Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/01/2025

Paylaşın

GÜNDƏM

“Bakı”nın Zemfirası – Mətbuat Şurasından REPORTAJ

Zemfira Məhərrəmli

Mətbuat Şurasının binasına daxil olanda zalda xüsusi bir həyəcan hiss olunurdu. Sakit, amma qürurlu bir ab-hava, sanki hər kəs uzun illərini sözün, qələmin yolunda keçirən bir qələm sahibinin yubileyinə gəlməyin məsuliyyətini daşıyırdı. Bu gün burada təkcə yubiley yox, həm də üç yeni kitabın təqdimatı keçirilirdi: Zemfira Məhərrəmlinin “Arabadakı adam” roman və pyeslər toplusu, “Qələm sirdaşım oldu” yubiley kitabı və müəllifin həyat yoluna qısa, emosional bir baxış təqdim edən videoçarx. Biz də Şərəf Cəlilli və mən Xanım Aydın Zemfira xanımı – ömrünün 25 ilini “Bakı” və “Baku” qəzetində böyük sevgi və şövqlə çalışan Zemfira xanımı təbrik etməyə getmişdik. Axı biz də bu gün həmin qəzetin modern forması – “Baki-baku.az” elektron qəzetini yaşadanlardanıq.

Əvvəlcə videoçarx təqdim olundu, o, bitəndə zaldakı alqışlar sanki Zemfira xanımın 70 illik yolunu bir anlığa təkrar yaşatdı.

Tədbiri Mətbuat Şurasının sədri Rəşad Məcid açdı. “Bu gün mənalı ömrünü jurnalistikaya və söz sənətinə bağlamış həmkarımızın əlamətdar günüdür”, – deyə o, çıxışına başladı. Ardınca sanki bir zaman xətti boyunca bizi illər əvvələ aparıb Zemfira Məhərrəmlinin jurnalistikaya ilk addımlarından danışdı: BDU-nun jurnalistika fakültəsi, 1978-ci ildə “Bakı” və “Baku” qəzetlərində müxbirlik, ustad Nəsir İmanquliyevin məktəbi…

Rəşad Məcidin danışdıqlarından aydın görünürdü ki, Zemfira Məhərrəmli təkcə yazmır, həm də bu peşəyə bütün varlığı ilə xidmət edib. Xüsusən də onun cəbhə bölgələrindən hazırladığı reportajlar xatırladıqca zaldakı bir çoxlarının sifətində həm nostalji, həm də qürur ifadələri sezilirdi. “O yazılar fədakar əməyin, qaynar nöqtələrə səfərlərin məhsulu idi”, – deyən Şura sədri bir anlıq sanki həmin dövrün qorxu, ümid və ağrı dolu atmosferini canlandırdı.

Ardıcıl təqdim edilən kitab adları, illər, mükafatlar – hər biri bu ömrün daş-daş üstündə ucaldılmış bir zəhmət abidəsi olduğunu göstərirdi.

Zalda çıxış edənlərin sayı çox olsa da, hər biri eyni fikri səsləndirdi: Zemfira Məhərrəmli yalnız jurnalist deyil, həm də bütöv bir şəxsiyyətdir — həssas, prinsipial, qayğıkeş, insanlara işıqlı münasibət bəsləyən bir qələm sahibi.

Professor Qulu Məhərrəmlinin çıxışı isə daha çox səmimi bir dost baxışını xatırladırdı. O, Zemfira xanımı həm peşəkar həmkar, həm də ailə dəyərlərinə sadiq bir insan olaraq xarakterizə edirdi. “Onun məsuliyyət hissi həmişə seçilib”, – deyə professor vurğuladı.

Sonra ardınca bir-bir çıxış edən veteran jurnalistlər, şairlər, publisistlər, redaktorlar sanki eyni portretin müxtəlif tərəflərini işıqlandırırdılar. Onların danışdıqları xatirələr, kiçik epizodlar, illər əvvəl baş vermiş hadisələr zalı səmimi bir ədəbi salona çevirirdi. Şəninə deyilən bütün gözəl və səmimi sözlərin fonunda onun üzündəki təvazökar təbəssüm diqqətdən yayınmırdı.

“Bakı” və “Baku” qəzetləri – “Baki-baku.az” saytı adından Şərəf Cəlilli çıxış edərək Zemfira xanımla bağlı xatirələrini, ən xoş arzularını çatdırdı.

Tədbirin ən emosional anlarından biri isə Rəşad Məcidin Mətbuat Şurasının diplomunu təqdim etməsi oldu. Ardınca Milli Məclis adından Əkbər Qoşalının təqdim etdiyi təbrik məktubu da zala əlavə bir rəsmi zəriflik gətirdi.

Sonda söz yenidən Zemfira Məhərrəmliyə verildi. O, kürsüyə qalxarkən zal susdu. Yubilyarın özü isə hamıya doğma bir ünsiyyətlə, həyəcanla danışdı. “Bu sözlər mənə yeni yaradıcılıq enerjisi verdi”, – deyə o, təşəkkürünü bildirdi. Sanki həmin an onun bütün yaradıcılığı yenidən cücərən bir ağac kimi göz önündə canlandı.

Tədbir bitəndə zaldan çıxan hər kəsin üzündə eyni ifadə vardı: Zemfira Məhərrəmlinin 70 illik ömrü Azərbaycan jurnalistikasının, eyni zamanda da ədəbiyyatının yaddaşında silinməz izdir.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ölkə ərazisində dekabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ən son

GÜNDƏM

Zemfira Məhərrəmlinin “Arabadakı adam” roman və pyeslər toplusu, “Qələm sirdaşım oldu” yubiley kitabı və müəllifin

GÜNDƏM

Zemfira Məhərrəmlinin “Arabadakı adam” roman və pyeslər toplusu, “Qələm sirdaşım oldu” yubiley kitabı və müəllifin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin