Azərbaycanın qədim yaşayış məkanlarını gəzərkən qarşına çıxan hər bir tikili bir tarix danışır. Bəziləri illərin tozu ilə susur, bəziləri isə təzədən nəfəs alıb yenidən dirçəlir. Basqal hamamı da məhz belələrindəndir — Niyaldağ silsiləsinin ətəyində, İsmayıllının məşhur Basqal kəndində əsrlərin içindən boylanan bir milli miras.
Azərbaycan xalqının həyatında hamamlar təmizlik məkanı kimi əvəzedilməz olub. Amma bununla yanaşı hamam həm də bədənin rahatlığı, ruhun dincliyi, insanların bir-biri ilə ünsiyyət qurduğu müqəddəs bir məkan kimi qiymətləndirilib. Hamama gələn insan təkcə çirkdən yox, qayğılardan da arınardı. Burada söhbətlər qurular, anlaşmalar edilər, qohumluqlar möhkəmlənərdi. Bu mədəniyyət əsrlər boyu hər kəndin, hər obanın ayrılmaz hissəsi olub. Elə Basqal hamamı da bu mənəvi xəzinənin qiymətli nümunəsidir.


Yarısı torpağın altında, yarısı gün işığında – Şərq memarlığının bənzərsiz nizamı
XVI–XVII əsrlərə aid edilən Basqal hamamı kəndin mərkəzində, Kələküçə məhəlləsində yerləşir. Onun memarlıq quruluşu klassik Şərq hamamlarına xas olan müdrikliyə söykənir: tikilinin bir hissəsi yer səviyyəsindən aşağıda, digər hissəsi isə yuxarıdadır. Bu üsul hamamı yayda sərin, qışda isti saxlayan təbii “iqlim tənzimləyicisi” rolunu oynayıb. Hamamın daxili quruluşu da öz dövrünün incə zövqünü əks etdirir: giriş otağı, soyunma yeri, hamam otağı, ocaqxana və mərkəzi su hovuzu.
Divar və döşəmələr boyunca gizlənmiş keramika borular vasitəsilə həm su qızdırılır, həm də döşəmənin altı isti hava ilə təmin edilirdi. Döşəmə daş plitələrlə örtülmüş, tağlar və qübbələr isə müxtəlif formalı ornamentlərlə zənginləşdirilib. Sütunların dəqiq simmetriyası həmin dövrün memarlıq düşüncəsinin nə qədər irəli getdiyini göstərir.
1990-cı ilə qədər fəaliyyət göstərən bu hamam, uzun illər boyu Basqal camaatının gündəlik həyatının ayrılmaz hissəsi olub.


Daşların dilə gəldiyi məkan: Bərpa və yenidən doğuluş
Zamanın sərtliyi bir çox qədim abidələrin izlərini itirsə də, Basqal hamamı tale olaraq yenidən dirçəlişə qovuşdu. Dövlət Turizm Agentliyinin sifarişi ilə 2021-ci ildə aparılan bərpa işləri hamamın memarlıq ruhunu qorumaqla birlikdə ona ikinci həyat bəxş etdi. Tarixi materiallar və arxiv sənədlərinin əsasında həyata keçirilən bu layihə orta əsr hamamlarının iş prinsiplərini olduğu kimi nümayiş etdirməyə imkan verdi.
Bu gün Basqal hamamı artıq təkcə bir memarlıq abidəsi deyil, həm də “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu daxilində real bir mədəni yaddaş ocağıdır. Burada ziyarətçilər sanki zaman tunelindən keçərək qədim insanların nəfəslərinə, vərdişlərinə, gündəlik həyat ritminə qovuşur.


Hamamdan muzeyə: keçmişin ab-havası ilə üz-üzə
Hazırda hamamın daxilində fəaliyyət göstərən kiçik, lakin son dərəcə maraqlı muzey orta əsrlər Azərbaycanının hamam mədəniyyətini canlı şəkildə təqdim edir. Burada: hamam ayinlərinə aid qədim əşyalar, kişilərin və qadınların hamama hazırlıq ləvazimatları, kəlağayılar, taxta çəlləklər, mis qablar, çiməklik aksesuarları və daha bir çox tarixi artefakt nümayiş olunur.
Muzey yalnız qədim əşyalar zallarının cəmində ibarət deyil. Bu məkan insanlara bir zamanlar Basqalda yaşayanların həyat ritmini hiss etdirmək, onların hamam mədəniyyətini görmək və Azərbaycan tarixinin gündəlik məişət qatını yaşamaq imkanı yaradır.
Bu səbəbdəndir ki, Basqal hamamına daxil olan hər bir ziyarətçi özünü bir anda yüz illər əvvələ səyahətə çıxmış kimi hiss edir.



Milli dəyər, xalqın yaddaşı
Azərbaycanda hamamlar hər zaman gigiyenik tikililərdən çox, milli dəyərlərin daşıyıcısı olub. Bu mədəniyyət nəsildən-nəslə ötürülən, insanları bir araya gətirən, həm bədəni, həm ruhu təmizləyən bir ənənədir. Basqal hamamı isə bu böyük xəzinənin parlaq incilərindən biridir.
Bu gün dövlət tərəfindən mühafizə olunan (inv. 4466) Basqal hamamı həm memarlıq baxımından, həm də milli-mədəni mənsubiyyətin göstəricisi kimi böyük əhəmiyyət daşıyır. O, Azərbaycan xalqının əsrlər boyunca formalaşdırdığı yaşayış tərzinin, sosial münasibətlərinin və estetik düşüncəsinin canlı izidir. Buraya gələn hər kəs həm də öz köklərinə qayıdır, keçmişini xatırlayır, milli ruhun o qədim sirlərinə toxunur.

Xanım Aydın