Təsəvvür edin: elə bir maddə var ki, insan beynində buz kimi təravət hissi yaradır… amma əslində heç bir temperatur dəyişikliyi baş vermir!
Söhbət mentoldan gedir — nanənin tərkibində olan təbii bir komponentdən. Bu maddə bədənimizdə soyuqluğa cavabdeh olan reseptorları “aktivləşdirə” bilir.
Baki-baku.az yazır ki, mentol TRPM8 adlı termoreseptoru işə salır — məhz bu reseptor soyuq küləyə, buz parçasına və ya sərin suya bədənimizin reaksiyasını təmin edir.
Mentol ya dəriyə çəkildikdə, ya da qida ilə qəbul edildikdə hüceyrə səviyyəsində soyuqluq hissini imitasiya edir. Bu, sadəcə illüziya deyil — bu, beyin tərəfindən fakt kimi qəbul edilən biokimyəvi soyuqluq simulyasiyasıdır.
TRPM8 reseptoru beyini sərinliklə “aldadarkən”, TRPV1 adlı digər reseptor tam əksinə işləyir: bu reseptor 43 °C-dən yuxarı temperaturda və ya acı bibərin tərkibindəki kapsaisin adlı maddə ilə təmasda aktivləşir. Beləliklə, orqanizmimiz əslində hisslər dünyasında yaşayır — burada istilik yalnız dərəcələrlə deyil, molekulyar “aldadıcılarla” da müəyyən olunur.