Dünyada elə şəhərlər var ki, onların tarixi müharibə və inqilabların xronikasını özündə ehtiva edir, digərlərinin keçmişi isə insan taleləri, memarlıq irsi və mənəvi-dini dəyərlər kontekstində formalaşıb. Bakı məhz ikinci kateqoriyaya aid şəhərlərdən biridir. Bu şəhərin siması təkcə neft sənayesinin, sərmayə axınının və sənayeləşmənin təsiri ilə deyil, şəhərin yerləşdiyi sivilizasiya qovşağında əsrlər boyunca yanaşı yaşamış müxtəlif mədəniyyətlərin, dinlərin və mənəvi ənənələrin qarşılıqlı təsiri nəticəsində yaranıb. Bu şəhərdə minarələr günbəzlərlə, Şərqin fəlsəfi baxışı Avropanın memarlıq zövqü ilə, praktik işgüzar həyatla insan ruhunun axtarışları vəhdət təşkil edir.
Baki-baku.az xatırladır ki, XIX əsrin sonu – XX əsrin əvvəlləri Bakı üçün sürətli inkişaf dövrü olub. Rusiya imperiyasının neft paytaxtı statusunu daşıyan şəhərimiz imperiyanın ən müxtəlif bölgələrindən mühəndisləri, fəhlələri, sahibkarları, alimləri və din xadimlərini özünə cəlb edirdi. Bu şəhərdə qazma qurğuları, dəmir yolu xətləri və fəhlə qəsəbələri ilə yanaşı, məktəblər, xəstəxanalar, teatrlar və ibadət məkanları da inşa olunurdu. Bakı şəhəri sənaye inkişafı ilə əhalinin mənəvi tələbatlarının vəhdəti üzərində formalaşan dinamik sosial-mədəni sistem kimi inkişaf edirdi.
Balaxanı-Sabunçu-Ramanı yatağı ətrafında formalaşan neft sənayesi rayonunda dinamik şəkildə fəaliyyət göstərən mədənlərdə minlərlə pravoslav işçi çalışırdı və onların mənəvi tələbatı xüsusi əhəmiyyət kəsb edirdi. Məhz sözügedən ərazidə Bakının ən gözəl pravoslav məbədlərindən biri – Müqəddəs Misirli Makarinin şərəfinə ucaldılmış kilsə inşa edilmişdi. Kilsənin taleyi isə bütöv bir dövr üçün həm faciəvi, həm də rəmzi xarakter daşıyırdı.
Neft mədənləri yaxınlığında pravoslav kilsəsinin yaradılması təşəbbüsü ilk dəfə rəsmi şəkildə 1892-ci ildə irəli sürüldü. Prosesin ləngiməsinin başlıca səbəbi uzun müddət münasib torpaq sahəsinin tapılmaması oldu. Bununla belə, 1894-cü ildə “Kaspi” qəzeti həmin dövrün ruhuna uyğun arqumentlər dərc edirdi: “Kilsə pravoslav əhalini nəzarətsiz ehtiraslardan çəkindirən əsas stimullardan biri kimi çıxış edir və zəhmətkeş insanların meyxanada sərf edəcəyi bir neçə saatı onlardan alaraq dualar etməyə yönəldir.”
Kilsənin inşası ideyası hakimiyyət strukturları tərəfindən dəstəkləndi. 1895-ci ildə kənd təsərrüfatı və dövlət əmlakı naziri Yermolov Balaxanıya səfəri zamanı kilsə üçün torpaq sahəsinin ayrılmasının vacibliyini bildirdi. Yekun qərar isə 1897-ci ildə qəbul olundu: Sabunçu ərazisindəki xəzinə torpaqlarında yerləşən 326 nömrəli sahə kilsənin tikintisi üçün ayrıldı və bir şərt irəli sürüldü ki, həmin ərazidə məhz məbəd inşa edilsin.

1898-ci ildə Bakı qubernatoru Vladimir Roggenin göstərişi ilə Tikinti Komitəsi təsis edildi. Komitə üzvləri arasında mühəndislər, memarlar, iri neft şirkətlərinin nümayəndələri – o cümlədən Nobel qardaşları Cəmiyyəti, Xəzər-Qara dəniz Cəmiyyəti və Bakı Neft Cəmiyyəti, həmçinin ruhanilər yer alırdı. Layihənin hazırlanması quberniya memarı Daniil Buynova həvalə edilmişdi. Məbəd Tomişko və Kosyakovun memarlıq layihələrinə əsaslanaraq, klassik Bizans üslubunda tikilməli idi. Tikilinin xaçla birlikdə ümumi hündürlüyü 18 sajen, yəni 38 metrdən artıq idi. Kilsənin müqəddəs himayədarı kimi dağ-mədən işçiləri arasında xüsusi ehtiram qazanan Müqəddəs Misirli Makari seçilmiş, onun anım günü – 19 yanvar – istifadəyə veriləcək kilsənin əsas bayram günü kimi müəyyən olundu.

