Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/21/2026

Paylaşın

GÜNDƏM

Baş direktor: İstismar müddəti 25 ili keçmiş liftlərin əvəz olunması mərhələli şəkildə həyata keçirilir

WhatsApp Image 2026-03-21 at 16.22.23

“Bayram günlərində liftlərin fasiləsiz texniki xidmətinin həyata keçirilməsi təşkil ediləcək”.

Bunu Baki-baku.az -a müsahibəsində “Lifftəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov bildirib.

– “Lifftəmir” İstehsalat Birliyi haqqında ümumi məlumat verərdiniz, zəhmət olmasa.

-Bakı şəhər İcra Hakimiyyətinin xidmət dairəsində olan, Dövlət Mənzil Fonduna aid binalarda quraşdırılmış liftlərin texniki xidməti və təmiri bu sahədə ixtisaslaşdırılmış “Lifftəmir” İstehsalat Birliyi tərəfindən həyata keçirilir. Hazırda Birliyin balansında 5416 lift mövcuddur. Onlar müxtəlif ölçüdə olmaqla hamısı sərnişin daşımaq üçün nəzərdə tutulub.

Paytaxtın lift təsərrüfatının hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-İdarənin balansında olan 5416 liftin böyük qismi son illər ərzində müasir texnologiyalarla çalışan liftlərlə əvəz olunub. Son illər ərzində istismar müddəti bitmiş 1354 ədəd liftin yerinə yeniləri quraşdırılıb. Bundan əvvəlki dövrlərdə də köhnə liftlərin yeniləri ilə əvəzlənməsi olub.

– Liftlərin texniki vəziyyətinə nəzarət necə təşkil olunub?

-Bu haqda onu deyə bilərəm ki, FHN ilə əməkdaşlıq edərək mütəmadi olaraq idarənin balansında olan liftlərin hər ay təxminən 150-300 ədədinə texniki baxış keçirilir. Onların istismara yararlılıq səviyyəsi müəyyən edilir və müvafiq aktlar tərtib olunur. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, daimi olaraq işləməyən, dayanan liftlər yoxdur. İdarənin balansında olan bütün liftlər işlək vəziyyətdədir və sakinlərə xidmət göstərir. Gün ərzində müraciətlər daxil olur ki, hansısa ünvanda liftdə nasazlıq yaranıb və təmir briqadaları dərhal onların fəaliyyətini bərpa etmək üçün əraziyə yollanır. Misal üçün qeyd edim ki, dünən 58 müraciət olub, həmin liftlərin hər biri təmir edilərək yenidən sakinlərin istifadəsinə verilib.

– İdarəyə daxil olan müraciətlər barədə məlumat verərdiniz, zəhmət olmasa.

-Xidmət göstərdiyimiz liftlərin böyük əksəriyyəti tam yeni və müasir liftlər olduğundan müraciətlərin əksər hissəsi xırda təmir işləri ilə bağlı olur. Bir məqamı qeyd edim ki, biz liftlərin təmiri zamanı sakinlərdən heç bir rüsum və ya ödəniş almırıq, görülən işlər tam olaraq dövlət vəsaiti hesabına həyata keçirilir. Liftlərin təmiri üçün xüsusi mexaniki sexlərimiz var ki, həmin sexlərdə ustalarımız yaranmış nasazlıqların hamısını aradan qaldırır. Liftin nasazlıqları arasında təmir olunması ən çox zaman tələb edən iş sıradan çıxmış mühərrikin bərpasıdır ki, ustalarımız maksimum 1-2 gün ərzində onun da öhdəsindən gəlir. Bayram günlərində liftlərə fasiləsiz texniki dəstəyin göstərilməsi üçün xeyli ehtiyat hissələri tədarük olunub və hər hansı bir liftin təmirində heç bir çətinliklə üzləşməyəcəyik. Hazır mühərriklər və onların ehtiyat hissələri, qapı mexanizmləri və sair hissələr bu qəbildəndir. Növbətçi briqadalar fəaliyyət göstərəcək və mexaniklər operativ şəkildə təmir işlərini görəcəklər.

– Müasir liftlərin üstünlükləri barədə danışaq…

-Liftlər müasir və yeni liftlərdir ki, onların arasında alman istehsalı, həmçinin yerli istehsal olan liftlər yer alır. Yeni liftlər dispetçer xidmətinə qoşulub və 24 saat nəzarət olunur. Lift dayanan zaman idarənin dispetçer xidmətinə siqnal daxil olur. Bu da təmir işlərinin tez bir zamanda həyata keçirilməsinə zəmin yaradıır.

– İstismar müddəti 25 ili keçən liftlərin yeniləri ilə əvəz olunması barədə nə deyə bilərsiniz?

-Qeyd edim ki, Prezident İlham Əliyevin göstərişlərinə əsasən atılan addımlar çərçivəsində lift təsərrüfatında dövlət proqramı həyata keçirilir, genişmiqyaslı işlər görülür. İstismar müddəti başa çatmış liftlərin yeniləri ilə əvəz olunması üçün ayrılan maddi vəsaitə uyğun olaraq maksimum tez bir zamanda və mərhələli şəkildə işlərin başa çatdırılması üçün çalışırıq. Bu gün idarəyə daxil olan müraciətlərin də demək olar ki, 90 faizi bununla əlaqəlidir və sakinlərin ən çox verdiyi sual yeni liftlərin nə vaxt quraşdırılacağı ilə bağlıdır.

