Çoxlarımız istirahət günlərini, bayram tətillərini açıq havada, təbiətlə daha yaxın, ekoloji cəhətdən sağlamlığa töhfə verəcək məkanlarda keçirmək istəyirik. Bəs paytaxtda gediləcək 5 belə əsas məkan hansılardır?
Baki-baku.az həmin məkanları təqdim edir:
Mərkəzi Nəbatat Bağı. Tətil günləri gediləcək təbiətsevərlər üçün ən maraqlı məkanlardan biri yenilənmiş Mərkəzi Nəbatat Bağıdır. Ailələrin, gənclərin və turistlərin bir araya gəldiyi bu məkan, insanların təbiətlə vəhdətdə asudə vaxt keçirmələri üçün ideal seçimdir. Burada yaradılmış istirahət zonaları və uşaq meydançaları gələnlərdə xoş təəssürat yaradır, nadir bitkilər və müasir memarlıq elementləri isə foto çəkilişləri üçün unikal imkan təqdim edir.

Bakı Zooloji Parkı. Tətil günlərini səmərəli keçirmək üçün gediləcək məkanlardan biri də Bakı Zooloji Parkıdır. 2019-cu ilin fevralında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə zooloji parkda əsaslı yenidənqurma işləri başlayıb və park yenilənib. 7 oktyabr 2021-ci ildə baş tutan açılışda Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Yenidənqurma işlərindən sonra zooparkın ərazisi 2,25 hektardan 4,25 hektara çatdırılıb.
Tarixən Zoopark Bakı əhlinin sevimli gəzinti yerlərindən olub. Elə indi də insanlar bura böyük həvəslə gəlir, asudə vaxtlarından səmərəli istifadə edirlər. Parka təkcə yerli sakinlərin yox, həmçinin turistlərin axını da müşahidə olunur.
Parkın ərazisində bir çox heyvan və quşlar var. Onlar üçün yaradılan şərait təbiətin özünə ekvivalentlik təşkil edir. İnsan sanki şəhərdən bir addım atmaqla zooparkın qapısından təbiətə keçir və təbiətlə tam bir vəhdət təşkil edir. Çünki burada yaradılan süni dağ, şəlalə və göllər, həmçinin salınan yaşıllıq zolağı insanı, həqiqətən də, şəhər mühitindən bir anın içindəcə təbiət – dağ, meşə, cəngəllik mühitinə aparır.

“Nizami Gəncəvi” parkı. “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkı da istirahət üçün gedilməli əsas məkanlardan biridir. Bakının Xətai rayonunda 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və turistlərin səmərəli istirahəti üçün hər cür şərait var.
Qeyd edək ki, parkın ərazisində bir və iki mərtəbəli inzibati binalar mövcuddur, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi var. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları, uşaq əyləncə kompleksi də bbura gələnlərin xoş zaman keçirməsinə imkan yaradır. Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib ki, bu da fotosevərlərin əsas məkanlarındandır. Parkın ərazisində minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri də xoş atmosfer yaradır.

“Antena” parkı. Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan park sizlərin asudə vaxtınızı səmərəli keçirməniz üçün gözəl imkanlar təqdim edir. Bu ərazi genişləndirilmədən sonra 19 hektara çatdırılıb. Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və binada bərpa işləri aparılıb.
Yeni parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün gözəl şərait var. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunub. Həmçinin burada fəvvarə də quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.
Müasir istirahət kompleksinin ərazisinin 14 hektarında yaşıllıq sahələri var ki, bu da istirahətə gələnlər üçün təbiətlə vəhdətdə olmağa imkan verir. Burada işıqlandırma sistemi ən müasir standartlara uyğun şəkildədir. Parkda piyada və velosiped yolları, uşaq-əyləncə və açıq hava şəraitində müasir məşq qurğuları ilə təchiz edilmiş idman meydançaları var ki, bu da sağlam həyat tərzini seçənlərin ideal məkanıdır.
Yeni parkın bir özəlliyi də buranı yaxınlıqdakı “Dədə Qorqud” parkı ilə əlaqələndirən yeraltı keçidin olmasıdır. Bu da sakinlərin təhlükəsiz və rahat hərəkətinə şərait yaradır.

“Çəmbərəkənd” parkı. Artıq bir çoxlarının sevimli məkanına çevrilən “Çəmbərəkənd” parkı sizin də istirahət üçün seçəcəyiniz ideal məkanlardandır biridir. Parkda 1200 metr uzunluğunda piyada yolları, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait mövcuddur. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü, şəhər mənzərəli iki terras, müasir standartlara cavab verən fəvvarə, iaşə obyekti var. Həmçinin burada müasir idman və uşaq əyləncə qurğuları da parkı sevimli məkanlardan birinə çevirir.