1898-ci il 11 oktyabr tarixində Gürcüstanın möhtərəm ekzarxı, ali dərəcəli ruhani Flavian Balaxanıya səfər etdi. Həmçinin qubernator Rogge, vitse-qubernator Lileyyev, məhkəmə, prokurorluq, maliyyə və dağ-mədən idarələrinin nümayəndələri də xüsusi qatarla səfərə qatılmışdılar. Tikilinin bünövrəsinə xatirə yazısı həkk olunmuş mis lövhə və 1898-ci ilə aid sikkələr yerləşdirildi. Kilsənin təməlqoyma mərasiminə şəxsən memar Buynov rəhbərlik etmişdi.
Kilsənin daşdan inşasının ən azı dörd il davam edəcəyini nəzərə alan komitə müvəqqəti olaraq taxta məbədin tikilməsi barədə qərar qəbul etdi. 1899-cu il fevralın 14-də isə Balaxanı mədənlərində ilk dəfə olaraq kilsə zənglərinin səsi eşidildi. Məbəddə keşiş Simon Liadze və məzmurçu (Allaha dualar edən, müqəddəs mahnılar və ya müqəddəslərə həsr olunmuş məzmurları ifa edən şəxs) Dmitri Kazanski xidmət göstərirdilər. Bu ibadət yeri minlərlə işçi üçün əhəmiyyətli mənəvi mərkəzə çevrildi.

1899-cu ilin aprel ayına qədər kilsənin yeni smetası (70 620 rubl məbləğində) təsdiq edildi. Tikintinin ümumi dəyəri nəticə etibarilə 108 545 rublu ötmüşdü və bu məbləğin 60 faizi Bakı Neft Sənayeçiləri Qurultayı Şurası tərəfindən maliyyələşdirilmişdi. Tikinti işlərində Daşkəsən və Uzunqala ərazisindən gətirilmiş daşlardan istifadə olunmuşdu. İkonostas (kilsənin altar hissəsini ayıran arakəsmə) Kutaisidən gətirilmiş ağ, boz və qırmızı rəngli mərmərdən hazırlanmışdı. Mozaika və relyef-bəzək işləri məşhur Anton Franzi emalatxanası tərəfindən yerinə yetirilib. Məbədin divar rəsmlərinin müəllifləri isə Muхin qardaşları idi. Aleksandr Muхin Moskvada əsas ikonaları — Xilaskarın, Müqəddəs Məryəmin, Müqəddəs Misirli Makarinin təsvirlərini, həmçinin Çar qapılarını və Müjdəçilərin obrazlarını işləmişdir. Kilsənin xaçı 1902-ci ilin mart ayında günbəzin üzərinə qaldırıldı, 1904-cü ilin yanvarında isə məbəd Gürcüstanın ekzarxı tərəfindən təntənəli şəkildə təşkil edilən dini mərasim çərçivəsində müqəddəs elan olundu.

“Kaspi” qəzeti o dövrdə yazırdı: “Məbədin genişliyi, peşəkar şəkildə təşkil olunmuş xor və nizamlı dini ayinlər əmək fəaliyyətindən sonra işçilərin psixoloji-mənəvi rahatlamasına imkan verirdi.” 1904-cü ildə erkən liturgiyaların (dini ayinlərin) keçirilməsi məqsədilə ruhanilərin ikinci ştatı təsis edildi. Kilsə ətrafında abadlıq işlərinə başlanıldı və 1912-ci ildə daş hasarın inşasına start verildi. Beləliklə, məbəd yalnız dini funksiyanı yerinə yetirən məkan kimi deyil, eyni zamanda neft sənayesinin hökm sürdüyü Bakı mühitində mənəvi dəyərlərin rəmzinə çevrildi.

Kilsənin tarixçəsi uzunömürlü olmadı. 1930-cu ildə məbəd bağlandı, 1933-cü ildə isə tamamilə dağıdıldı. Vaxtilə möhtəşəmliyi ilə göz oxşayan tikilidən yalnız bir ibadətgahın qalığı qorunub saxlanılmışdı, sovet dövründə həmin binada Fioletov adına kitabxana yerləşdirildi. Kilsənin yerində isə sonradan yaşıllıq ərazi salındı. Daşlar, mozaikalar, ikonalar və kilsəyə aid bütün maddi-mədəni irs nümunələri yoxa çıxarıldı.


Vaxtilə Müqəddəs Misirli Makarinin adına inşa edilmiş məbədi hazırda yalnız arxiv fotoları, qəzet materialları və tarixi tədqiqatlarda görə bilirik. Onun tarixçəsinə nəzər salanda görürük ki, sadəcə dağıdılmış bir binanın hekayəsindən ibarət deyil. Balaxanı kilsəsinin tarixçəsi neft dövründə dini inanclar, fəhlələrin mənəvi ehtiyacları, sahibkarların səxavəti, Bizans memarlıq ənənələrinin Bakı mühitində təzahürü və XX əsr mədəni irsinin bir hissəsinin məhv edilməsi haqda dastandır.
Məbəd faktiki olaraq məhv edilsə də, onun xatirəsi şəhərin yaddaşına əbədiyyən həkk oldu.
Hacı Cavadov