– Yuxarıda qeyd etdiyiniz liftlərin bir qismi təcili surətdə dəyişməlidir. Bu haqda fikirləriniz…

-Haqqında danışdığım liftlərin ilk növbədə 300-ə yaxını dəyişiləcək. Ayrılacaq maddi vəsaitə uyğun olaraq bu rəqəm arta da bilər. Bir daha qeyd edim ki, görülən işlər dövlət vəsaiti hesabına həyata keçirilir. Əhalidən yığılan rüsum isə mənzildə yaşayan hər sakin üçün adambaşına aylıq 20 qəpikdən hesablanır və bu zaman mərtəbə nəzərə alınmır.

– Bayram günlərində işin təşkilinə qayıdaq. Sakinlərə xidmət necə təşkil olunacaq?

-Bayram günlərində sakinlərin müraciətlərinə əvvəlki qaydada və operativ baxılacaq. Növbəli iş rejimində fəaliyyət göstərəcəyik, dispetçer xidməti daim nəzarət edəcək. Şəhər üzrə 12 rayonu əhatə edən 5 idarəmiz mövcuddur və hər birinin öz ərazisi var. Müraciətlərin daxil olduğu ünvanlardan asılı olaraq həmin idarələr reaksiya verəcək. Liftlərin sıradan çıxmasına ən çox səbəb olan amillərdən biri elektrik enerjisinin verilməsi zamanı gərginliyin artıb – azalması ilə bağlı olur. Həmçinin vətəndaşların liftlərdən düzgün istifadə etməməsi də onların dayanmasına səbəb olur. Bəzən sakinlər liftin yükqaldırma gücünü nəzərə almadan müxtəlif irihəcmli yükləri daşıyır. Bu da şübhəsiz ki, liftin xarab olması ilə nəticələnir. Sakinlərdən xahiş edirəm ki, istifadə etdikləri liftləri maksimum şəkildə qorusunlar, çünki hər hansı bir şəxsin diqqətsizliyi və yaxud məsuliyyətsizliyi səbəbindən xarab olan liftin təmirinə sərf olunan vaxt ərzində həm öz ailə üzvləri, həmçinin qonşu mənzillərdə yaşayan sakinlər üçün narahatlıq yaranır. Dəfələrlə özümüz şahidi olmuşuq ki liftin düymələrini tez-tez sıxanlar elə düşünür ki, bununla lift daha da sürətlənir. Nəzərə almaq lazımdır ki, liftlərin həm qalxma və enmə, həmçinin qapılarının bağlanması proqramlaşdırılıb. Buna görə də liftin kabinəsindəki düymələrin tez-tez sıxılması lifti sürətləndirmir, əksinə düymələrin tez sıradan çıxmasına səbəb olur. Liftin qapılarının uzun müddət açıq saxlanılması da mühərrikin sıradan çıxmasına gətirib çıxarır. Bütün bunları nəzərə alaraq sakinlərin liftlərdən istifadəsi zamanı istismar qaydalarına riayət etməsi mütləqdir.

– Yaxın illərdə görüləcək işlər barədə danışaq…

-Balansımızda olan və istismar müddəti 25 ili keçmiş liftlərin yeniləri ilə əvəz olunması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunub və təsdiqlənib ki, bu işlər mərhələli şəkildə həyata keçirilməlidir. Bundan əlavə yeni liftlərin az bir hissəsinin dispetçer xidmətinə qoşulması istiqamətində son tamamlanma işləri görülür. Yeni alınan liftlərin daha keyfiyyətli və nisbətən ucuz olmasına çalışırıq ki, nəticədə daha çox yeni lift quraşdıra bilək.

– Bayram günlərində paytaxt sakinlərinin və qonaqların istirahət etdiyi əsas məkanlandan biri də Bakı Funikulyorudur. Onun fəaliyyətində fasilələrin yaranmaması üçün görülən işlərdən danışaq…

-Funikulyorun texniki servisinin həyata keçirilməsi də növbəli şəkildə təşkil olunub. Bayram günlərində, istirahət və ya qeyri-iş günlərində adi günlərdə olduğu kimi mexaniklər, ustalar iş başında olur, istənilən nasazlıq tərəfimizdən aradan qaldırılır. Bayram günləri Bakı Funikulyoru tam gücü ilə əhaliyə xidmət göstərəcək. Sadəcə olaraq bir məqamı qeyd edim ki, artıq uzun illərdir təsdiq olunmuş qaydaya əsasən, hər həftənin bazar ertəsi Funikulyorun bütün hissələrinə texniki baxış keçirilir, sazlama işləri görülür. Bu da dünya praktikasında qəbul olunub, çünki həm liftlər həm də funikulyor təhlükəlilik baxımından birinci kateqoriyaya aiddir.

Son olaraq onu vurğulamaq istərdim ki, gündəlik olaraq liftlərin vəziyyətinə dair müraciətlər diqqət mərkəzində saxlanılır, sakinlərin istifadəsində olan liftlərin fasiləsiz işinin təşkili üçün lazım olan bütün addımlar atılır.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.

Ən son

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin