Əminə Dilbazinin rəqs edən taleyi
1919-cu ilin son günlərində Qazaxda dünyaya gələn Əminə Dilbazi, uşaq yaşlarından həyatın sınaqları ilə üzləşdi. Beş yaşında sevimli qardaşını itirdi, atasının qəlbində yaranan boşluğu doldurmaq üçün “oğul” kimi böyüdü. Saçları oğlansayağı kəsildi, üstünə oğlan paltarı geydirildi. Ancaq onun daxilində nəinki oğlan, heç adi bir qız da deyildi – o, ruhunda musiqi daşıyan bir rəqqasə idi.

İlk addımlar və təsadüfi rəqs
Əvvəlcə musiqiyə yaxın idi – konservatoriyada fortepiano dərsləri alırdı. Amma ailə şəraiti onu bu yoldan ayırdı. Daha sonra idmanda uğurlar qazandı. Lakin bir gün məktəb direktoru onu bilmədiyi bir ünvana göndərdi – özü idman yarışı gözləyərkən, musiqi sədaları altında rəqs edən uşaqların arasına düşdü. Ondan rəqs etməsini istəyən münsiflərə etiraz əlaməti olaraq dedi: “Oynamayacağam, mən idmançıyam”. Lakin musiqi səsləndi, amma o, rəqs edə bilmədi. Əminə “obsa” adlı havanı sifariş verir. Belə bir rəqsin olmadığını bildirəndə o öz ağlında olan musiqisini oxudu və oğlansayağı oynamağa başladı. Zal gülüşə qərq oldu, amma bu “gülüş” onun taleyini dəyişdi.
Üç gün sonra rəqs ansamblına qəbul olunduğunu, ayda 400 manat təqaüd alacağını eşitdi. Anası üç işdə çalışırdı. Əminə ona dedi: “Ay mama, mən sənə hər ay 400 manat versəm, bir işdən çıxarsan? Biz sənin üzünü görə bilmirik”. Bütün şübhələrə rəğmən, anası razı oldu. Və beləliklə, rəqs onun həyatına çevrildi.

Səhnədə alovlanan sevgi – Qırmızı çəkməli qızın nağılı
Zamanla Əminə Dilbazi ölkənin ən tanınmış rəqqasələrindən birinə çevrildi. Gözəlliyi, istedadı, səhnədəki cazibəsi təkcə tamaşaçıları deyil, dövrünün iki dahi bəstəkarını – Fikrət Əmirov və Cövdət Hacıyevi də valeh etmişdi. Onlar həm dost, həm də rəqibə çevrildilər.
Bir gün Filarmoniyada konsertdən sonra səhnədə məşq edən Əminə xanımı bəstəkar Qara Qarayev pərdənin arxasından izləyirdi. Cövdət Hacıyev təsadüfən bunu görüb ona yaxınlaşdı. Qarayev ona Əminəni göstərib deyib: “Gör o qırmızı çəkməli qız necə gözəl rəqs edir”. Bu sözlər, sanki onun ürəyindəki sevgini daha da alovlandırıb.
Eyni zamanda bəstəkar Fikrət Əmirovun da Əminə xanımdan çox xoşu gəlirdi. Fikrət, Gəncədə bir romantik səhnə ilə onu heyran etməyə çalışdı. Royal arxasında bir məhəbbət mahnısı ifa etdi və təklifini irəli sürdü. Amma Əminə dedi: “Bu məsələni Cövdət də bilməlidir”. Xəbər Cövdətə çatdı. O, təcili olaraq Gəncəyə gəldi və sevgisini açıq şəkildə etiraf etdi.
Əminə Dilbazi xatirələrində yazır: “Fikrətə ərə getməyə razı olmuşdum. Amma Cövdətə yazdım: “Mən yalnız səni sevirəm. Fikrətlə evlənirəm. Bu məktubu sənə ağlaya-ağlaya yazıram”.
Lakin tale fərqli qərar vermişdi. Cövdət onu vağzaldan birbaşa nikah şöbəsinə apardı. Nikahda şair Səməd Vurğun və Mirvarid Dilbazi də iştirak etdi. Dörd övladlı ailə quruldu.
Deyilənlərə görə, Səməd Vurğun elə əvvəldən Əminə xanımın Fikrət Əmirova getməsinin əleyhinə imiş. Deyirmiş ki, Fikrətin yanında çox gözəllər dolanır, Cövdət sənin üçün daha yaxşı seçimdir.

Sədaqət, fədakarlıq və sənət
Əminə həyat yoldaşı Cövdətin Moskvada konservatoriyanı bitirməsi üçün beş yerdə çalışdı. O, ailəsi uğrunda fədakarlıq etdi, həm də səhnəni tərk etmədi. Bəzən Cövdətin qısqanclığı ilə üzləşdi, amma o deyirdi:
“Heç kim bizi ayıra bilmədi. Biz bir-birimizi həqiqətən sevirdik.”
Böyük sənətkar oldu, amma ailə sevgisini, qadın təəssübünü, fədakarlığı heç vaxt itirmədi. O, təkcə səhnədə deyil, həyatda da alqışa layiq bir obraz idi.


Dizlərdə ağrı, ürəkdə yanğı – “Turac”ının təkrarsız ifası
“Vağzalı” “Turacı”, “Tərəkəmə”, “Naz eləmə”, “İnnabı” və digər rəqslərin, həmçinin xarici rəqslərin mahir ifaçısı, həmçinin “Leyli və Məcnun”, “Arşın mal alan”, “O olmasın, bu olsun” və başqa əsərlərdə də rəqslərə quruluş verib. Amma onun bütün rəqslərinin tacı sanki “Turacı” rəqsi idi. Rəqs zamanı dizləri zədələnməsin deyə, bağlamaq lazım idi. Əminə xanım isə qəsdən bağlamırdı ki, zədələnsin və ağrı hissi ilə rəqsi ifa etsin. O, beləcə bütün ömrünü Azərbaycan mədəniyyətinin, rəqsinin inkişafına həsr edərək yaşadı.


Xanım Aydın