Başkeçid mağaralarında tapılan qalıqların eneolit dövründə yaşayan Oğuz tayfalarına məxsus olduğu sübut edilmişdir
Qədim yaşayış məskənləri, tarixi şəxsiyyətləri, qüdrətli sərkərdələri, fikir və düşüncə sahibləri, təbib-filosofları, mütəfəkkir alimləri, sənət-söz adamları, ustad sənətkarları, irfan bulağından içən azman aşıqları ilə ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirən Borçalı Bütöv Azərbaycanın ayrılmaz tərkib hissəsi olsa da, Təbriz, Dərbənd, İrəvan, Zəngəzur kimi yağıların güdazına gedib. Taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olmaq məcburiyyətdən qalan Vətənin Odlar Yurdu Azərbaycanın kədər nöqtəsinə çevrilib.

Borçalı toponiminin Barisil-Boroçoglu tayfaları ilə bağlı olduğu qeyd edilir
Tarixi mənbələr eramızdan əvvəl I minillikdə burada xəzərlərin əcdadı müşkilərin yaşadığını, iskit-kimmer tayfalarının da məskunlaşmağa başladığını təsdiqləyir. Onların Makedoniyalı İsgəndərlə mübarizəsindən bəhs edilir. Hələ 1930-cu illərdə Ceyrançöldə tapılan insan qalıqları bölgənin ilk insanların yaşayış məskəni olduğunu sübut edir. 1999-cu ildə Başkeçid-Dmanisi mağaralarında tapılan qalıqların eneolit dövründə yaşayan Oğuz tayfalarına məxsus olduğu da elmi əsaslarla sübut edilmişdir. Pəhləvilərin orta əsrlərdə buranı Qorduman-“Qurd adamların yurdu”, Gürcülər Qurdiz-Xəvi, Qurdçala, Ərəblər Berşalə və ya Börüçölü, Avropa səyyahları isə Turgiye-Georgi, Türk-Gürcüstanı adlandırıblar. Alban tarixçi Musa Kalankatuklu (Qalınqatlı – Ş.C.) Barisil-Boroçoglu Qarapapaq türklərinin II-IV əsrlərdə bu ərazilərdə yaşadığını yazır.
Borçalı toponiminin Barisil-Boroçoglu tayfaları ilə bağlı olduğunu qeyd edir. Tarixi mənbələrə istinadla onu da qeyd edə bilərik ki, Borçalı mahalı iki əyalətdən ibarət olub: Aran Borçalı və Dağ Borçalı. SSRİ etnik təmizləmə nəticəsində Dağ Borçalı toponimi tarixə qovuşub.

Borçalı 628-ci ildə Göytürk, sonradan isə Xəzər Xaqanlığının tərkibində olub
Orta əsr ərəb tarixçi Həməvinin əlyazmalarında “Borçalı Arranda yer adıdır” cümləsinə rast gəlinir. İkinci əsrdən isə Borçalıya Bulgar, Hun, Savir və Onuğur tayfalarının köçü başlayıb. 552-ci ildə Xəzər Xaqanının qızı ilə evlənən Sasani Şahı I Xosrov Ənüşirəvan daha 3 min türkün indiki Dmanisi-Başkeçid ərazisinə köçürülməsinə qərar verib. Borçalı 628-ci ildə Göytürk, sonradan isə Xəzər Xaqanlığının tərkibində olub. Ərəb xilafətinin süqutu ilə Borçalıda Tiflis və Dmanisi əmirlikləri yaradılıb. Bu əmirliklər Sacilər və Salarilər sülalələri tərəfindən idarə edilib. Abxaz-Kartvel hökumdarı IV David isə 1118-ci ildə Səlcuqlularla mübarizə üçün 40 min Qıpçaq türkünü Borçalı və ona yaxın ərazilərə yerləşdirib. 1121-ci ildə Didqori döyüşündə qalib gələn IV David Tiflis və Dmanisi əmirliklərini ləğv edib. XIII əsrdə Moğol istilası zamanı Borçalı Elxanilər dövlətinin tərkibinə qatılıb. 1386-cı ildə isə Əmir Teymur Borçalda yaşayan türk tayfalarını özünə tabe edib.
Mahal XV əsrdə Qaraqoyunlu və Ağqoyunluların tərkibində olub. XVI əsrdə Osmanlı-Səfəvi müharibələri dövründə Borçalı bir neçə dəfə Osmanlı idarəsinə keçsə də əsasən Gəncə bəylərbəyliyinin ərazisi sayılıb. Bəylərbəyi Ziyad oğlu 1736-cı ildə Nadir xanın şah elan edilməsinə qarşı çıxdığı üçün 1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Kartli krallığının tərkibinə verilib. Həmin dövrdə Kvemo Kartli bölgəsi Səfəvilərin tabeliyində olan yörə kimi Əfşarlar İmperiyasının tərkibində idi.
1783-cü ildə isə faciə baş verib: Azərbaycan “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə ikiyə parçalandıqdan sonra Rusiya ilə Gürcüstan arasında bağlanan Gürçüstan-Rusiya Georgevsk Traktatı ilə Gürcüstan, o cümlədən Borçalı, Rusiya ərazisinə qatılıb. Demoqrafik vəziyyəti dəyişmək üçün Rusiyadan almanların bu əraziyə köçürülməsinə başlanılıb. Onların yaşaması üçün Dmanisi-Başkeçid ərazisində Yelizavetpol-Feld kaloniyası salınıb. Bolşevik işğalından sonra kaloniyaya alman komunist Roza Lüksenburqun adı verilib. 1850-ci illərdə Borçalı qəzaya çevrilib və Azərbaycanlıların yaşadığı indiki Qardabani-Qarayazı və Qaraçöp bölgələri isə Tiflis quberniyasına daxil edilib.

Cümhuriyyət qurulanda Borçalı Gürcüstanla Azərbaycan arasında mübahisəli əraziyə çevrilib
Çar Rusiyasının 1885-ci ildə aparılan Kafedral siyahıya almasına əsasən Borçalı əhalisi 89 076 nəfər olub. Onların 50 mindən çoxu Azərbaycan türkü idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Borçalı Gürcüstanla Azərbaycan arasında mübahisəli əraziyə çevrilib. Borçalının, daha doğrusu Qarapapaq türklərinin Emin ağa Acalovun öndərliyi ilə Osmanlı himayəsində Qarapapaq Türk Cümhuriyyəti qurmaq cəhdi də uğursuzluğa düçar olub. Bolşevik Rusiyasının gəlişi Şura Hökümətinin qurulması ilə 1929-cu ildə qəza üç hissəyə bölünüb – Borçalı, Bolnisi və Baş keçid. Borçalının 2 575 kvadrat kilometrlik ərazisi-Loru nahiyəsi, Pəmbək və Ağbaba – Şörəyel mahalları isə Ermənistana verilib. Yörənin türk əhalisi sürgün edilib, onların yerinə ermənilər, yunanlar və aysorlar köçürülüb. Ötən əsrin 30-cu illərinin dəhşətləri Borçalıdan yan keçməyib. On minlərlə Qarapapaq türkü tarixi torpaqlarından Sibir çöllərinə, Türküstan qırgəzlərinə – Orta Asiyaya köçürülüb. Ötən əsrin 40-cı illərində isə daha dəhşətli siyasət yürüdülüb. Azərbaycan toponimlərinin dəyişdirilməsinə başlanılıb. Əvvəl rayonlar, sonra isə kənd, dağ və çay adları gürcüləşdirilib.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri Qarapapaq türklərinin siyasi taleyində mühüm amilə çevrilib
Sovet İttifaqı dağıldıqdan sonra 80-ci illərdə Borçalıya sıvanların köçürülməsi ilə bölgəni terror dalğası bürüyüb. Qarapapaqlar kütləvi şəkildə Azərbaycan və Rusiyaya köçməyə məcbur olub. Borçalıların deportasiyasına Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi son qoyub. Ulu Öndərin Gürcüstanın o zamankı prezidenti Eduard Şevardnadze ilə apardığı danışıqlar nəticəsində Azərbaycanlıların köçünün qarşısı alınıb. Heydər Əliyev Borçalıda, tarixi torpaqlarında yaşayan soydaşlarımıza daima diqqətlə yanaşıb. Ulu Öndərin qayğısı sayəsində onların təhsil, səhiyyə, sosial və digər sahələrdəki problemləri həllini tapıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri Qarapapaq türklərinin siyasi taleyində mühüm amilə çevrilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib. Onların doğma torpaqları ilə bağlılığının gücləndirilməsi üçün mütəmadi dəstək verilib. Eyni zamanda soydaşlarımıza xas ənənəvi sənət növlərinin yaşadılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Borçalı bölgəsinin ucqar kəndlərinə xalça toxuyan dəzgahlar hədiyyə edilib.

Qarapapaq türkləri dil içində dil, din içində din saxlayıb
Minillər boyu işğal, parçalanma və talanlara baxmayaraq, Qarapapaq türkləri dil içində dil, din içində din saxlayıb. Milli kimliklərini qoruyub, yaşadıb, tarixi abidələrinə, qədim yaşayış məskənlərinə sahib çıxıblar. Adlarına “Kitabi-Dədə Qorqud” dastanında belə rast gəlinən Quşçu qalası, Ağ qala, Babakər dağı, Narın qala, Sınıq körpü, Muğanlı, Ağbulaq kurqanları günümüzə qədər gəlib çıxıb. Borçalı mahalı Rustavi, yəni Bostan şəhəri daxil olmaqla 6 rayona bölünüb: Qardabani-Qarayazı, Marneuli-Sarvan, Bolnisi-Çörük Qəmərli, Dmanisi-Başkeçid, Tetritskaro-Ağbulaq və Salqa-Barmaqsız.

Bu bölgələrin hər birində Qarapapaq türklərinin, tərəkəmələrin əski gələnəkləri, tarixi dəyərləri, qorunmaqdadır. Sultan Baybarsa bağlı igidlərin, İsrafil ağa Acalov, Mehralı bəy Darvazlı, İsmayıl bəy Mursaqulov kimi qüdrətli sərkərdələrin, Çar Rusiyası Ordusunda xüsusi nüfuz qazanan Yadigarov qardaşları kimi generalların, Əlimərdan bəy Topçubaşov, Emin ağa Acalov, Nəriman Nərimanov kimi dövlət xadimlərinin, akademik Zahid Xəlilov kimi Riyaziyyat və fizika sahəsində yeni bir mərhələnin əsasını qoyan, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti səviyyəsinə ucalan alimlərin, Hüseyn Bozalqanlı, Borçalı Alısı, Xındı Məmməd, Aşıq Əmrah, Hüseyn Saraçlı, Aşıq Kamandar, Şair Nəbi Borçalı, Şair Ağacan, Zəlimxan Yaqub, Səadət Buta kimi məşhur aşıqların, irfan bulağından içən şairlərin, pirlərin, övliyaların diyarı olan Borçalı Vətənin qıraqda qalan yeri olsa da ömrü boyu qəlbi Bütöv Azərbaycanla – Bakı, Təbriz, İrəvan, Naxçıvan, Dərbənd və Anadolu ilə döyünüb. Üzü qibləyə deyil, Təbrizə yatan Borçalı igidləri 20 Yanvarda, istər Birinci Qarabağ Savaşında, 44 günlük Vətən Müharibəsində al-qanı ilə tarix yazanların sırasında yer alıb.
Şərəf Cəlilli