Bayram süfrəsinin bəzəyi olan qoz, badam, fındıq və digər çərəzlər orqanizm üçün vacib olan vitamin, mineral və antioksidantlarla zəngindir.
Baki-baku.az Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə istinadla xəbər verir ki, zəngin tərkib sayəsində çərəzlər immuniteti möhkəmləndirir, həzm sisteminin fəaliyyətini dəstəkləyir, zehni aktivliyi artırır və qaraciyərin normal funksiyasına müsbət təsir göstərir. Gün ərzində bir ovuc çərəz yemək bədəni ehtiyac duyduğu bir çox faydalı maddələrlə təmin edir.
Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində çərəz istehlakının artdığını nəzərə alaraq vətəndaşlara müraciət edib. Bildirilib ki, həddindən artıq istehlak artıq çəki, piylənmə, həzm pozğunluğu və allergik reaksiyalara səbəb ola bilər. Buna görə də ölçüyə diqqət etmək, gündəlik normanı aşmamaq vacibdir.
Çərəzlərin faydasını maksimum qorumaq üçün onları qovrulmamış və ya az miqdarda, yüngül qovrulmuş halda istehlak etmək daha məqsədəuyğundur. Çünki yüksək temperatur onların vitamin və minerallarını azaldır.
Çərəz alarkən görünüşünə, rənginə, formasına və qoxusuna diqqət edilməlidir. Qablaşdırılmış məhsulun isə mütləq istehsal və son istifadə tarixi yoxlanılmalıdır. Düzgün şəraitdə saxlanılmayan çərəzlərdə zərərli maddələr – aflatoksinlər yarana bilər. Kif bəzən pambıqvari və ya rəngli ləkələr şəklində görünsə də, məhsulun dərin qatlarına qədər yayılır. Bu səbəbdən kifli hissəni kəsib istifadə etmək təhlükəlidir.
İstehlak etməzdən əvvəl çərəzləri yumaq tövsiyə olunur. Açıq şəkildə satılan məhsulların toz və yad maddələrlə çirklənməsi mümkündür. Onları sərin, quru və qaranlıq mühitdə saxlamaq dadı və faydalı xüsusiyyətlərini qorumağa kömək edir.