Göyçayın qırmızı incisi
Azərbaycanın meyvə sərvətləri içərisində nar bəlkə də ən möhtəşəm simvoldur. Qan rəngində, həyat enerjisi dolu bu meyvə əsrlərdir xalqımızın mətbəxində, ədəbiyyatında və inancında özünə yer tutub.
Amma narın bir sirri də var – nardança. Adını çoxları eşitməsə də, dadan bir daha unuda bilmir. Bu ləzzət Göyçay mətbəxinin qürurudur, döşəməli plovdan tutmuş ət yeməklərinə qədər bir çox süfrələrin göz bəzəyidir.
Nar dənəsindən doğan möcüzə
Nardançanın hazırlanması özü bir mərasim kimidir. Ən dadlısı üçün Vələs və Gülövşə sortundan olan, tam yetişmiş və şirəli narlardan istifadə edilir.
Əvvəlcə narlar dənələnir, təmiz sudan keçirilir və süzgəcdə qurumağa qoyulur. Daha sonra 4 kiloqram nar dənəsinə istənilən dad səviyyəsinə görə 1-2 kiloqram şəkər tozu əlavə edilir. Qarışıq bir saat saxlanılır ki, narın təbii suyu üzə çıxsın. Bəzən bir stəkan su əlavə olunur, amma ən ləzzətli nardança narın öz suyunda bişən nardançadır.
Ocaq üzərində yavaş-yavaş qızdırılan qarışıq bir neçə dəfə istidən götürülür, dənələrin əzilməməsinə diqqət edilir. Nəticədə yaranan parlaq qırmızı rəngli, turşməzə və ətirli sous – nardança – həm görkəmi, həm də dadı ilə cənnət meyvəsinin ruhunu yaşadır.
Nardança və nardaşa – dad fərqi
Şəkidə bu ləzzətə “nardaşa” deyirlər. Amma ad bənzəsə də, dad eyni deyil. Şəki nardaşası daha şirin, nardança isə turşməzə və dərin ətirli olur. El arasında deyirlər ki, nardança qış yeməyi sayılır, çünki həm həzm prosesinə kömək edir, həm də orqanizmi möhkəmləndirir.
Nardançanın klassik versiyasının resepti:
Tərkibi:
3 kq soğan
5 kq nar
700 qram duru yağ
3 xörək qaşığı şəkər tozu
1 xörək qaşığı duz
Hazırlanma qaydası:
Soğan soyulub nazik doğranır, duru yağda qapaqla örtülmüş şəkildə bişirilir. Rəngi dəyişdikdən sonra nar dənələri əlavə olunur, amma bu dəfə qapaq qoyulmur – çünki buxar narı sulandırar.
Qarışıq “yağa düşənə qədər” bişirilir. Üzərinə duz və şəkər tozu əlavə edilir, bir neçə dəqiqə daha qovrulur və hazır sous plov, balıq və ət yeməklərinin yanında süfrəyə verilir.
Artıq qalan nardança soyuducuda 1 ilədək saxlanıla bilər – dadını və rəngini itirmədən.
Qeyd edək ki, bəzən nardançanı soğansız da edirlər.
Milli mətbəximizin turş ləzzəti
Azərbaycan mətbəxi daha çox yağlı yeməklərlə zəngindir. Məhz buna görə də xalqımız əsrlər boyu turş souslar, ədviyyatlar, otlar və göyərtilərlə bu yağlılığı balanslaşdırmağı öyrənib.
Nardança da həmin tarazlığın bir parçasıdır – həm yağlı ətləri yüngülləşdirir, həm damağa zərif turşluq bəxş edir, həm də həzm sistemini rahatlaşdırır.
Nardançanın simvolik mənası
Nar bolluğun, bərəkətin, sevginin və həyatın rəmzidir. Nardança isə sanki bu rəmzin mətbəxdəki təcəssümüdür — narın həyat enerjisi, Günəşin istisi və torpağın bərəkəti bir qazana toplanır.
Bir qaşıq nardança həm qədim ənənələrin dadıdır, həm də təbiətin möcüzəsinin müasir süfrədə yaşamasıdır.