Nəşr edilmişdir 06/02/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Bir Şahzadə, bir soy: Bəhmən Mirzə Qacar və tarix yazan övladları

Bəhmən Mirzə Qacar, Qacarlar, Qacarlar dövləti

İkinci yazı

Səkkiz general, iyirmi üç polkovnik atası – Bəhmən Mirzə Qacar

Bəhmən Mirzə Qovanlı – Qacarın digər bir nəvəsi polkovnik Rzaqulu Mirzə Qovanlı – Qacar da Qacarların əzəmətini, məğrurluğunu özündə yaşadıb. Rus Ordusunun polkovniki kimi şöhrət qazanıb. Şura hökumətini, Lenin inqilabını qəbul etməyən polkovnik Rzaqulu Mirzə Qovanlı – Qacar 1917-ci il inqilabı zamanı imperatriça Aleksandra Fyodorovnanı mühafizə edib. Çar II Nikolay həbs edilərkən, daha doğrusu ailəsi ilə birlikdə həbs edilərkən polkivnik Rzaqulu Mirzə Qovanlı – Qacar onların mühafizəçisi kimi ölümü gözə alıb. Bütün dəhşətlərə, bolşeviklərin saray hücumuna baxmayaraq o özünə mühafizə dəhlizi açıb, xilası üçün Amerika Birləşmiş Ştatlarına gəlib. Pəhləvilərə savaş açan polkovnik Rzaqulu Mirzə Qovanlı – Qacar Qacarlar dövlətindən onlara miras qalan Avropadakı bank hesablarına əl qoyub.

Bu onun soyu, soykökü, şəcərə dəftəri qarşısında tarixi xidmətlərindən idi. Çar Rusiyasının çökməsindən istifadə edən ABŞ, İngiltərə, Fransa və Avropanın digər dövlətləri Qacarlar sülaləsini devirərək Pəhləviləri iqtidara gətirmişdi. Bu, Azərbaycanın tarixi torpaqlarında fars rejiminin, siyasətinin intişarına təkan vermişdi. Təbrizin paytaxt statusunun ləğvi, dövlət idarəçilik sistemindən türklərin sıxışdırılıb çıxarılması, farsların mövqeyinin möhkəmlənməsi ilə nəticələnmişdir.

Bəhmən Mirzə Qacar, Qacarlar, Qacarlar dövləti

Bəhmən Mirzə Qacarın 4 varisi Cümhuriyyət qurucularının sırasında yer aldı

Bəhmən Mirzə Qovanlı – Qacarın qeyd etdiyimiz kimi 19 banusundan, 63 övlad dünyaya gəlmişdi. Generallar Səməd bəy Mehmandarovun və Əliağa Şıxlinskinin rəhbərliyii ilə Milli Ordu qurulanda onun inkişafına xüsusi töhfələr verən bir polkovnik də var idi ki, adı gələndə onun rəşadəti ancaq 1918-ci il soyqırımları zamanı erməni daşnaklarına Zəngəzurda, Naxçıvanda, Borçalıda qan udduran, Qanlıdərədə Andranikin qulağını kəsib günahsız türk-müsəlmanların qisasını erməni daşnaklarından alan Laçınlı Sultan bəy Sultanovla və Naxçıvan Müdafiə Komitəsinin sədri Mirzə Nəsrulla bəy Əmirovla müqayisə etmək olar. O, Fətəli şah Qacarın kötücəsi, Abbas Mirzə Qacarın nəticəsi, Bəhmən Mirzə Qacarın nəvəsi Sədrəddin Mirzə Qovanlı – Qacardı. Azərbaycan Xalq Cümhuriyyətinin nüfuzlu paşalarından olan Sədrəddin Mirzə Qovanlı – Qacar 1920-ci ildə bolşeviklərin, Qızıl Ordunun Azərbaycanı işğal etməsindən sonra Arxangelsk şəhərinə sürgün edilərək islah-əmək kaloniyasında, sürgün düşərgəsində güllələnib.

Qacarlar sülaləsinin müdhiş sonunu ecazkar səsinin sehrində səhnəyə gətirən, “Segah”ı ilə qəlblərin nisgil, kədər dünyasına dönən, Azərbaycan unudulmaz sənətkarı, muğamların və xalq mahnılarının əvəzsiz ifaçılarından biri, xalq artisti Sürəyya Qacar atası Rzaqulu Mirzə Qovanlı – Qacarın da, babası Bəhmən Mirzə Qacarın da ruhunu cisminə geyib dağılan xanədanın, törəsi pozulan şəcərəsinin laylasını çağırıb, duasını tutub. Sürəyya Qacar “Apardı sellər Saranı” xalq mahnısını başqa biçimdə ifa edərdi. Yanıqlı-yanıqlı oxuyardı. Könlünün çırpıntısı, qəlbinin səsi, bütün varlığı, ruhu, duyğuları ilə oxuyardı. Ağa Məhəmməd şah Qacardan, böyük babasından sonra törəsi pozulan Qacarlar səltənətini sellər, yellər, daha doğrusu Şimaldan əsən qara yellər aparmışdı… Onun səhnəyə gəlişi, dik duruşu, kimsəyə bənzəməyən ifası, ən əsası Sürəyya Qacar imzası, künyəsi, Azərbaycanın sinəsinə “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” dağı çəkən imperiyalara bir mesaj idi. Ondan Qacarların məğrur, əyilməz, cəsarətli, igid ərənlərinin, sərkərdələrinin iyi, ətri gəlirdi. Onun “Qara gilə”si də fərqli idi. “Sil, gözünün yaşını, ağlama bəsdi, ay Qaragilə” deyirdi. Onda Səttərxanın, Xiyabaninin, Pişəvərinin, Rübabə Muradovanın havası, “Ya azad ol, ya tamam yan” nidası ilə “Heydər Babaya salam” göndərən Şəhriyarın davası vardı.

Bəhmən Mirzə Qacar, Qacarlar, Qacarlar dövləti

Bəhmən Mirzə Qacar 63 övladından hər birinə ali təhsil vermişdi

Bəhmən Mirzə Qacarın Çar Rusiyasında xüsusi nüfuza malik olan oğullarının qeyd etdiyimiz kimi 8-i general rütbəsinə qədər yüksəlmişdi. Tarixi mənbələrə, Bəhmən Mirzənin özünün şəcərə dəftərinə istinad edərək qeyd edə bilərik ki, “Bəhmən Mirzə Mələk sultan xanım Məmmədtağı Mirzə qızı Qacarla, Püstə xanım (Afərin) xanımla, Bərdə xanım Qurban qızı və Xəndan xanımla rəsmi şəkildə, digərləri iləsə imam nikahı ilə evlənmişdir. Tarixi mənbələrə, arxiv sənədlərinə istinad edərək onu da qeyd edə bilərik ki, Bəhmən Mirzə Qovanlı-Qacar 19 banudan dünyaya gələn 63 övladının hər birinə ali təhsil vermiş, hər birinin nigah məsələsinə xüsusi nəzarət etmiş, əsilzadə, zadəgan ucalığını, şah titulunu və sülaləsinin genetik kodlarını qorumuşdur. 31 oğlunun, 32 qızının xüsusi nüfuz və imtiyaz sahibi kimi yetişib formalaşması üçün saraydan kənar saray qanunları ilə yaşamışdır. Generallar Əmir Kazım Mirzə Qovanlı – Qacarın, Məhəmmədəli Mirzə Qovanlı – Qacarın, Mahmud Mirzə Qocanlı – Qacarın, Əmənulla Mirzə Qovanlı – Qacarın, Xosrov Mirzə Qovanlı – Qacarın, Seyfulla Mirzə Qovanlı – Qacarın, Nüsrət Mirzə Qovanlı – Qacarın, Əbdülsəməd Mirzə Qovanlı – Qacarın, Rzaqulu Mirzə Qovanlı – Qacarın, Seyfülmülk Mirzə Qovanlı – Qacarın, Xaqan Mirzə Qovanlı – Qacarın, Əliqulu Mirzə Qovanlı – Qacarın, Heydərqulu Mirzə Qovanlı – Qacarın, Keyqubad Mirzə Qovanlı – Qacarın, Sədrəddin Mirzə Qovanlı – Qacarın, Şahrux Mirzə Qovanlı – Qacarın, Xanbaba xan Mirzə Qovanlı – Qacarın, Ənüşirəvan Mirzə Qovanlı – Qacarın, Cəlaləddin Mirzə Qovanlı – Qacarın, Məmmədqulu Mirzə Qovanlı – Qacarın, Allahverdi Mirzə Qovanlı – Qacarın, Əbdürrəhim Mirzə Qovanlı – Qacarın, Elxan Mirzə Qovanlı – Qacarın, Sultan Məhəmməd Mirzə Qovanlı – Qacarın, Qaflan Mirzə Qovanlı – Qacarın, Sahibsimran Mirzə Qovanlı – Qacarın, Hüseynqulu Mirzə Qovanlı – Qacarın, Ərdəşir Mirzə Qovanlı – Qacarın, Elxan Mirzə Qovanlı – Qacarın, Tofiq Mirzə Qovanlı – Qacarın general və polkovnik kimi yetişməsi üçün bütün imkanlarını səfərbər edən feldmarşal Abbas Mirzə Qovanlı – Qacar oğlu Bəhmən Mirzə Qovanlı – Qacar Qacarlar dövlətinə məxsus ənənələri, Vətən və səltənət sevgisini Şuşa qalasında, Qarabağda, Çar Rusiyasında davam etdirmiş, tarixçi alim, yazıçı kimi qələmə aldığı kitablarda, general və polkovnik oğullarının süngüsündə yaşatmışdır.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dövrünü qabaqlayan din xadimlərinin açıqlamaları

Ən son

GÜNDƏM

Qadın orqanizmində “daş körpə” necə yaranır

GÜNDƏM

Qadın orqanizmində “daş körpə” necə yaranır