Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/12/2025

Paylaşın

TARİXİMİZ

Beşbarmaq dağı — Xızırın izinə, sirrin dərinliyinə doğru

Beşbarmaq dağı

Xəzərin sahilində, Siyəzənin sərt küləkləri ilə sınağa çəkilən bir dağ var — ucalığı elə bil səmaya uzanmış beş barmaq kimidir. El arasında ona Beşbarmaq deyirlər. Bəziləri isə Xızır-Zində, yəni “Diri Xızırın dağı” adlandırır. Hər iki ad da bu qayalı məkanın həm zahiri, həm də mənəvi simasını tam ifadə edir.

Əfsanə ilə elmin qovuşduğu zirvə

Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində yazırdı ki, “Quranda adı çəkilən Məcməül-bəhreyn – iki dənizin qovuşduğu yer Şirvan vilayətindədir. Musa və Xızır peyğəmbərlərin qayası da oradadır”. Tədqiqatçılar bu “qaya”nın məhz Beşbarmaq dağı olduğunu ehtimal edirlər.

Xalq inancına görə, Xızır peyğəmbər bir zamanlar bu dağın zirvəsində “dirilik suyu” içərək ölümsüzlüyə qovuşub. “Zində” sözü də elə “sağ, diri” mənasındadır. Bu səbəbdən, min illərdir insanlar buraya niyyət tutmaq, dua etmək, ruhən təmizlənmək üçün gəlirlər.

Bu gün də Beşbarmaq ziyarətgahına qalxan ziyarətçilər “Xıdırzində piri”nin ağ daş divarlarını, daşla hörülmüş qədim ocaqları, tək-tək qalmış quru ağacların kölgəsində yandırılmış qurban ocaqlarını görə bilirlər. Qışda bu yollar sürüşkən, yazda palçıqlı, yayda isə tozlu olur – amma heç bir çətinlik insanları bu qeyri-adi məkana gəlməkdən saxlaya bilmir.

Adın sirri: barmaqmı, qardaşmı, qala divarımı?

Beşbarmaq adının mənşəyi ilə bağlı bir neçə maraqlı izah var.

Ən çox qəbul edilən versiyaya görə, dağ beş barmağı xatırladan beş çılpaq zirvədən ibarətdir. Amma bəzi alimlər “barmaq” sözünün qədim türkcədə “şiş təpə”, “uc” mənasında işlədildiyini bildirirlər. Başqa bir xalq rəvayətinə görə isə “Beşbarmaq” əslində “Başbarmaq”dan yaranıb, yəni “böyük qardaş”. Bu anlayış dağın ətrafında yerləşən “Üçtəpə” və dənizdəki “Musa qayası” ilə birlikdə bir ailə simvolu yaratdığını göstərir: üç qardaş, dördüncü dənizdə, beşinci – ən böyüyü isə quruda.

Hətta 1375-ci il Kataloniya xəritəsində bu dağ “Barmaq”, alman səyyahı Adam Olearinin 1636-cı ildə çəkdiyi xəritədə isə “Barmax” kimi qeyd olunmuşdur. Oleari burada gördüyü qədim karvansara, qala xarabalıqları və dərin daş quyulardan heyranlıqla bəhs edir. Onun yazdığına görə, dağ bir vaxtlar həm dəniz sahilini, həm də karvan yolunu qoruyan güclü istehkam imiş.

Beşbarmaq dağı

Dağın elmi sirri

Beşbarmaq yalnız mif və tarixlə deyil, həm də geologiya ilə danışan bir dağdır.

O, karbonat tərkibli dolomit və əhəngdaşlarından ibarətdir, yəni sanki dəniz dibindən qalxmış daşlaşmış bir dalğadır. Zirvəsindəki formalar tektonik hərəkətlərin təsiri ilə yaranıb. Dəniz səviyyəsindən 445 metr yüksəklikdə olan bu “qaya barmaqları” üzərində karst tipli oyuqlar, kiçik mağaralar var.

Bəzi tədqiqatçılar bu dağın səthində qədim Xəzər səviyyələrinin izlərini tapıblar. Yəni bura həm geoloqlar, həm də arxeoloqlar üçün açıq hava muzeyidir.

Tarix səddinin qoruyucusu

Alban tarixçisi Moisey Kalankatlı yazır ki, Sasani hökmdarı II Yezdəgird (V əsr) köçəri hücumlarının qarşısını almaq üçün Beşbarmaq boyunca müdafiə səddi çəkdirmişdi. Arxeoloqların tapıntıları da bunu təsdiqləyir: dağın ətəyində qədim qala və karvansara qalıqları bu gün də aydın görünür.

XV-XVII əsrlərə aid karvansara daşları, quyular və qala divarlarının izləri bir daha sübut edir ki, Beşbarmaq həm ticarət yollarının qoruyucusu, həm də sığınacaq yeri olub.

Müasir dövrdə Beşbarmaq

2001-ci ildə bu ərazi UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Maddi-Mədəni İrs Siyahısına daxil edilib. 2020-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılıb.

Bu addım həm ərazinin təbiətinin, həm də mədəni-dini irsinin qorunmasına xidmət edir. Bu gün burada arxeoloji tədqiqatlar aparılır, ekoturizm marşrutları hazırlanır, ziyarətçilər üçün bələdçilər təlim alır.

Təbiət, tarix, yaddaş…

Beşbarmaq dağına baxanda, sanki tarix boyu insan əlinin, inancının və təbiətin birgə yaratdığı bir heykəl görürsən. Burada Xızırın əfsanəsi, İsgəndərin qalası, karvan yollarının nəfəsi, təbii qüvvələrin izləri bir nöqtədə toqquşur. Bu dağ həm Azərbaycanın maddi mədəniyyətinin, həm də ruhani yaddaşının simvollarından biridir.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin