Bir ağac təsəvvür edin ki, yazda budaqları çəhrayı, ağ və bənövşəyi rənglərin bütün çalarları ilə çiçək açır, yayda isə onun budaqlarında şaftalı, ərik, gavalı, albalı və hətta badam yetişir. Bu nə sehrdir belə? Bu, “Qırx meyvəli ağac”dır, Sirakuz Universitetinin professoru Sem van Eykenin yaratdığı canlı incəsənət əsəri.
Qədim bağçılıq ənənələrindən və müxtəlifliyin estetik gözəlliyindən ilham alan bu sənətçi 2008-ci ildə tərk edilmiş bir meyvə bağını alaraq layihəyə başladı. Beş il ərzində o, eyni cinsə – Prunusa aid olan müxtəlif çəyirdəkli meyvə ağaclarından onlarla budağı bir gövdəyə peyvənd etdi. Nəticədə təkcə unikal bir ekosistem deyil, həm də botanika ilə incəsənətin əsl simfoniyası yarandı.
Bu gün “Qırx meyvəli ağac” təkcə universitet kampusu yaxınlığında yox, ABŞ-nin on beş müxtəlif şəhərində də yaşayır. O, bizə xatırladır ki, təbiət və insan bir araya gəldikdə, əgər bu işə yaradıcılıq, səbirlə və sevgi ilə yanaşsaq, möcüzələr yaratmaq mümkündür.
Əbülfəz Babazadə