Aşıq Hüseyn Bozaqlanlı, Borçalı Alısı adı ilə tanınan Aşıq Alı, Aşıq Əmrah, Xındı Məmməd, Hüseyn Saraclı, Aşıq Kamandar, Aşıq Əhməd Sadaxlı, Aşıq Məhəmməd Sadaxlı, Aşıq Nurəddin, Aşıq Gülabı, Aşıq Göyçə, Zəlimxan Yaqub kimi ustad sənətkarlar, haqq aşıqları və şairləri ilə yanaşı, milli dövlətçilik, sərkərdəlik tariximizə töhfələr vermişdir. Məmlük Sultanı Baybars, Qarapapaq Türk Cümhuriyyətinin qurucusu Emin ağa Acalov, İsrafil ağa, Darvazlı Mehralı bəy, Qurd İsmayıl Haqqı Paşa, Yadigarov qardaşları, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Mustafa Ağa Arif, Akademik Zahid Xəlilov kimi sərkərdələri, ağa və bəyləri, mütəfəkkir alimləri ilə tarix içərisində tarix yaratmış, vətənin qıraqda qalan yerinə şöhrət qatmışlar. Qarapapaq tərəkəmə mədəniyyətinin inkişafına töhfə vermişlər. “Bozalqanlı Aşıq Məktəbi”nin, “Aşıq Əmrah Aşıq Məktəbi”nin, “Hüseyn Saraclı Aşıq Məktəbi”nin, Aşıq Kamandar Aşıq Məktəbinin nümayəndələri, ustad-şəyird mühitində püxtələşib yetişdiyi kimi, elmi-irfan bulağında içən Qafqaz Şeyxülislamı səviyyəsinə ucalan Talıbzadələrin sufi nəqşi-bəndi ruhlu poetik inciləri ilə Qarapapaqların qara sevdasının aynası, dünyası olan qoşmaların, müxəmməslərin, gəraylıların, qıfılbəndlərin, dastanların müəllifi kimi tarixə yazılmışlar: Hüseyn Saraclı, Xındı Məmməd, Aşıq Kamandar, aşıq sənəti tarixində ilk dəfə saz havaları ilə muğamın sintezində incə ruhlu havalar yaradan Aşıq Əmrah Gülməmmədov kimi ustad sənətkarla Qarapapaq türklərinin adı ilə bağlı olan “Misri”, “Zarıncı”, “Mansırı”, “Borçalı divanisi”, “Bozalqanlı havası”, “Tərəkəmə”, “Koroğlu havaları”, “Qəhrəmanı saz havaları” ilə dünyanın maddi-mədəni irsini zənginləşdirmişlər.

Minillər boyu Göytürklərin əzəmətini, cəsarətini əyinlərinə xirqə bilib geyinmişlər
İstiqlaldan şirin nemət, azadlıqdan böyük sərvət tanımayan Qarapapaq türkləri minillər boyu Göytürklərin əzəmətini, cəsarətini əyinlərinə xirqə olaraq geyinmişlər. Qeyrətin, ləyaqətin simgəsi kimi başlarındakı papağa, Qarabörlkə ehya kimi baxmışlar. Sultan Baybarsın və Emin Acalovun simasında iki qüdrətli türk dövləti qurmuşlar: Məmlüklər Dövləti və Borçalı Qarapapaq Türk Cümhuriyyətini. Onları Səfəvilərin, Əfşarların, Qacarların imperiyasının keçmişi və gələcəyi hesab etmişlər. Dil içində dil, din içində din saxlamışlar. Üzünü saza söykəyib qəvi düşməndən öc almaq üçün tarixi torpaqlarında qalmağı üstün tutmuşlar; qəlbi dağların, bol sulu çayların, göz oxşayan yaylaqların, gen çöllərin yaxasında artıb ürüyən, tonqal çatıb ocaq qalayan, oğul evləndirib, gəlin gətirən Qarapapaqlar bu gün də soy və boy birliklərini qorumaqdadırlar.

Qarapapaqların and yeri – Təbriz, Səhənd, Savalan
Boy-boylayıb, soy-soyladıqları dastanla düşdükləri vətən torpağını Oğuz oğlunun yaddaş yeri, sərkərdə, xaqan, dədələrinin, əcdadların tutyası, əmanəti, göz bəbəyi kimi qorumaqdadırlar. And içəndə Savalana, Səhəndə, Təbrizə and içən, əbədiyyət üfüqlərində doğan Nəsiminin soyulan dərisini, “Qırx gün qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq, xoşbəxtlikdir!” nidası ilə budanan qollarını Mədinə, Məkkə, Kəbə bilən Qarapapaqlar iman gətirəndə Ağ börəyə, Göy börəyə, Boz börəyə, Ərkənəqona tapınmışlar. Üzü qibləyə deyil, Bakıya, Təbrizə, Dərbəndə, Anadoluya yatmışlar. Yatmış ruhları oyatmışlar. Borçalını Börüçalaya – Qurdlar vadisinə çevirmişlər. Köçüb getsələr də, geri gəlməyi, vətəndə bitməyi qürbətdə ölməkdən üstün bilmişlər. Bu səbəbdən də tarixi mənbələrdə belə qalmışlar: “Onlar köçüb getdilər, gedib yenə geri döndülər. Öldülər, yurd yerindən dönmədilər!”
Qara zurnanın, qara sazın, qavaldaşın, davulun, nağaranın – toy havasına qol qaldırdılar. Bir də onda ayıldılar ki, soylarının, boylarının adı ilə bağlı havaları var “Tərəkəmə”. “Tərəkəmə” sıradan bir hava deyil. Qarapapaq türklərinin atının kişnərtisinə, qoç Koroğlunun nərəsinə, Hasan paşanın, Xan Eyvazın vətən sevgisinə, Çənlibelin təntənəsinə, Nigarın Koroğlu eşqinə bağlıdır. Onda bir qoç, köç havası var. “Tərəkəmə”nin səsi gələndə insanın quş kimi uçmağı, qartal kimi səkməyi, yağının sinəsinə dağ çəkməyi gəlir.

“Atam, anam tərəkəmə” deyib, zirvələrdə qartal kimi qıy vurmayanlar, yurd eşqinə qol qaldırıb havalanmayanlar, Türküstandan, Hindistandan, Avropadan Anadoluya, Göytürklərin, Hunqarların diyarına, Qafqazlara varmayanlar, qəlbi dağların yaxasında, üzünü davula söykəyib, vəhdəti-vücud məqamının gözəlliyini yaşamayıb Tanrıya qovuşmayanlar, şamanların, qamların diyarında haqqa varmayanlar, Qırgəzlərdə yovşanın, kol dibində bənövşənin ətrinə bürünməyənlər onun əzəmətini, batini gözəlliyi çətin anlayarlar. Ərdi, ərəndi, Tanrı üzü görəndi Qarapapaqlar. Qarabörünün diyarından, soyundan gəlirlər. Göy Tanrını, Tengirini sevirlər. Köç havası, qoç davası var onların. Qışda qışlağı, yayda yaylağı, Türküstanda, Borçalıda, Anadoluda, Urmuda, Sulduzda, Qarabağda, Dərbənd, Naxçıvanda, Mil-Muğanda, Qazax-Şəmşəddil mahalında oylaqları var onların. Dizinin üstündə qopuzu, ürəyinin başında sazı, bu dağdan o dağa, arandan yaylağa yetən səsi, ünü, avazı var onların.
Qarabağın “Segahı”, “Qarabağ şikəstəsi”, Şirvanın “Şirvan şikəstəsi”, “Şəşəngi”si, Qarapapaq türklərinin – tərəkəmələrin isə “Zarıncı”sı, “Urfanı”sı, “Misri”si, “Tərəkəmə”si var. Minillər boyu “Urfanı”nı dinləyəndə ruhu bədənindən qopan Qarapapaqlar – Sufi-hürufi, Nəqşibəndi ocaqlarında bihal olublar. Şikəstə könülləri tarimar olanda “Zarıncı”ya könül veriblər. Qəribin Şahsənəmə, Şahsənəmin Qəribə həsrətini çəkiblər. Mahmudun Məryəmə, Kərəmin həsrətinə kül olanda “Yanıq Kərəmi”ni sazın çanağından giryan ediblər. “Ərzurumun gədiyinə varanda, onda gördüm, bürəm-bürəm qar gəlir. Lələm dedi, “Gəl qayıdaq geriyə.” Dedim, “Lələ, namusuma ar gəlir,” deyib, Qara sevdalarından, sevdiklərindən dönməyiblər.
“Qars ayaz, bura qışdı, Qars ayaz; Qələm, qurbanın olum, qismətimi Qarsa yaz” nidası ilə paralanmış, yaralanmış Vətənin bütöv yeri olublar. Misri qılıncı qurşayıb, Göytürklərin, Hunların atlarını minib yağı üstünə yeriyiblər. Sultan Baybarsın, İsmayıl Haqqı Paşanın, Emin ağa Acalovun, Darvazlı Mehralı bəyin, İsrafil ağanın əzəmətini yaşayıblar. Yurd yerinə bağlanıb, daşa, yaddaşa dönüb, “Öldü, var, döndü, yoxdur!” deyiblər. Börülərin çalasında, Qurdların vadisində, “Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdı!” nidası ilə tarix yaradıblar, tarixdə qalıblar.
Şərəf Cəlilli