Nəşr edilmişdir 06/13/2025

Paylaşın

GÜNDƏM

Bakıya niyə “qəhrəman şəhər” adı verilmədi?

Bakı və II Dünya Müharibəsinin kölgəsində qalan haqq

II Dünya Müharibəsi — XX əsrin ən qanlı və faciəvi savaşlarından biri — milyonlarla insanın həyatına son qoydu, şəhərləri dağıtdı, xalqların taleyini dəyişdi. Sovet İttifaqının bu müharibədə qələbə qazanmasında əsas rollardan birini Azərbaycan, xüsusilə də onun ürəyi sayılan Bakı oynadı. Amma bir sual hələ də vicdanlarda səssiz, lakin kəskin şəkildə qalır: Bakıya niyə “qəhrəman şəhər” adı verilmədi?

Bakı – Müharibənin yanacaq mərkəzi

Müharibə dövründə “qələbəni tank yox, neft qazanır” ifadəsi təsadüfən yaranmamışdı. Faşist Almaniyasının 1941-ci ildən etibarən əsas hədəflərindən biri Bakı neftini ələ keçirmək idi. Qafqaza hücum etməyi və Bakı neft yataqlarını nəzarətə götürməyi planlaşdırırdı. Çünki sovet ordusunun yanacaq ehtiyacının 80%-dən çoxu Bakı nefti ilə təmin olunurdu. Bu neftsiz nə tanklar hərəkət edə bilərdi, nə də təyyarələr uça bilərdi.
Bakı işğal edilmədi, lakin savaşın ön cəbhəsində olmayan bu şəhər arxa cəbhədə görünməyən, amma həyati əhəmiyyətli savaş aparırdı. Gecə-gündüz çalışan neftçilər, zavod işçiləri, mühəndislər, minlərlə qadın və uşaq – hamısı düşmənə qarşı mübarizədə səfərbər olmuşdu.

Azərbaycan xalqının fədakarlığı

Bakı cəbhədən uzaq olsa da, Azərbaycan xalqı birbaşa müharibənin içində idi. Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Amma xalq olaraq bu xidmətin qarşılığı Bakı üçün rəsmi bir status şəklində verilmədi.

Qəhrəman şəhər adı kimlərə verildi?

Sovet İttifaqı “qəhrəman şəhər” adını əsasən faşistlərə qarşı birbaşa müqavimət göstərmiş, işğala məruz qalmış və ağır döyüşlər aparmış şəhərlərə verirdi. Məsələn, Moskva, Leninqrad, Sevastopol, Odessa və b. şəhərlər bu adı aldı. Əlbəttə, onların qəhrəmanlığı danılmazdır. Amma qələbənin arxasında duran Bakı bu siyahıda yox idi.

Bakı bu adı niyə almadı?

Sual haqlıdır. Cavab bir neçə səviyyədə izah edilə bilər:
Rəsmi meyarlar dar çərçivədə idi – Sovet rəhbərliyi qəhrəmanlıq anlayışını yalnız döyüş meydanında göstərilən hərbi müqavimətlə məhdudlaşdırırdı. Halbuki, Bakı istehsal qəhrəmanlığı göstərmişdi – bu isə rəsmi qəhrəmanlıq meyarlarına daxil edilmədi. Milli respublikalara qarşı mərkəzi diskriminasiya – SSRİ-də rus və slavyan şəhərlərinə daha çox önəm verilir, Azərbaycan kimi milli respublikaların mərkəzləri kölgədə qalırdı. Moskva rəhbərliyi Bakıya bu adı verməklə onun simvolik statusunu yüksəltmək istəmirdi.
Siyasi motivlər – Bakı kimi zəngin, strateji və milli ruhlu şəhərə qəhrəman statusu verilməsi, onu SSRİ-nin digər milli şəhərləri üçün də nümunəyə çevirə bilərdi. Bu isə Moskva üçün narahatlıq doğururdu.

Hanı bəs ədalət?

Bakı həqiqətən qəhrəman şəhər idi – sadəcə o, neft buruqlarında, zavod sexlərində, arxa cəbhədə döyüşürdü.
Bəlkə də biz öz tariximizi özümüz tanıtmalı, öz qəhrəmanlarımızı özümüz adlandırmalıyıq. Qəhrəmanlıq sadəcə divarlarda yazılan adlarla yox, xalqın qəlbində yaşamalıdır. Bakı bu baxımdan çoxdan öz qəhrəmanlığını sübut edib.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda son zəng tədbirləri başlayıb.

Ən son